İnşaat və əmlak

Sənədsiz evlərlə bağlı yaxın vaxtda hansı yeniliklər gözlənilir? – Xidmət rəisi açıqladı

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev APA İnformasiya Agentliyinə və “Xəzər” televiziya kanalına müsahibə verib. Xidmət rəisi müsahibədə, əsasən, dövlət əmlakının özəlləşdirilməsi, sənədsiz fərdi yaşayış evləri və mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi, torpaq bazarı və qiymətləndirmə məsələləri, işğaldan azad edilmiş ərazilərdə əmlak, torpaq və qeydiyyat məsələləri və digər məsələlər barədə danışıb.

Dövlət əmlakının qorunub saxlanmasına, onun düzgün və səmərəli istifadə olunmasına çalışırıq

“Xəzər” TV: Çoxları elə düşünür ki, ölkədə əmlak, bina, mənzil və torpaqla bağlı demək olar ki, hər şey Əmlak Komitəsinin işidir. Biz bunu vətəndaşların müraciətlərində də görürük. Bu yanlış təsəvvürü aradan qaldırmaq üçün ilk olaraq aydınlaşdıraq: Əmlak Məsələləri Dövlət Xidməti konkret hansı sahələri əhatə edir, Xidmətin missiyası və prioritetləri nədən ibarətdir?

– İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsas missiyası və funksiyaları Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş Əsasnamədə müəyyən olunub. Əmlak və torpaq münasibətlərinin tənzimlənməsi sahəsində Dövlət siyasətini həyata keçirən müvafiq İcra Hakimiyyəti orqanı statusundayıq. Bizim əsas fəaliyyət istiqamətlərimiz dövlət əmlakının səmərəli idarəolunması, onun icarəyə verilməsi, özəlləşdirilməsi, həmçinin torpaq fondunun uçotu, torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların istifadəsinə nəzarətin həyata keçirilməsi, bununla paralel olaraq daşınmaz əmlakın dövlət reyestri, kadastrı və ünvan reyestri formatı sistemləri vasitəsilə müvafiq fəaliyyətlərin həyata keçirilməsidir. Qeyd etdiyiniz kimi insanları ən çox maraqlandıran mövzu daşınmaz əmlak mövzusudur. İqtisadiyyat Nazirliyinin həyata keçirdiyi siyasət çərçivəsində bizim Xidmətin əsas funksiyası dövlət əmlakının səmərəli istifadə olunması, investisiya mühitinin təşviqi, sahibkarlığın inkişafı və Nazirliyin həyata keçirdiyi dayanıqlı inkişaf siyasətinə dəstək olmaqdır. Bu istiqamətdə biz öz səlahiyyətlərimiz çərçivəsində bir çox fəaliyyətlər həyata keçiririk. Dövlət əmlakının qorunub saxlanmasına, onun düzgün və səmərəli istifadə olunmasına çalışırıq. Dövlət müəssisələrinin fəaliyyəti ilə bağlı yaranan məsələlərdə biz dövlətin payı olan hüquqi şəxslərdə iştirakçı, tam dövlət mülkiyyətində olan müəssisələrdə isə təsisçi funksiyasını həyata keçiririk. Təsisçi funksiyalarına aid olan məsələlər də bizim vasitəmizlə tənzimlənir. Dövlət müəssisələri yalnız rəqabət olmayan, yaxud dövlət üçün strateji əhəmiyyət kəsb edən sahələrdə fəaliyyətini davam etdirirlər. Burada cəmiyyətin, dövlətin ümumi maraqlarını təmin etməyə çalışırlar.

54 min kiçik dövlət müəssisəsi özəlləşdirilib

APA: Qeyd etdiyiniz kimi Xidmətin əsas funksiyalarından biri dövlət əmlakının özəlləşdirilməsi ilə bağlıdır. Bu istiqamətdə hansı addımlar atılır və perspektivlər necədir?

