MALİYYƏ

Gömrükdə insan amili minimuma endirilir: Yeni "Rəqəmsal Gömrük" nələri dəyişəcək? - MÜSAHİBƏ

Azərbaycanın beynəlxalq ticarət və nəqliyyat xəritəsində mövqeyi gücləndikcə, gömrük sisteminin üzərinə düşən vəzifələr də genişlənir. Tranzit yüklərin həcminin artması, Orta Dəhlizin strateji əhəmiyyətinin yüksəlməsi, elektron ticarətin sürətli inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması Dövlət Gömrük Komitəsinin (DGK) fəaliyyətində yeni prioritetlər formalaşdırır.

Gömrük prosedurlarının sadələşdirilməsi ilə təhlükəsizlik və nəzarət arasında balansın necə qorunduğu, rəqəmsallaşma layihələrinin nəticələri, tranzit potensialının inkişafı, sahibkarlarla tərəfdaşlıq mexanizmləri və gələcək hədəflər barədə "Report" və İTV-nin suallarını Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov cavablandırıb.

Müsahibəni oxucularımıza təqdim edirik:

Gəlin əvvəlcə mövcud vəziyyətdən başlayaq. Sizcə, Azərbaycana hər hansı bir malın gətirilməsi və ya ixrac edilməsi gömrük qaydaları baxımından bu gün asan, yoxsa çətindir? Ticarətin sadələşdirilməsi, gömrük prosedurlarının yüngülləşdirilməsi istiqamətində hansı tədbirlər görülür? Sadələşdirmə ilə nəzarət və təhlükəsizliyin vacibliyi arasındakı qızıl orta necə qorunur?

- Doğrudan da bu sual çox vaxt gömrük orqanlarına yönəldilir və onun cavabı həm cəmiyyət, həm ölkə, həm də xarici ticarət iştirakçıları üçün olduqca böyük əhəmiyyət daşıyır. Bu kontekstdə ilk olaraq vurğulamaq istərdim ki, gömrük tarixinə və iqtisadi nəzəriyyəyə nəzər salsaq, gömrük orqanının xarici ticarət münasibətlərində tənzimləyici qurum kimi fəaliyyət göstərdiyini görərik. Ümumi mənada gömrük tənzimlənməsi iqtisadi siyasətin əsas vasitələrindən birini təşkil edir və tarix boyu məhz bu mexanizm vasitəsilə ticarət əlaqələrində həm asanlaşdırma, həm də qoruyucu tədbirlər reallaşdırılıb.

Azərbaycanda da müasir dövrdə gömrük orqanlarının fəaliyyəti və onun hansı funksional prinsiplər əsasında həyata keçirilməsi birmənalı qaydada təyin edilib. Bu baxımdan qeyd etmək yerinə düşər ki, gömrük orqanlarının əsas fəaliyyət istiqaməti cəmiyyətin müdafiəsi, eyni zamanda gömrük tənzimlənməsi yolu ilə sərbəst ticarət üçün zəruri şəraitin formalaşdırılmasıdır. Bu konsepsiya və baxış Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən gömrük orqanları qarşısında qoyulmuş tapşırıqlara söykənir. Çünki ölkəmizdə bütün sahələrdə yeni yanaşmalar tətbiq olunur və bu yanaşmalar çərçivəsində gömrük tənzimlənməsi vasitəsilə də yeni imkanlar formalaşdırılır. Bu səbəbdən gömrük xidməti bir sistem kimi öz missiyasını və perspektiv baxışını müəyyənləşdirərkən, ilk növbədə qarşıya qoyulmuş vəzifələrdən çıxış edərək öz dəyərlərini təsbit edir. Bu dəyərlər birinci növbədə innovasiyalara açıqlıq, şəffaflıq, həmçinin məmnuniyyət səviyyəsinin ardıcıl yüksəldilməsi və fəaliyyət keyfiyyətinin daha da təkmilləşdirilməsinə əsaslanır.

Təbii ki, bu dəyərlər bazasında biz proqramlarımızı və strateji yanaşmamızı formalaşdırırıq. Hər şeydən əvvəl bizim sistemimiz və tətbiq edilən qaydalar biznes nümayəndələri, sahibkarlar və işgüzar dairələr üçün əlçatan olmalıdır. Xarici ticarət münasibətlərində fəal iştirak edən şəxslərin dəstəklənməsi, eyni zamanda könüllü riayətetmə prinsipinin təşviq edilməsi önəmli məsələlər sırasındadır.

Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında bilavasitə xarici ticarət iştirakçıları rol oynayır. Onların xarici iqtisadi fəaliyyəti nəticəsində meydana gələn ödənişlər dövlət büdcəsinə yönləndirilir və bu prosesdə gömrük orqanları tərəfindən düzgün dəyərləndirmənin aparılması vacibdir. Məhz bunun nəticəsində büdcə gəlirlərinin formalaşması xarici ticarət əlaqələri vasitəsilə təmin olunur. Bu prizamadan biz həmçinin cəmiyyətin qorunması, yəni qanunsuz daşımaların qarşısının alınması məqsədilə çevik və dayanıqlı sistemlər tətbiq etməliyik. Bunun üçün müvafiq bacarıqlar və ambisiyalar tələb olunur.

Məhz bizim dəyərlərimiz ondan qaynaqlanır ki, böyük bacarıqların inkişaf etdirilməsi, tərkib hissəsi olaraq keyfiyyət göstəricilərinin artırılması, xarici ticarətə dəstəyin göstərilməsi ilə işgüzar iqtisadi mühitin təkmilləşdirilməsi istiqamətində fəaliyyətimizi yönəltməliyik. Buna görə də bu tarazlığın düzgün müəyyən edilməsi üçün biz dünya təcrübəsini nəzərə alırıq və bir daha bildirmək istəyirəm ki, ümumdünya gömrük sistemi daxilində bu balansın düzgün formalaşması üçün yeni yanaşmaları da öyrənirik. Nəticə olaraq, müasir Azərbaycan gömrük sistemində bu yanaşmaların elektron və rəqəmsal texnologiyaların tətbiqi vasitəsilə həyata keçirilməsi mümkündür və biz bu sahədə işimizi davam etdirəcəyik.

Cənab sədr, Azərbaycan son dövrlərdə beynəlxalq nəqliyyat və logistika sahəsində öz mövqelərini möhkəmləndirir, ölkəmiz üzərindən keçən tranzit yüklərin miqdarı isə durmadan artmaqdadır. Bu şəraitdə Dövlət Gömrük Komitəsinin qarşısında duran başlıca vəzifələr hansılardır və gömrük sisteminin inkişafı ilə bağlı hansı strateji prioritetlər müəyyən edilib? Siz Azərbaycan gömrük sisteminin inkişafının növbəti mərhələsini necə təsəvvür edirsiniz?

- Bu vacib sual üçün təşəkkür edirəm. Şübhəsiz ki, ölkəmizin tranzit imkanlarının inkişaf etdirilməsinə cəlb olunan qurumlar sırasında gömrük xidməti də yer alır. Məlumdur ki, dövlət səviyyəsində ölkəmizdən keçən tranzit məhsul və yüklərin daşınma həcminin artırılmasına, tranzit imkanlarının genişləndirilməsinə dair müvafiq sərəncam imzalanıb. Həmin sənəd 2024-2026-cı illəri əhatə edir və biz bu istiqamətdə artıq fəal şəkildə işlərimizi həyata keçiririk.

Digər qurumlarla birlikdə məlumdur ki, tranzit potensialının və yük axınının inkişafı üçün bir sıra tədbirlərin görülməsi zəruridir. Bu, ilk növbədə yol infrastrukturunun, keçid imkanlarının və digər istiqamətlər üzrə təkmilləşmənin təmin edilməsini nəzərdə tutur. Lakin əsas məsələlərdən biri də gömrük tənzimlənməsi və gömrük qaydalarının tətbiqi vasitəsilə tranzit əməliyyatlarının asanlaşdırılmasıdır.

Bu baxımdan rəqəmlərə diqqət yetirsək, 2025-ci ildə 18 milyon tondan artıq yük Azərbaycan ərazisindən gömrük nəzarəti altında tranzit olaraq keçib. Cari ilin 5 ayı ərzində isə bu göstərici 8,2 milyon ton həcmində olub. Bu rəqəmlər özlüyündə çevik gömrük tənzimlənməsinin tətbiqinin vacibliyini ortaya qoyur. Gömrük əməliyyatlarının vaxtında icra edilməsi ilə tranzit axınına əsassız maneələrin yaradılmaması böyük əhəmiyyət kəsb edir.

