Azərbaycanda lazer hamarlama texnologiyasının tətbiqinə yeni subsidiya veriləcək
Aqrar Subsidiya Şurasının qərarı ilə Azərbaycanda torpaq və su resurslarından daha səmərəli istifadə etmək məqsədilə lazer hamarlama texnologiyasından istifadə edən fermerlərə daha artıq subsidiya tətbiq ediləcək.
ENA.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bütün suvarılan ərazilərdə bir parseldə azı 5 hektar buğda əkinindən əvvəl sahədə lazer hamarlama tətbiqinin ilk ilində əkin subsidiyası 250 AZN/ha artırılaraq ödəniləcək. Pambıqçılıq rayonlarında azı 5 hektar pambıq əkinindən əvvəl lazer hamarlama tətbiqinin ilk ilində məhsul subsidiyası 50 AZN/ton artırılaraq ödəniləcək.
Lazer hamarlama aparılan sahələr EKTİS-də bəyan ediləcək, sahənin monitorinqində rəqəmsal və süni intellekt həllərindən istifadə olunacaq.

