– Əmlak Məsələləri Dövlət Xidmətinin yarandığı dövrdən onun əsas funksiyası özəlləşdirmənin həyata keçirilməsi olub. Ümumiyyətlə, 90-cı illərin əvvəllərində, ilk müstəqillik illərində iqtisadi kursun əsas istiqaməti bazar iqtisadiyyatı prinsiplərinə keçmək olub. Bu keçid dövründə o vaxtkı Komitənin əsas funksiyası məhz dövlət əmlakının özəl mülkiyyətə transferinin təmin olunması olub. Çünki iqtisadiyyatın keçid dövründə mülkiyyətin transformasiyası ən vacib çağırışlardan biridir. Ümumiyyətlə, özəlləşdirmə makroiqtisadi baxımdan böyük önəm kəsb edir. O keçid dövründə digər post-sosialist dövlətlərdə olduğu kimi kütləvi özəlləşdirmə iqtisadiyyatın ən vacib istiqamətlərindən birinə çevrilmişdi. Dövlət siyasəti də bu prosesi mümkün qədər tez və vətəndaşların ümumi marağı baxımından həyata keçirməkdən ibarət olub. Bununla bağlı iki Dövlət Proqramı qəbul olunub. Birinci Dövlət Proqramı 1995-1998-ci illəri əhatə etmişdi. İkinci Dövlət Proqramı 2000-ci ildə qəbul olunub. Eyni zamanda, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 2000-ci ildə Qanun qəbul olunub. Onunla bərabər 60-a yaxın hüquqi normativ sənəd bu özəlləşdirmənin həyata keçirilməsinin hüquqi əsasını yaradıb. İlk növbədə özəlləşdirmə kiçik müəssisələri və obyektləri əhatə edib. Burada əsas məqsəd qısa zamanda özəl sektorun, özəl mülkiyyətçilər sinfinin formalaşması idi. Yəni, özəl mülkiyyətçilər o əmlakı sahibkar kimi öz maraqları və düşüncələri əsasında öz qərarları ilə idarə edib, inkişaf etdirsinlər. Beləliklə, bu günə kimi təxminən 54 minə yaxın kiçik dövlət müəssisəsi özəlləşmişdi. Ondan sonra özəlləşmənin ikinci mərhələsi- orta və iri müəssisələrin özəlləşməsi prosesi başladı. Bu proses sənaye, nəqliyyat, tikinti, ticarət, xidmət sektorunun orta və iri müəssisələrinin özəlləşməsindən ibarət idi. Bu gün ikinci Dövlət Proqramı ilə nəzərdə tutulmuş müəssisələrin 96-97 faizi artıq özəlləşib. Beləliklə, özəlləşdirmə nəticəsində bu günə kimi 54 min kiçik dövlət müəssisəsi özəlləşib, 1565 Açıq Səhmdar Cəmiyyəti yaranıb. Bunların da əksəriyyəti artıq özəl mülkiyyətə keçib. Bu müəssisələrdə təxminən 300 minə yaxın işçilər çalışır. Artıq böyük sayda sahibkarlar sinfi formalaşıb. Onlar öz əmlakı, öz mülkiyyəti kimi bu müəssisələri inkişaf etdirirlər. Özəlləşmənin sürətlə aparılmasında dövlətin maraqları ondan ibarət idi ki, biz iqtisadiyyatın diversifikasıyasına, iqtisadiyyatın çoxşaxəliliyinə nail olaq. Eyni zamanda, daxili bazarın daxili məhsullarla təmin edilməsi, idxalı əvəz edən məhsulların istehsalına nail olunması, ixrac potensialının artırılması istiqamətində özəlləşdirmənin böyük rolu olub.

Son 5 ildə müsabiqə vasitəsilə özəlləşmiş müəssisələrə 145 mln. manatdan artıq investisiya qoyulub

Vacib bir məqamı qeyd etmək istəyirəm ki, son dövrlərdə ən çox investisiya yönümlü özəlləşdirmə üsuluna diqqət yetiririk. O, qanunvericilikdə investisiya müsabiqəsi adlandırılır. Bu yolla biz müəssisənin satışını həyata keçirik. Lakin burada ən böyük rol oynayan qoyulan investisiya, onun həcmi və geriödəmə dövrüdür. Sahibkarın sahəni nə qədər yaxşı bilməsini, həmin sahədə təcrübəsinin olub-olmadığını, eyni zamanda, onun həmin bazara çıxışının olub-olmamasını, bazarda öz məhsulunu sata bilib-bilməyəcəyi və s. bu məqamlara biz böyük diqqət yetiririk. İnvestisiya müsabiqə yolu ilə özələşdirilən müəssisələr bir qayda olaraq fəaliyyətə başladıqdan sonra iqtisadi inkişafa öz dəstəyini verirlər. Həm yeni iş yerlərinin yaradılması yolu ilə, həm də əlavə məhsulların istehsalı, o məhsullarla daxili bazarın tələbatının ödənilməsinə böyük xidmət göstərmiş olurlar. Eyni zamanda, regionlarda da bu istiqamətdə işlər aparılır. Son investisiya müsabiqəsi ilə özəlləşmiş müəssisələrin içində “Şəki-Şərab”, “AzərTütün”, “Bakı Ayaqqabı Fabriki”, “Sumqayıt Tekstil Müəssisəsi” və s. yer tutub. Ümumiyyətlə, özəlləşdirmə dövründə həmin müəssisələrə həm yerli, həm də xarici mənbələrdən 1.1 milyarddan artıq investisiyalar yatırılıb. Son beş il ərzində investisiya müsabiqəsi yolu ilə özəlləşmiş müəssisələrə də 145 milyon manatdan artıq investisiyalar qoyulmuşdur.

Son beş ildə bağlanmış icarə müqavilələrinin sayı 2 mindən 15 minə çatıb

“Xəzər” TV: Son illərdə dövlət əmlakının icarə ilə bağlı göstəricilər intensiv şəkildə artır. Bu həm dövlət büdcəsinə daxil olan məbləğlərdə, həm də bağlanan müqavilə saylarında özünü aydın göstərir. Ümumiyyətlə icarə ilə bağlı Xidmətin prioritetləri əvvəlki dövrlə müqayisədə dəyişibmi? Dəyişibsə, məqsəd nədir?