Bunu təmin etmək məqsədilə biz hər şeydən əvvəl öz daxili resurslarımızı səfərbər etmişik. İlk olaraq rəqəmsal rəsmiləşdirmə mexanizmlərini tətbiq edirik. Bu çərçivədə elektron bəyannamə sistemi, yüklər və ya nəqliyyat vasitələri ölkəyə daxil olmamışdan əvvəl rəsmiləşdirmə üçün məlumatların əvvəlcədən toplanması mühüm şərtlərdən birini təşkil edir. Buna görə də biz əlaqədar qurumlarla bu sahədə əməkdaşlığımızı davam etdiririk.

Eyni zamanda qonşu dövlətlərlə də bu fəaliyyəti təşkil edirik. Nəzərə almaq lazımdır ki, avtomobil nəqliyyatı, dəniz nəqliyyatı, hava nəqliyyatı ilə daşımaların , eləcə də multimodal daşımaların sayı getdikcə artır. Biz limanlarımızın inkişafına xüsusi önəm veririk. Bu istiqamətdə əlaqədar qurumlarla mütəmadi olaraq birgə işlər aparırıq və əsas hədəfimiz məhz tranzit potensialının gücləndirilməsidir.

Bununla yanaşı, bir məqamı ayrıca vurğulamaq istəyirəm ki, tranzitin inkişafı yalnız bir ölkənin daxilində həll edilməli olan məsələlərlə məhdudlaşmır. Burada müəyyən uyğunlaşdırma işlərinin aparılması, normaların harmonizasiyasının təmin olunması vacibdir. Buna görə də beynəlxalq əlaqələrdən və konvensiyalardan yararlanmaq zəruridir.

Azərbaycan artıq avtomobil daşımaları üzrə bir neçə konvensiyaya üzv olub. Bu sahədə biz işlərimizi davam etdiririk və beynəlxalq standartlar əsasında ölkəmizdə tranzit imkanlarının genişləndirilməsi, sərbəst hərəkətə şəraitin yaradılması, rəsmiləşdirmə müddətlərinin qısaldılması, yoxlamaların risk əsaslı yanaşma ilə həyata keçirilməsi üçün çalışırıq. Bununla yanaşı, müasir dövrün tələblərinə uyğun yeni alətlərin tətbiqi istiqamətində də iş aparılır.

Bu məqsədlə yeni kompüterləşdirilmiş tranzit sisteminə - Avropa İttifaqında 27 dövlət, ümumilikdə 39 ölkə tərəfindən istifadə olunan sistemə qoşulmaq istiqamətində fəaliyyət göstəririk. Bu çərçivədə biz 2 konvensiyaya üzv olmaq ərəfəsindəyik – Ümumi Tranzit Proseduru haqqında Konvensiyaya və Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi haqqında Konvensiyaya qoşulma prosesinə başlamışıq.

Biz nəyə ümid bəsləyirik? İnanırıq ki, bu proseslər yaxın gələcəkdə başa çatdırılacaq. Çünki artıq bu istiqamətdə start verilib və biz qonşu ölkələrdə istifadə edilən elektron əsaslı, təminat əsaslı tranzit qaydalarını, eləcə də kağızsız texnologiyalar vasitəsilə rəsmiləşdirmə imkanlarını ölkəmizdə də tətbiq edə biləcəyik. Bu Avropa istiqamətində dəhliz boyu tətbiq olunacaq.

Eyni zamanda biz Asiya regionu ilə də bu işləri aparırıq. Burada Mərkəzi Asiya dövlətləri, Çin və digər tərəfdaşlarla tranzit əməliyyatlarının sadələşdirilməsi istiqamətində, o cümlədən Asiya İnkişaf Bankının dəstəyi ilə fəaliyyətlərimiz davam edir. Hesab edirik ki, bu sahədə də müsbət nəticələr əldə ediləcək və bu da öz növbəsində Orta Dəhlizin gömrük aspektindən daha cəlbedici olmasına töhfə verəcək.

