Sosial iqtisadiyyat

Əlillərə qulluq edənlərin Prezident təqaüdü necə veriləcək? - NAZİRLİKDƏN AÇIQLAMA

Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli sərəncamı ilə aprelin 1-dən sosial müavinət və təqaüdlər 100 faiz artırılmaqla yanaşı, yeni təqaüd növlərinin təsis edilməsi də nəzərdə tutulub.


Sərəncama əsasən, I qrup əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib. Bəs bu təqaüdlərin ödənişi necə aparılacaq və təyin olunması üçün hansı sənədlər tələb ediləcək?


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirlib ki, hazırda bununla bağlı müvafiq icra mexanizmi hazırlanır. 

“Sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlərə təyin olunan təqaüdün onlara ödənilən sosial müavinətlə birgə ödənilməsi, bunun üçün hər hansı bir sənədin tələb olunmaması nəzərdə tutulur.

I qrup əlilliyi olan şəxslərə qulluğa görə təqaüd isə qulluq edən şəxsin özünə ödənəcək. Hazırlanmış ilkin layihədə qulluq edənin müəyyən edilməsi üçün tələb olunan sənədlərə qulluq edənin şəxsiyyət vəsiqəsi, müvafiq yerli icra hakimiyyəti orqanının vətəndaşın I qrup əlilliyi olan şəxsə qulluq göstərməsinə dair arayışı və  Dövlət Sosial Müdafiə Fondunun yerli bölməsinə ərizəsi daxildir”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)