– Xidmətin ilk illərində icarə məsələləri özəlləşdirmənin bir aləti kimi çıxış edirdi. Çünki icarə yolu ilə sonradan özəlləşdirmə aparılırdı. Bu təşfiqedici mexanizmdir ki, icarə vasitəsilə sonradan proses özəlləşdirməyə çevrilsin. Hazırda o funksiyaları saxlamaqla paralel olaraq icarəni müstəqil dövlət büdcəsini formalaşan bir mexanizmə çevirmişik. Son beş il ərzində bağlanmış icarə müqavilələrinin sayı 2 mindən 15 minə çatıb. İcarədən dövlət büdcəsinə daxilolmalar keçən ilin sonuna 11 milyondan 46 milyona çatıb. Artıq burada dayanıqlı gəlir mexanizmi formalaşır. Biz dövlət əmlakını özəlləşdirmədən onu dövlət mülkiyyətində saxlamaqla dayanıqlı sabit bir dəyər formalaşdırırıq. Dövlət daim bu istiqamətdən, bu fəaliyyətdən gəlir əldə edir və gəlir də ildən-ilə artır. Qeyd etdiyim kimi müqavilələrin sayının 7 dəfə, ancaq daxilolmaların cəmi 4 dəfə artması onu göstərir ki, biz bunu icarə haqqının artırılması yolu ilə yox, icarə bazamızın genişlənməsi yolu ilə həyata keçiririk. Bunu təşfiq edirik ki, daha çox vətəndaşlar dövlət torpağının icarə yolu ilə istifadə etsinlər. Bununla da eyni zamanda dövlət əmlakının səmərəli istifadə olunmasına nail oluruq. Dövlət əmlakı ilk olaraq dövlətin maraqları üçün xidmət etməli, dövlət orqanlarının, dövlət müəssisələrinin ehtiyaclarını qarşılamalıdır. Əgər bu və ya digər səbəblərdən dövlət əmlakı boş qalırsa, istifadə olunmursa, bu onun səmərəli istifadəsi demək deyil. Əmlak mütləq fayda və gəlir gətirməlidir. Bu yolla özəl sektor istifadə etdiyi dövlət əmlakına görə dövlət büdcəsinə icarə haqqını ödəyir, habelə əmlakı icarəyə verilməsi yolu ilə özü qoruyur, inkişaf etdirir, ona investisiyalar yatırır. Yəni həm də dövlət əmlakı kimi qoruyub saxlayırıq. Eyni zamanda, biz özəl sektorun fəaliyyətini genişləndirə bilməsi üçün bir baza formalaşdırırıq ki, biznesləri böyüsün, daha çox iş yerləri yaradılsın. Dolayısı ilə iqtisadi inkişafa bir növ təkan vermiş oluruq.

Təxmini 155 mindən çox fərdi yaşayış evi və mənzil üzərində hüquqların qeydiyyata alınması mümkün olub.

APA: Bəlkə də bu günün ən həssas mövzularından biri sənədsiz fərdi yaşayış evləridir. Bəzi yeni tikilən binalarda mənzil alan vətəndaşlar çıxarış ala bilmirlər. Bu məsələlərin həlli istiqamətində hazırda hansı real işlər aparılır və ən önəmlisi yaxın vaxtda hansı yeniliklər gözlənilir?