Biz bilirik ki, Orta Dəhlizin əhəmiyyəti olduqca böyükdür və onun digər dəhlizlərlə müqayisədə bir sıra üstünlükləri mövcuddur. Şübhəsiz ki, burada coğrafi mövqe, məsafələr, infrastruktur imkanları ilə yanaşı, gömrük tənzimlənməsi də əhəmiyyətli rol oynayır.

Bundan əlavə, tranzit potensialının genişlənməsi ilə paralel olaraq infrastrukturun da təkmilləşdirilməsi həyata keçirilir. Bir qədər əvvəl qeyd etdiyim tranzit potensialının artırılması üzrə fəaliyyət planında infrastruktur imkanlarının genişləndirilməsi də nəzərdə tutulub və bu istiqamətdə bizə müvafiq tapşırıqlar verilib.

Bu sahədə məlumdur ki, artıq bir neçə keçid məntəqəsi müasirləşdirilib. Xanoba dövlət sərhədindən buraxılış məntəqəsi müasir standartlara cavab verən formada fəaliyyətə başlayıb. Cənub-Astara dövlət sərhədindən buraxılış məntəqəsi də müasir tələblərə cavab verir və onun genişləndirmə tədbirlərinin ikinci mərhələsi yekunlaşdıqdan sonra daha geniş imkanlar əldə olunacaq.

Eyni zamanda Şərqi Zəngəzurda Ağbənd dövlət sərhədində buraxılış məntəqəsinin istifadəyə verilməsi üçün işlər davam etdirilir və yaxın vaxtlarda bu prosesi tamamlayacağıq.

Gürcüstanla da birgə sərhəd nəzarəti məntəqəsi üzrə layihələndirmə işləri davam etdirilir. Bu barədə ictimaiyyətə ətraflı məlumat verilib. Bir daha vurğulamaq istəyirəm ki, bu istiqamətdə aktiv iş aparılır və yaxın müddətdə görülən tədbirlər tranzit potensialının inkişaf etdirilməsi baxımından əhəmiyyətli nəticələr verəcək.

Şahin müəllim, Orta Dəhlizin mühüm iştirakçıları sırasında Türk dövlətləri mühüm mövqe tutur. Azərbaycan Türk Dövlətləri Təşkilatının üzvü olaraq bu əməkdaşlıq prosesində fəal iştirak edir. Türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin tam miqyasda tətbiqi nə vaxt mümkün olacaq? Bu mexanizmin yaradılması üzv ölkələr arasında ticarət əlaqələrinin inkişafına və yükdaşıma həcmlərinin artmasına necə təsir edə bilər?

- Şübhəsiz ki, ilk növbədə Türk dövlətləri ilə gömrük sahəsindəki əlaqələrimiz möhkəmlənir və bu proses getdikcə daha da güclənir. Türk dövlətləri arasındakı münasibətlər ölkələrarası ticarət dövriyyəsinin artmasına təkan verir, xüsusilə bu dövlətlərin Orta Dəhliz boyunca yerləşməsi buna əsas səbəb kimi çıxış edir. Burada bizə düşən məsuliyyət məhz fəal iş aparmaqdan ibarətdir.

Sadələşdirilmiş gömrük dəhlizinin həyata keçirilməsi üçün tədqiqatlarımız və müvafiq çalışmalarımız mövcuddur. Türkiyə Respublikası ilə bu sahədə birgə iş aparırıq. Özbəkistan, Qazaxıstan və Qırğızıstanla ilkin məlumat mübadiləsi istiqamətində fəaliyyət göstəririk. Əsas hədəfimiz burada "Vahid pəncərə" sisteminin işlənib hazırlanması və onun tətbiqinin təmin olunmasıdır. Bu kontekstdə bir məqamı nəzərinizə çatdırmaq istərdim.

