MALİYYƏ

Rusiyadan Azərbaycana ani pul köçürmələri servisi işə salınıb

“Sberbank”ın ani pul köçürmələri onlayn servisi işə başlayıb.

Rusiyanın “Sberbank” bankı yaxın xarici ölkələrə, o cümlədən Azərbaycana ani pul köçürmələri servisini tətbiq etməyə başlayıb. İndi bu bankın kartından köçürməni alan şəxsin mobil telefon nömrəsi və adını göstərməklə pul köçürmək mümkün olacaq. Bank əməliyyatı “Sberbank onlayn” əlavəsindən həyata keçirilir. Köçürülən vəsaiti nağd şəkildə “Western Union” pul köçürmələri xidmətinin istənilən məntəqəsindən almaq olar.

İlkin mərhələdə sistem Azərbaycan, Belarus, Gürcüstan, Monqolustan, Tacikistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Moldova və Özbəkistanda işləyəcək. Hələlik ani pul köçürülməsi sistemi “Android” platformasında işləyən smartfonlarda mümkündür. Tezliklə xidmət “IOS” platformasında da tətbiq olunacaq.

“Sberbank” kartından pul köçürmək üçün bankın onlayn əlavəsində “Xaricə pul köçürmələri” (“Переводы за рубеж”) bəndini seçib köçürmənin göndəriləcəyi ölkəni, vəsaiti alacaq şəxsin adını, atasının adını və soyadını və mobil nömrəsini göstərmək kifayətdir. Bundan sonra vəsaiti göndərənin və alanın mobil telefonuna “Western Union”da həyata keçirilən əməliyyatın 10 rəqəmli nömrəsi gəlir. Bu nömrəni və şəxsiyyət vəsiqəsini təqdim etməklə pul köçürməsini almaq mümkündür. Köçürmənin məbləği 100 rubldan 100 min rubladək və ya bu məbləğə uyğun digər valyutada ola bilər. Köçürməyə görə bir faiz komissiya pul vəsaiti göndərən şəxsdən tutulur.

“Sberbank”ın vitse-prezidenti İqor Mamontov yeni sistemin tətbiqini göstərilən ölkələrə pul köçürmələrinə tələbatın artması ilə izah edir.

Rusiya Mərkəzi Bankının hesablamalarına görə, ötən il bu ölkələrə fiziki şəxslər tərəfindən pul köçürmələri 5,1 faiz artaraq 12,3 milyard dollara çatıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)