– Cənab prezidentin qəbul etdiyi müvafiq qərarlar və imzaladığı fərmanlar əsasında sənədsiz evlərinin sayının böyük sayda azalmasına nail olmuşuq. Atılan bu humanist addım və vətəndaşların maraqlarının qorunması və hüquqlarının təmin olunması istiqamətində cənab Prezidentin 13 yanvar 2015-cı il tarixli 439 nömrəli Fərmanı ilə əvvəllər qeydiyyata alınması mümkün olmayan fərdi yaşayış evlərinin və həyətyanı sahələrin qeydiyyatı mümkün oldu. Sovet dövründə və müstəqilliyin ilk illərində müxtəlif təşkilatların, dövlət qurumlarının verdiyi müəyyən sənədlər var idi. Əvvəlki qanunvericiliyə əsasən, bu sənədlər əsasında evlərin, həyətyanı sahələrin qeydiyyatının aparılması mümkün deyildi. Həmin o sənədlərin bir çoxu səlahiyyəti olmadığı təqdirdə qəbulolunmuş yaxud texniki sənədlər idi. Fərmanla onlara hüquqi əsas statusu verildi. Bununla da təxminən son 10 il ərzində ən azı 100 mindən çox fərdi yaşayış evlərinin qeydiyyatının aparılması mümkün oldu. Bununla yanaşı, vaxtilə istismara qəbul olunmamış çoxmənzilli binalarda 2019-cu ildə qəbul olunmuş Bəzi çoxmənzilli yaşayış binalarının istismara qəbulunun sadələşdirilməsi ilə bağlı müvafiq Fərmana əsasən bu binalar istismara qəbul olundu və müvafiq olaraq vətəndaşlar da öz mənzilləri üzərində hüquqlarını tanınmasına nail oldular. Təxmini 55 mindən çox mənzil mülkiyyət sənədləri ilə təmin olunub. 439 nömrəli Fərmanda da qeyd olunub ki, yeni sənədlər aşkar olunduğu təqdirdə yeni təşəbbüslər qaldırmaq hüququna malikik. 2015-ci ildən bu günə kimi 5 dəfə həmin Fərmana yeni əlavələr və düzəlişlər olunub. Sonuncu düzəliş keçən ilin iyul ayında qəbul olunub. Fərmandakı düzəliş on minlərlə insanın həmin sənədlər əsasında öz hüquqlarını tanımağına kömək etmiş olacaq. Sənədsiz evləri iki cür kateqoriyaya bölmək olar. Hazırda legitim olmayan sənədləri olanlar və ümumiyyətlə heç bir sənədi olmayan, tamamilə özbaşına tikinti aparılmış yaşayış evləri. Özbaşına tikintini 3 əsas meyar əsasında müəyyənləşdiririk. Birincisi, tikinti üçün nəzərdə tutulmayan torpaq sahələrində tikintisi aparılmış tikililərdir. İkincisi, mövcud qanunvericilik əsasında lazımi icazələr almadan aparılmış tikintilərdir. Üçüncüsü, tikinti norma və qaydalarını pozmaqla aparılmış tikintilərdir. Bu meyarlardan biri olduğu təqdirdə o tikinti özbaşına olmuş tikinti sayılır. Özbaşına tikintiyə mülkiyyət hüququ yaranmır. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, özbaşına tikintilərə mülkiyyət hüququ yaranmır. Yalnız bir hal istisna olunur. O da torpaq sahəsinin şəxsin mülkiyyətində olduğu təqdirdə yalnız məhkəmələr edə bilər. Bu halda da istisnalar var. Bu tikintinin digər insanların hüquqlarını və qanuni maraqlarını pozmuş olması və tikintinin təhlükəsizliyi ilə bağlı da ciddi suallar olanda. Belə özbaşına tikintilər insan həyatı və sağlamlığı üçün böyük təhlükə mənbəyidir. Belə olduğu təqdirdə onların rəsmiləşdirilməsi, hətta məhkəmə yolu ilə də mümkün deyil.

“XƏZƏR” TV: Qeyd etdiniz ki, hazırda sənədsiz evlərin inşası hallarına əvvəlki intensivliklə olmasa da, rast gəlinir. Sənədsiz evi inşa etmiş şəxs sonradan daşınmaz əmlakına çıxarış əldə edə bilmədikdə səbəbkar kimi Əmlak Məsələləri Dövlət Xidmətini göstərir. Bu məqama aydınlıq gətirməyinizi istərdik.

– Əmlak Məsələləri Dövlət Xidmətinin nəzdində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti adlandırılan publik hüquqi şəxs var. Onun əsas fəaliyyəti öz ərazi idarələri vasitəsilə vətəndaşlardan müvafiq sənədlərin toplanılması və o sənədlərin ekspertizasının aparılması, həmin sənədlər əsasında hüquqların qeydiyyatının aparılmasıdır. Əmlak Məsələləri Dövlət Xidməti və onun tabeli strukturu hüquqmüəyyənedici sənəd olmadan sənəd vermək ixtiyarına malik deyillər. Onlar yalnız qeydiyyat aparırlar. Müvafiq sənədlər təqdim olunur, o sənədlər ekspertizadan keçirilir. Sənədlər qanunla müəyyən olunmuş tələblərə cavab verirsə, məzmunu, forması, imzaları, möhürləri düzgün və həqiqidirsə, o müraciətlərə müsbət baxaraq, həmin əmlaklar, evlər, mənzillər üzərində hüquqları tanımış oluruq. Sənədlərdə çatışmazlıq olduqda, sənədlər həqiqi olmayanda, torpaq zəbt olunmuş olduğu təqdirdə vətəndaşların bizdən kömək etmək üçün bizim əlimizdə hüquqi əsas olmur. Biz İcra Hakimiyyəti orqanı olaraq sırf qanunvericiliklə müəyyən olunmuş çərçivədə fəaliyyət göstəririk. Müvafiq sənədlər olmadığı təqdirdə məsələnin müsbət həlli mümkün olmur.

“XƏZƏR” TV: Riskli və sənədsiz tikililərlə bağlı bir məqama da toxunmaq istərdik. Bir neçə ay öncə havaların çox yağıntılı dövründə kollektorlar üzərində evlərin tikildiyi məlum oldu. O da məlum oldu ki, o qanunsuz evi təkən və ya sonradan alan vətəndaşlar bu riskdən xəbərsiz olub. Özünü və ailəsini riskə atmamaq, belə sənədsiz tikililərlə üzləşməmək üçün ev alan və ya tikdirən vətəndaş konkret olaraq nələrə diqqət etməlidir?