DGK Ümumdünya Gömrük Təşkilatı çərçivəsində olduqca fəal mövqe nümayiş etdirir. Biz ÜGT-nin Siyasi Komissiyasının üzvüyük. Orada bilavasitə gömrüklə əlaqəli olan siyasi idarəetmə məsələləri üzrə də öz mövqeyimizi ortaya qoyuruq. Burada vurğulamaq istəyirəm ki, ölkəmizin nüfuzu və inkişafı nəzərə alınaraq, məhz dövlətimizin tövsiyələri əsasında Gömrük Əməkdaşlıq Fondu yaradılıb və bu imkanlar hesabına gələcəkdə ölkələrdə "Vahid pəncərə" sisteminin formalaşması üçün məlumat mübadiləsinin aparılması, məlumatların keyfiyyətinin yüksəldilməsi, əvvəlcədən məlumatların əldə olunması və nəhayət, "Vahid pəncərə" sisteminin tətbiqi nəzərdə tutulur. Təbii ki, bu prosesin nə vaxt tam başa çatacağını hazırda dəqiq söyləmək mümkün deyil. Çünki burada həm texniki, həm hüquqi, həm də digər prosedur məsələlərinin həll edilməsi tələb olunur. Biz bunu plan şəklində müəyyənləşdirmişik və özümüzə hədəf qoymuşuq. Türk dövlətlərinin digər üzvləri də bu məsələyə böyük maraq göstərirlər. Biz çalışacağıq ki, bu məsələni həll edək və "Vahid pəncərə" sistemi vasitəsilə Orta Dəhliz və Türk dövlətləri arasında unikal, dünyaya nümunə ola biləcək bir sistem formalaşdıraq. Azərbaycan bu prosesdə çox fəaldır, ən çox təşəbbüslər məhz bizim tərəfimizdən irəli sürülür və biz əminik ki, bu işi uğurla başa çatdıra biləcəyik.

Yenidən sahibkarların gözləntiləri mövzusuna qayıtmaq istəyirəm. Biznes nümayəndələrinin əsas istəklərindən biri idxal-ixrac əməliyyatlarının mümkün qədər sadə, şəffaf və operativ şəkildə həyata keçirilməsidir. Sizin fikrinizcə, bu istiqamətdə hansı dəyişiklər edilə bilər? Dövlət Gömrük Komitəsi yaxın və orta perspektivdə gömrük prosedurlarının daha da sadələşdirilməsi, rəsmiləşdirmə müddətlərinin azaldılması və sahibkarlar üçün daha əlverişli şəraitin yaradılması istiqamətində hansı yenilikləri planlaşdırır?

- Bizim 2025-2030-cu illər üçün strategiyamız mövcuddur. Burada əsas prioritetlərdən biri idxal-ixrac proseslərində, ümumiyyətlə, prosedurların sadələşdirilməsi üzrə mövcud olan bütün mümkün vasitələrin tətbiq edilməsidir. Bu, qarşımıza qoyulmuş konkret tapşırıqdır və gömrük orqanları məhz bu tapşırığın gerçəkləşdirilməsinə bütün imkanlarını yönəldir. Bu məqsədlərə mütləq nail olunacaqdır. Bir sıra istiqamətlərdə, ticarətin asanlaşdırılması və s. biz artıq bunu həyata keçirmişik. Əgər biz biznes və sahibkarlıq sahəsində çalışan şəxslər arasında sorğu aparıb onların fikirlərini öyrənsək, sadələşmə prosesinin aydın şəkildə görünəcəyinə əminəm. Lakin bu, bizim üçün kifayət deyil. Hesab edirik ki, əldə olunan ilkin nəticələr yetərli deyil, onları daha da inkişaf etdirmək zəruridir. Çünki təkmilləşdirmə prosesi fasiləsiz davam etməlidir. Bir az əvvəl vurğuladığım kimi, bizim dəyərlərimizdən biri yeniliyə açıq olmaqdır - dünya miqyasında baş verən innovasiyalardan öyrənmək və onları tətbiq etməkdir.

Eyni zamanda, ölkəmizdə gömrük sahəsinin inkişafı ilə bağlı özümüzündə təcrübəmiz formalaşıb. Artıq gömrük sistemi elə bir səviyyəyə çatıb ki, öz nümunələrini, öz təcrübəsini digər dövlətlərə də təqdim edir və biz bu faktı böyük qürurla bildirmək istəyirik. Buna görə sualınıza cavab olaraq qeyd etmək istərdim ki, hazırda mövcud prosedurların hansı formatda həyata keçirilməsi üçün bir çox işlər görmüşük. Məsələnin mahiyyətinə keçsək, bir az əvvəl burada qeyd etdiyimiz kimi, süni intellekt əsaslı avtomatlaşdırılmış risk analiz sistemi olduqca mükəmməl bir sistemdir. Çünki bu, yoxlama prosedurlarının azaldılmasına, daha keyfiyyətli dəyərləndirmənin aparılmasına, biznesin istəklərinə uyğun olaraq, yəni malların daha sürətli buraxılmasına xidmət edir.

