Sosial iqtisadiyyat

Taksilərin vergiyə cəlb olunmasında hansı çətinliklər yaranır?

"Bakıya gəldiyim ilk gündən Azərbaycanın milli yeməklərini dadmaq istədim. Oteldən çıxıb yaxınlıqdakı restoranlardan birində şam etməyi qərara aldım. Üstümdə nağd milli valyuta yox idi. Taksi sürücüsünə yaxınlaşıb məni restorana aparmasını xahiş etdim, o da razılaşdı. Lakin ödənişi kartla ödəyəcəyimi biləndə sürücü xidmətdən imtina etdi. Məlum oldu ki, nağdsız ödəniş üçün taksidə heç bir qurğu, vasitə yoxdur".

Bu sözləri "Visa Inc.” beynəlxalq kart təşkilatının "Visa School of Public Policy" (VSPP) institutunun baş direktoru Məcid Hucair jurnalistlərlə görüşündə səsləndirib. Əlavə edib ki, belə bir şəraitdə hər üç tərəf – xidməti alan, xidməti verən və dövlət büdcəsi bundan itirir. Əgər həmin vaxt taksidə POS-terminal və ya digər mobil ödəniş vasitələri olsaydı, müştəri rahat şəkildə istədiyi xidməti, sürücü isə öz haqqını alar, əldə etdiyi vəsaitdən vergi ödəyərdi.

Qeyd edək ki, bəzi taksi şirkətlərinin göstərdikləri xidmətlərin haqqını bank kartları ilə ödəmək mümkündür. Bu zaman sərnişinlər vəsaiti şirkətin hesabına ödəyirlər. Onların vergiyə cəlb edilməsi qaydaları fərqlidir. Öz şəxsi avtomobili ilə taksi xidməti göstərən sürücülər isə Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən, sadələşdirilmiş verginin ödəyicisi hesab olunurlar.

Mövzunu şərh edən iqtisadçı Rövşən Ağayev bildirib ki, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və ya həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər üçün verginin məbləği də müəyyən edilib: "Taksi ilə sərnişin daşınması xidmətinə görə fiziki şəxslərə 1 nəqliyyat vasitəsi üçün aylıq 9 manat məbləğ müəyyən edilib. Fəaliyyət göstərdiyi regiondan asılı olaraq, həmin məbləğə əmsallar da əlavə edilir. Məcəllənin 220.6.1-ci maddəsinə görə, Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında işləyən taksilər üçün sadələşdirilmiş verginin məbləği hesablanarkən aylıq məbləğə 2 əmsalı əlavə olunur. Başqa sözlə, həmin şəxslər ayda 18 manat sabit vergi ödəyərək "Fərqlənmə nişanı" alıb fəaliyyət göstərirlər. Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında əmsal 1,5, digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında isə 1-dir".

Araşdırmalar göstərir ki, taksi fəaliyyəti ilə məşğul olan şəxslərin və onların avtomobillərinin qeydiyyatında ciddi boşluqlar mövcuddur. Bu da onların işini tənzimləməyə və vergiyə cəlb olunmasına əngəl yaradır. Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli paytaxtda taksi sayının yuxarı həddinin müəyyən olunduğunu desə də, bu rəqəmi açıqlamayıb. Qeyd edib ki, ümumilikdə 28 min taksi qeydiyyatdan keçib, amma onlardan "Fərqlənmə nişanı" alanların sayı 5-6 mini keçmir. O, qalan taksilərin fəaliyyətinin qanunsuz olduğunu qeyd edib.

Rövşən Ağayev bildirib ki, Vergi Məcəlləsinin 156-cı maddəsinə əsasən, qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər. Bu taksi xidmətlərinə aiddir: "Məcəllənin 156.1-1-ci maddəsində göstərilib ki, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən və müəyyən tələblərə cavab verən şəxslər bu maddə ilə müəyyən edilmiş hüquqdan istifadə edə bilərlər".

Yeri gəlmişkən, ticarət və xidmət sektorlarında ödənilən əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması ilə bağlı Vergi Məcəlləsinə mühüm dəyişikliklər edilib. Yeniliyə görə, alış-veriş zamanı, eləcə də gündəlik istifadə etdiyimiz xidmət sektorlarında nağd ödənilən ƏDV-nın 10 faizi, nağdsız qaydada ödənildiksə isə 15 faizi geri qaytarılacaq. Bunun üçün həmin obyektlərdə onlayn kassaların quraşdırılması nəzərdə tutulub. Həmin qurğular həm nağd ödənişləri, həm də kartlar və mobil tətbiqlər vasitəsilə ödənilən məbləğləri qeydə alacaq və geri qaytarılacaq məbləği onlayn qaydada hesablayacaq. Bu vasitələr taksilərdə də qurulmalıdır ki, vətəndaşlar tətbiq edilən güzəştlərdən yararlana bilsinlər...

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)