– Qeyd etmişdim ki, özbaşına tikintilərin müəyyənləşdirilməsi meyarlarından biri icazə verilməyən torpaqlarda tikintinin aparılmasıdır. Tikinti qadağan olunan ərazilər qanunvericilikdə müəyyən edilib. Bunların kateqoriyasına kənd təsərrüfatı təyinatlı torpaqlar, meşə fondu torpaqları, su fondu torpaqları və xüsusi qorunan ərazilər aiddir. Bu ərazilərdə tikinti aparılmasına qanunvericiliklə yol verilmir. Ancaq müəyyən istisna halları var. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatı məqsədləri üçün nəzərdə tutulmuş müəyyən tikintilər və qurğular inşa oluna bilər. Lakin bunun da şərtləri var. Burada mütləq tələb ondan ibarətdir ki, mülkiyyətdə və icarədə olan torpağın həcmi 5 hektardan az olmasın və tikinti aparıla bilən sahə bunun 1 faizindən artıq olmasın. Əgər biz 5 hektardan danışırıqsa, bu 500 kvadratmetr deməkdir ki, tikinti ondan artıq ola bilməz. Başqa tikintilərin kənd təsərrüfatı təyinatlı ərazilərdə aparılması qanunla qadağandır. O cümlədən, həmin ərazilərdə fərdi yaşayış və çoxmənzilli yaşayış binalarının tikintisini qanun qadağan edib. Bundan əlavə, tikintinin qadağa olunduğu digər ərazilər mühəndis kommunikasiya infrastrukturu obyektlərin altında və onların mühafizə zolaqlarında yerləşən torpaqlardır. Buraya kollektorlar, su və kanalizasiya xətləri, yüksək gərginlikli elektrik xətləri, rabitə xətləri, neft və qaz borularının yerləşdiyi ərazilər və onların mühafizə zonaları daxildir. Çünki həmin mühəndis infrastrukturunun normal fəaliyyəti üçün onlara qulluq göstərilməsi, onların saxlanılması, təmiri və s. üçün bu əraziyə müvafiq təchizatçı qurumların yaxud infrastruktur kimin balansındadırsa, onların çıxışı olmalıdır ki, onlara gəlib rahat qulluq göstərə bilsinlər. İkinci daha vacib məqam insan həyatı və sağlamlığı üçün, eyni zamanda insanların əmlakı üçün yaratdığı təhlükədir. Bu, potensial risk mənbəyidir. Ona görə, həmin obyektlərin yaxınlığında, xüsusən də onların üzərində hər hansı tikintinin inşası qəti qadağandır. Həmin kommunikasiya xətləri oradan köçürülmədiyi təqdirdə orada ev tikintisinin aparılması və onların sənədləşdirilməsi mümkün deyil.

Torpaqlar daha ədalətli şəkildə qiymətləndirilməldir

APA: Torpaq bazarı mövzusu da olduqca aktualdır. Məlumdur ki, Xidmətinizin fəaliyyət istiqamətlərindən biri də məhz torpaq bazarının təşkilidir. Son vaxtlar bəzi bələdiyyələr qiymətləndirmə zamanı torpaqların qiymətinin yüksək çıxdığını bildirirlər. Bu narazılığa necə yanaşırsınız? Ümumiyyətlə, qiymətləndirmə hansı metodologiya və bazar göstəricilərinə əsasən aparılır?

– Bələdiyyə İnstitutu 90-cı illərin sonu 2000-ci illərin əvəllərində yaradılıb. Bələdiyyələrin fəaliyyət göstərməsinin iqtisadi əsası üçün onlara dövlət tərəfindən müəyyən əmlaklar və torpaqlar təqdim olunmuşdu. Yəni onlar dövlət tərəfindən təqdim olunmuş torpaqları satmaqla və ya icarəyə verməklə öz iqtisadi əsaslarını təmin etməli idilər. Qiymətləndirmə fəaliyyətinə və qiymətləndirmə sahəsinə nəzarət vəzifələrimizə aiddir. Bələdiyyə torpaqlarının ayrılmasında Əmlak Məsələləri Dövlət Xidməti rəy verir. Rəy zamanı torpağın hansı qiymətlə satışa, yaxud icarəyə çıxarıldığını, həmin qiymətlərin bazarda təşəkkül tapmış qiymətlərə uyğunluğunu qiymətləndiririk. Biz müşahidə edirik ki, bəzi hallarda bələdiyyələr torpaqları bazar qiymətindən 3-5 dəfə aşağı satışa çıxarırlar. Bu, bazarda tarazlığın, şəffaflığın pozulmasına səbəb olur. Xüsusi, dövlət, bələdiyyə mülkiyyətləri olmaqla, ölkəmizdə 3 mülkiyyət forması var. Vətəndaş görəndə ki, bələdiyyə torpağı digər mülkiyyət torpaqlarından daha ucuzdur və rahatlıqla əldə edilir, təbii olaraq bələdiyyə torpağını seçir. Bunun nəticəsində digər mülkiyyət formalarının da qanuni maraqlarına toxunur. Çünki, bazarda təşəkkül tapmış qiymət formalaşıbsa, ondan kəskin olaraq aşağı qiymətə torpağın bazara çıxarılması digər bazar oyunçularının hüquqlarına toxunur, tarazlığı pozur. Bu həm də gələcəyə yönəlmiş təhlükədir. Biz bununla torpaq fondunu əsassız olaraq itirmiş oluruq. Gələcək nəsillər üçün nəzərdə tutulmuş bələdiyyə torpağı fondu kəskin sürətdə azaldığı təqdirdə gələcəkdə həmin ərazidə yaşayan yerli sakinlərin, orada nəzərdə tutulan sosial-iqtisadi layihələrin – məktəb, bağça, səhiyyə müəssisələrinin tikintisi üçün torpaq fondu tükənmiş olacaq. Bununla bağlı bizdən sonra gələn nəsillər böyük problemlərlə üzləşəcək. Əgər qiymətlərin kəskin yüksək olduğunu hesab edirlərsə, bazar açıqdır, orada xüsusi mülkiyyətdəki torpaqları əldə edə bilərlər və orada öz həyətyanı yaxud başqa fəaliyyətlərini həyata keçirə bilərlər. Yəni biz çalışırıq ki, bazar qiymətləri eyni səviyyədə qorunub saxlanmış olsun, kəskin disproporsiya yaradan hallara yol verilməsin.