Rəqəmlərə nəzər yetirsək, bu sistemin tətbiqi nəticəsində sərhədkeçmə prosedurlarının 25 %, malların rəsmiləşdirmə müddətinin 22 % və fiziki yoxlamaların 20 % azaldılması səviyyəsinə çatmışıq. Bu o deməkdir ki, yoxlamalar azalır, yüklər daha qısa müddətdə sahibkarların ixtiyarına verilir, sonra isə istehlakçılara paylanır. Deməli, burada biz elektron sistemlər, rəqəmsal alətlər tətbiq edirik və qeyd etməliyəm ki, rəqəmsal gömrük dəyəri layihəsini artıq iyunun 1-dən istifadəyə vermişik. Bu, tamamilə yeni yanaşmadır, sadələşdirmədir. Bu, sistemlilikdir və şəffaflıqdır. Çünki bizim dəyərlərimizdən biri də şəffaflıqdır. Biznes mühitinin daha da yaxşılaşdırılması üçün rəqəmsal gömrük dəyəri sistemi daha düzgün dəyərləndirmə prosesini təmin edir və sadələşdirməni həyata keçirir. Bununla yanaşı, sadələşdirmə ilə əlaqədar bir sıra digər qaydalarımız da var. 2025-ci ilin sonunda Cənab Prezident tərəfindən biznes mühitinin inkişafına xidmət edən Etibarlı Tərəfdaşlıq Konsepsiyası barədə müvafiq sərəncam imzalandı.

Bu sərəncamın əsas mahiyyəti bizneslə gömrük və bütövlükdə dövlət strukturları arasında tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsi, etimad və dialoqa əsaslanan əlaqələrin gücləndirilməsinə yönəlib. Bu baxımdan perspektiv planlarımızda və cari fəaliyyətimizdə tərəfdaşlıq səviyyəsinin artırılması, biznesin ehtiyaclarının öyrənilməsi əsas yerlərdən birini tutur. Biz hər bir suala cavab verməyə hazırıq. Bu sualların verilməsini istəyirik. Çünki proseslərdə yaranan hər bir sual onların fəaliyyətinə bu və ya digər formada təsir göstərir. Ona görə bunu mümkün qədər tez nəzərdən keçirmək və biznesə dəstək olmaq vacibdir. Biz eyni zamanda biznesdən qaynaqlanan, onların özlərinin yaratdığı çətinlikləri izah etmək və onlara layiqli, münasib metodlardan istifadə etməyi tövsiyə etmək məsuliyyətini də öz üzərimizə götürmüşük. Bir sözlə, sadələşdirilmiş prosedurlar, eləcə də rəqəmsallaşma yolu ilə keyfiyyətin yüksəldilməsi, əlaqələrimizin möhkəmləndirilməsi biznes üçün böyük əhəmiyyət daşıyır. Gömrüyü biznesdən ayrı bir qurum kimi deyil, tərəfdaş bir təşkilat kimi görmək bizim arzumuzdur və bunun üçün bütün səylərimizi ortaya qoyuruq. Bu sahədə bir çox uğurlarımız var. Dediyimiz kimi, fəaliyyətimizin əsas məqsədi məmnuniyyət səviyyəsinin yüksəldilməsi vasitəsilə biznes üçün rahat mühit yaratmaqdır. Rahat mühit yaratmaq, könüllü riayətetmə səviyyəsinin artırılmasıdır.

Mən bu barədə bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. 2025-ci ildə Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası tərəfindən keçirilən sorğu çərçivəsində Azərbaycanda rəqəmsal texnologiyaların tətbiqi və ticarətin davamlı asanlaşdırılması ilə bağlı aparılmış araşdırmada, kağızsız texnologiyalardan istifadə, rəqəmsallaşmaya keçid və tətbiq olunan alətlər üzrə 180 ölkə arasında Azərbaycanın 4-cü yeri tutması əla nəticədir. Hesab edirik ki, bu göstəricilər daim diqqət mərkəzində saxlanılmalı və bütün sahələrdə rəqəmsallaşma tətbiq edilməlidir.

