"BakuCard" satışa çıxarıldı – QİYMƏTLƏR
"Dövlət Turizm Agentliyi Bakıya səyahət edən turistlər üçün nəzərədə tutulan “Bakı Kart”ın (“BakuCard”) təqdimatını keçirəcək. Kart onlara nəqliyyatdan və istirahət mərkəzlərindən pulsuz istifadə etmək hüququ verəcək.
"Businessinsider.az" xəbər verir ki, “BakuCard” yeni və innovativ məhsul olaraq kart sahiblərinə Bakı şəhərində ictimai nəqliyyatdan və hava limanından şəhərə və əksinə transfer xidmətini həyata keçirən “Baku City Aero Express” avtobuslarından ödənişsiz istifadə imkanı tanıyır. Həmçinin, kart sahibləri Bakı şəhəri üzrə turistik yerlərə gəzintilər həyata keçirən “Baku City Tour” avtobuslarına biletləri 50% endirimlə əldə edə biləcəklər.
Eyni zamanda, kart vasitəsilə 20-dən çox muzey və istirahət mərkəzlərinə pulsuz və ya endirimli giriş, 200-dən çox pərakəndə satış mağazasında və ticarət mərkəzində, müxtəlif restoran və kafelərdə endirimlər, salamlama içkiləri və ödənişsiz məhsullardan faydalanmaq mümkündür.
“BakuCard” ın etibarlılıq müddəti ödənilən məbləğlərdən asılı olaraq dəyişir. 24 saatlıq istifadə müddəti olan kartı əldə etmək üçün 24 manat, 72 saatlıq 45 manat, 1 həftəlik kartlar isə 70 manat tələb olunur. Kartların satışı Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, turizm informasiya mərkəzləri, müxtəlif hotellər, turizm agentlikləri və kiosklarla yanaşı, onlayn olaraq www.bakucard.az saytı vasitəsilə həyata keçirilir. Artıq Hava Limanında və Bakı Turizm İnformasiya Mərkəzində “BakuCard” ın satışına başlanılıb. Digər məntəqələrdə isə yaxın günlərdə satışa çıxarılacaq.
Turistlərin qənaət edərək vaxtlarını daha səmərəli keçirmələrinə şərait yaradan “BakuCard” kartları geniş funksional imkanlar tanıyaraq Bakı şəhərinin beynəlxalq turizm məkanı kimi cazibəsini daha da artıraraq inkişaf edən turizm şəhəri olmasına töhfə verəcək.