Bu ilin 6 ayında torpaq zəbti ilə bağlı 3 min 700 hüquqpozma müəyyən edilib

APA: Torpaq mövzusuna toxunmuşkən, bir sual da vermək istərdik. Torpaq sahələrinin təyinatının, xüsusilə yaşayış təyinatına dəyişdirilməsi prosedurlarının sadələşdirilməsi ilə bağlı yeniliklər gözlənilirmi? Həmçinin torpaq ehtiyatlarının səmərəli idarə olunması və qanunsuz torpaq zəbtinin qarşısının alınması üçün Əmlak Məsələləri Dövlət Xidməti hansı nəzarət və preventiv tədbirləri həyata keçirir?

– Torpaq kateqoriyalarının dəyişdirilməsi öncədən Nazirlər Kabinetinin 20.01.2017-ci il tarixli 10 saylı qərarı ilə tənzimlənirdi. Bu, kifayət qədər çoxpilləli və çətin bir proses idi, tələblər də həddindən artıq çox idi. Ona görə də kateqoriya dəyişdirilməsi o qədər asanlıqla baş vermirdi. Bunu nəzərə alaraq, ölkə rəhbərliyinin 2024-cü ilin sentyabrın 28-də qəbul etdiyi 201 nömrəli Fərmana əsasən, bu proses sadələşdirildi. Orada mərhələlərin və sənədlərin sayı azaldı və bu xidmət artıq elektron formata keçirildi. Təqdim olunmuş sənədlər hamısı müəyyən edilmiş tələblərə cavab verirsə, aidiyyəti dövlət qurumlarına bizim tərəfimizdən elektron qaydada rəy üçün göndərilir. Aidiyyəti dövlət orqanları Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir. Onlar tərəfindən müsbət rəy olursa, növbəti mərhələdə biz artıq daha yuxarı instansiyaya təqdim edirik. Qərar təsdiq olunandan sonra artıq kateqoriya dəyişmiş hesab olunur. Eyni zamanda, biz daxil olan müraciətləri təhlil edərkən müəyyən olundu ki, onların əksəriyyəti, 70 faizdən çoxu kənd təsərrüfatı təyinatlı torpaqlarda salınmış yaşayış massivlərində fərdi yaşayış evlərinin yerləşdiyi həyətyanı torpaq sahələri ilə bağlıdır. Az öncə də qeyd etdiyim kimi, həmin torpaqlar yaşayış təyinatlı deyillər. 90-cı illərdə iqtisadiyyatın keçid dövründə, eyni zamanda torpaqların işğalı nəticəsində böyük sayda insanların öz yaşayış yerlərini tərk etməsi və digər ərazilərdə məskunlaşması ehtiyacı olduğuna görə kənd təsərrüfatı təyinatlı yaxud digər kateqoriyalarda olan torpaqlarda elə yaşayış massivləri xeyli sayda yaranmışdı. O massivlərdə bir-iki ev yox, yüzlərlə, minlərlə fərdi yaşayış evləri var. O torpaqların bir-bir kateqoriyasının dəyişməsinin heç bir səmərəliliyi yoxdur. Çünki biz bir növ massivin tərkibində ayrıca elementləri dəyişmiş oluruq. Bu da məsələni həll etmir. Ona görə 201 nömrəli Fərmanda həmin yaşayış massivləri ilə bağlı hüquqi əsas formalaşmışdı ki, onlara massiv yanaşması ilə baxılsın. Bu o deməkdir ki, həmin yaşayış massivləri şəhərsalma sahəsində normativ sənədlərə, ərazi planlaşdırma sənədlərinə əsasən uyğun tikilibsə, orada mühəndis kommunikasiya xətləri mövcuddursa, yol-nəqliyyat infrastrukturu varsa və orada bundan sonra həmin yaşayış massivinin inkişafı üçün imkanlar mövcuddursa, müvafiq dövlət qurumlarının verdiyi müsbət rəylər əsasında, aparılan invertarlaşdırma və s. işləri nəticəsində dövlət orqanları tərəfindən müsbət qərar olsa, onların yaşayış massivi formasında birdəfəlik dəyişməsi aparılacaq və fərdi müraciətlərə ehtiyac yaranmayacaq. Yəni kütləvi dəyişdirmə baş verdiyi təqdirdə o massivdə mövcud olan bütün fərdi yaşayış evlərinin kateqoriyası dəyişəcək və onların mülkiyyət hüquqlarının əldə olunması xeyli asanlaşacaq. Bir sözlə, həmin o sənədsiz evlərin probleminin həlli yollarından biri kateqoriyanın dəyişməsidir.