Beləliklə, geniş kontekstdən bu məsələyə yanaşsaq, şübhəsiz ki, bu bizim gündəlik işimizdir, çünki ticarət asanlaşdırılmalıdır. Digər tərəfdən, bir məqama da xüsusilə toxunmaq istəyirəm. Hesab edirik ki, bu, doğru yanaşmadır və fəaliyyətimizin hansı prinsiplər əsasında qurulduğunu əks etdirir. Yəni şəffaflaşma, biznesə etimad, məsləhətləşmələr, müzakirələr, layihələrin ilkin razılaşdırılması, açıq formada bizneslə iş aparılması - bütün bunlar əsas istiqamətlərimizdir. Elektron hesab səhifəsini bizneslə birgə hazırlamışıq, onu təqdim etmişik və nəticədə bir çox məsələ burada öz-özlüyündə həllini tapır. Hesab edirik ki, bizneslə bu əməkdaşlığımız həm idxal, həm də ixrac əməliyyatları zamanı prosedurların sadələşməsinə mühüm töhfə verir.

Gömrük tarifləri sistemində hansı dəyişikliklər gözlənilir? Azadolmaların sayının azaldılması istiqamətində hansı işlər görülür və bunun gömrük yığımlarına təsiri necədir?

- Çox sağ olun. Ölkəmizdə iqtisadi aktivliyin dəstəklənməsi məqsədilə həyata keçirilən tarif siyasətinin əsas prioritetlərindən biri müxtəlif sahələr üzrə azadolma mexanizmlərinin tətbiqidir. İllər üzrə dinamikaya nəzər saldıqda aydın olur ki, bu azadolmaların nəticəsində bir sıra sahələrdə iqtisadi canlanma müşahidə edilir.

Təbii ki, biz gömrük orqanı olaraq bu prosesi xidmət xətti üzrə izləyirik. Eyni zamanda bu məsələyə məsul olan qurumlar və nazirliklər də bunu mütəmadi qaydada nəzərdən keçirərək öz qiymətləndirmələrini həyata keçirirlər. Biz isə məhz gömrük xətti vasitəsilə bu prosesi izləyirik.

Vurğulamaq istərdim ki, azadolmaların həcmi doğrudan da olduqca böyükdür. Əvvəl də qeyd etdiyim kimi, onların məqsədi iqtisadi aktivliyin stimullaşdırılmasına, əlavə dəyərin yaradılmasına, istehsal güclərinin genişləndirilməsinə və məhsuldarlığın artırılmasına yönəlib. Bu azadolmalar həm sahələr, həm də əmtəə qrupları üzrə tətbiq edilir.

2025-ci ildə idxalın həcmi 18,1 milyard ABŞ dolları olduğu halda, 29,5 % əlavə dəyər vergisi üzrə, 52,5 %-i isə gömrük rüsumları üzrə azadolmalar tətbiq edilib. Bu isə 3 milyard 424 milyon manat məbləğindədir. Bu kifayət qədər böyük rəqəmdir. 2026-ci ilin müvafiq dövründə, yəni 5 aylıq müddətdə də bu faizlər eynilik təşkil edir.

Məhz buna görə bu məsələnin effektivliyi ilə bağlı hökumətimiz tərəfindən müvafiq müzakirələr həyata keçirilir.

Hazırda tarif dərəcələrinin azaldılması kontekstində hər hansı yeni təşəbbüs mövcud deyil. Mövcud tarif azadolmaları artıq büdcə paketi çərçivəsində təsdiqini tapıb. Biz isə azadolmaların səmərəliliyini ölçülməsi üçün işlər aparırıq ki, onların iqtisadi artıma və məhsul istehsalına hansı dərəcədə töhfə verdiyini müəyyən edək.