O ki qaldı, ikinci suala Əmlak Məsələləri Dövlət Xidməti torpaqların səmərəli istifadə olunması və buna nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır. Torpaqların səmərəli və düzgün istifadə olunması o deməkdir ki, torpaqlar öz təyinatı üzrə istifadə olunmalıdır. Orada istifadə olunduğu təqdirdə torpaqlara düzgün qulluq göstərilməsi, torpaqların becərilməsinin müvafiq aqrotexniki normalara uyğun aparılması təmin olunmalıdır. Hər hansı bir zəbt halları, özbaşına tikintilər olmamalıdır. Torpaqların münbit qatın korlanmasına yol verilməməlidir. Eyni zamanda torpaqların səmərəli və düzgün istifadəsi təmin olunmalıdır. Bu istiqamətdə Əmlak Məsələləri Dövlət Xidməti mütəmadi olaraq monitorinqlər keçirir, ərazilərdə müşahidələr aparır. Faktlar aşkar olunduğu təqdirdə onlar müvafiq qaydada aktlaşdırılır, inzibati xəta müəyyən olunduğu təqdirdə inzibati protokollar tərtib olunur. Buna yol verən şəxslər müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunaraq cərimələnirlər. Eyni zamanda, xəta törətmiş şəxs tərəfindən həmin o zəbtin, yaxud qanunsuz tikintinin aparılmasının nəticələri aradan qaldırılmalıdır. Yəni onlar torpağı ilkin vəziyyətinə qaytarmalıdırlar. Buna da biz nəzarət həyata keçiririk. Təbii olaraq, cinayət xarakterli hüquqpozmalar aşkar olunduğu təqdirdə müvafiq olaraq daxili işlər orqanlarına, əgər vəzifəli şəxslər tərəfindən törədilibsə prokurorluq orqanlarına müvafiq sənədlər təqdim olunur. Biz keçən il təxminən 8 minə yaxın belə pozuntu halları aşkar etmişdik. Bu il onların sayı ilk 6 ay ərzində 3 min 700 civarındadır. Tendensiya ildən-ilə azalmağa doğru gedir. Bu da dövlət qurumlarının koordinasiyalı fəaliyyətindən asılıdır. Belə ki, təkcə Əmlak Məsələləri Dövlət Xidmətinin deyil, yerli icra hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əlaqələndirilmiş fəaliyyətindən asılıdır.

“XƏZƏR” TV: Yeni tikili binalarda mənzil alan vətəndaşlar sonradan evinə çıxarış ala bilmələri üçün nələrə diqqət etməlidirlər?

– İlk növbədə həmin binaların tikintisi üçün icazə sənədi alınmalıdır. Müvafiq İcra Hakimiyyəti orqanlarını – Bakı şəhərində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, digər şəhər və rayonlarda yerli İcra Hakimiyyəti orqanlarının həmin binanın tikintisinə icazə sənədi olmalıdır. Bundan başqa, həmin bina istismara qəbul olunmalıdır. Əks halda, o binanın mülkiyyət hüquqlarının tanınması mümkün deyil. Buna görə də, biz vətəndaşlara müraciət edərək bildiririk ki, ilk növbədə bu iki məqama diqqət yetirsinlər.

Qarabağda 1.2 milyon hektar ərazinin torpaq uçotu işləri aparılıb

“XƏZƏR” TV: İşğaldan azad edilmiş ərazilərdə torpaq və daşınmaz əmlak sahəsində infrastrukturun qurulması, dövlət əmlakının iqtisadi dövriyyəyə cəlb olunması, sahibkarlığın inkişafı və məskunlaşan ailələrə verilmiş evlərin mülkiyyət hüququnun tanınması üçün hansı işləri görülüb və görüləcək? Bu istiqamətdə yeni layihələr və ya təşəbbüslər gözlənilirmi?

– 2020-ci ildə əldə olunmuş parlaq qələbə bütün Azərbaycan vətəndaşlarında olduğu kimi bizdə də böyük ruh yüksəkliyinə səbəb oldu və Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilmiş həm 2020-ci, həm də 2023-cü ildəki hərbi əməliyyatlar nəticəsində misilsiz qələbələr həmin ərazilərdə öz xidmətlərimizi göstərə bilməyimiz üçün böyük şans yaratdı. Xidmətin əməkdaşları böyük ruh yüksəkliyi ilə həmin ərazilərdə bərpa və yenidənqurma işlərinə cəlb olunmuşdular. Bu torpaqlarda onlar nəzarətimizdə olmadığı dövrdə böyük dəyişikliklər baş vermişdi. O dəyişiklikləri, dağıntıları əks etdirmək, inventarlaşma işlərini aparmaq, torpaq uçotunu aparmaq böyük bir vaxt tələb etdi. Bizim əməkdaşlar bu sahədə xeyli iş gördü. İlk növbədə, həmin ərazilərdə coğrafi mövqeləndirmə sistemləri üçün 8 AzPOS stansiyaları quruldu ki, oradakı koordinatlar dəqiq və düzgün əks olunsun. Sonra həmin o koordinatlar əsasında inventarlaşma işləri aparıldı. Orada mövcud olan bütün dağıntı faktları, viran olmuş yaşayış məntəqələri və s. hamısı uçota alındı. Oradakı mənzərə müvafiq rəqəmlərlə və sənədlərlə əksini tapdı. Eyni zamanda, Qarabağda 1.2 milyon hektar ərazinin torpaq uçotu işləri aparılıb. Buraya həm kadastr uçotu işləri, həm torpaq tədqiqatları işləri, həm də geobotaniki tədqiqatlar daxildir. Torpaq uçotu işlərində ilk olaraq yerquruşu işlərindən danışırıq ki, burada torpaqların hansı həcmdə, hansı arealdan ibarət olması öz əksini tapıb. Əvvəlki dövrlərdə inzibati ərazi vahidlərinin mövcud olmuş sərhədləri müəyyənləşdirildi. Onlar xəritədə, o cümlədən, elektron xəritədə öz əksini tapdı. Bundan başqa, Qarabağ Rəqəmsal İnformasiya Sistemi yaradıldı. Orada inventarlaşma nəticəsində aşkar olunmuş bütün daşınmaz əmlaklar əks olundu. Bu məlumatlar da elektronlaşdırılaraq bütün dövlət qurumlarının istifadəsinə verildi ki, onların öz fəaliyyətlərini həmin proqram əsasında qurmaq imkanı olsun. Torpaqların tədqiqatı aparılaraq torpaqların keyfiyyəti və münbitliyi müəyyən olundu. Orada torpaqların əksəriyyəti 40-80 bonitet bal aralığında olan çox münbit torpaqlardır. Geobotaniki tədqiqatlar da aparılaraq torpaq fondunda olan bitkilərin növləri, heyvandarlığın inkişafı üçün nə qədər yem bazası mövcud olması müəyyən edildi. Bununla paralel, biz aqrokimyəvi analizlər də aparmışıq. Aqrokimyəvi analizlər zamanı torpağın tərkibində olan minerallar, kimyəvi maddələr həmin torpaqlarda bitkilərin, meyvə ağaclarının, tərəvəz növlərinin orada əkini üçün düzgün qərar verməsinə xidmət edir. Yəni biz o torpağın tərkibini müəyyənləşdirəndə onun tərkibində olan kimyəvi maddələri və verilməli olan gübrənin və suyun miqdarını, ən çox məhsul verə biləcək bitkiləri və s. müəyyənləşdirik. Artıq biz bunu torpaqların elektron kadastrı informasiya sistemində inteqrasiya etmişik. Torpaqların elektron kadastrı informasiya sistemi aidiyyəti dövlət qurumları ilə yanaşı, birinci növbədə Kənd Təsərrüfatı Nazirliyi üçün əsas məlumat bazası kimi çıxış edir.

İşğaldan azad edilmiş ərazilərdə 67 mindən çox ünvan verilib

Paralel olaraq, biz işğaldan azad olunmuş ərazilərdə ünvanların verilməsi, onların xəritələşdirilməsi və ünvan reyestrının informasiya sisteminə daxil edilməsi ilə də məşğuluq. Belə ki, işğaldan azad edilmiş ərazilərdə ümumiyyətlə bu günə kimi 67 mindən çox ünvan verilib. Bu da sonrakı mərhələdə insanların orada məskunlaşması, müvafiq yaşayış sahələrinin təmin olunmasında uçotun düzgün qurulmasına kömək etmiş olur. Mülkiyyət hüquqlarının tanınması məsələsinə gəlincə, bu yaxınlarda qəbul olunmuş Qanuna əsasən, öz torpaqlarına qayıdan keçmiş məcburi köçkünlərə verilmiş mənzil və fərdi yaşayış evlərinin üzərində öz mülkiyyət hüquqlarını tanımasına imkan yaranır. Bunun üçün xüsusi mənzil fondu formalaşır. Hazırda mənzil fondunun verilməsi qaydaları hazırlanır. Bu qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq olunandan sonra vətəndaşlara verilmiş yaşayış sahələri üzərində mülkiyyət hüquqlarının tanınması üçün müvafiq sənədlərin verilməsinə başlaya biləcəyik.

Bizim burada əsas məqsədimiz işğaldan azad olunmuş ərazilərdə əmlakın idarəolunmasının etibarlı, şəffaf prinsip əsasında qurulması, həmçinin vətəndaşların oradakı yaşayışının hüquqi və iqtisadi cəhətdən dayanıqlı, rahat formada təşkilinə nail olmaqdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)