Başlıca məqsəd iqtisadi tənzimləmə alətləri vasitəsilə ixrac potensialının artırılmasıdır. Lakin digər tərəfdən nəzərə almaq lazımdır ki, bunun üçün müvafiq istehsal gücləri mövcud olmalıdır. Bundan başqa, Azərbaycanda ənənəvi istehsalı olmayan və xarici ölkələrdən tədarükü zəruri olan malların idxalı da təmin edilməlidir.

Bu məqamda idxalın strukturunu təhlil etmək lazımdır. Təbii ki, fikir bildirmək istəyirəm ki, idxala hər zaman ehtiyac var və olacaq. Ancaq burada əsas məsələ onun hansı növdə və hansı strukturda olmasıdır.

Struktura diqqət yetirsək, görərik ki, azadolmaların böyük hissəsi hazır məhsullara deyil, sənaye avadanlıqlarına, ehtiyat hissələrinə və aralıq məhsullara şamil olunur. Bunlar son məhsulun istehsalı prosesində istifadə olunan mallardır. Yəni söhbət əsasən avadanlıqlardan gedir. Bununla yanaşı, müxtəlif sahələrdə tətbiq olunan aralıq məhsullar da mövcuddur.

Bütün bunların əsas hədəfi isə son nəticədə gələcəkdə ixrac imkanlarının genişləndirilməsinə xidmət etməkdir. Hesab edirik ki, bu yanaşma davamlı olaraq nəzərdə saxlanılır.

Biz müxtəlif institusional görüşlərdə, fərqli səviyyələrdə keçirilən müzakirələrdə bu məsələləri nəzərdən keçiririk və hökumətimiz bu sahədə lazımi qərarları qəbul edir.

Şahin müəllim, növbəti sualım avtomobil bazarının iştirakçıları ilə əlaqədardır. İstehsal tarixi 3 ili keçməyən hibrid və elektrik mühərrikli nəqliyyat vasitələrinin ƏDV-dən azad edilməsinə dair qərar artıq qüvvəsini itirib. Bu qərar Dövlət Gömrük Komitəsinin büdcə daxilolmalarına hansı təsirini göstərib və ümumilikdə ölkənin avtomobil bazarına necə təsir edib?

Ümumiyyətlə, bu avtomobil məsələsi kütləvi istehlakçını daim düşündürən məsələdir. Yeni imtiyazların tətbiqi mümkün ola bilərmi? Belə bir müzakirələr varmı?

- 2025-ci ilin yekunlarına əsasən Azərbaycana 68 min ədəddən artıq hibrid avtomobil gətirilib. Burada əsas etibarilə 3 illik müddət şərti nəzərə alınırdı və mühərrik həcmi 2500 sm³-dən az olan avtomobillərə müəyyən güzəştlər şamil olunurdu.

Bununla yanaşı, elektrik avtomobillərinə gəlincə, ötən il, yəni 2025-ci ildə təxminən 2000 ədədə yaxın nəqliyyat vasitəsi idxal edilib. Cari ilin 5 aylıq göstəricilərinə nəzər salsaq, bu rəqəm keçən ilin eyni dövrü ilə müqayisədə təqribən 2 dəfə azdır. Biz anlayırıq ki, bunun səbəbi güzəştlərin aradan qaldırılmasıdır, yəni azadolmalar ləğv olunub. Bundan əlavə, 2025-ci ildə vətəndaşlarımız ehtiyacları çərçivəsində kifayət qədər sayda avtomobili güzəşt müddəti ərzində artıq ölkəyə gətirib.

Növbəti mərhələdə bu proses yenidən artım göstərə bilər, lakin ümumilikdə 12 milyon manatdan çox gömrük ödənişinin yığılması təmin edilib. Bu, 5 aylıq dövr ərzində baş verib, baxmayaraq ki, nəqliyyat vasitələrinin sayı təxminən 2 dəfə azalıb. Hazırda bu avtomobillərin idxalının hansı dinamika ilə dəyişəcəyini dəqiq söyləmək mümkün deyil, çünki mövcud rəqəmlər azalma tendensiyasını əks etdirir. İlin sonunda bu məsələyə yenidən baxaraq daha aydın mənzərəni ortaya qoymaq olar.

Şahin müəllim, bilavasitə vətəndaşlarla və sahibkarlarla təmasda işləyən dövlət qurumlarında insan amili faktoru həmişə çox vacibdir. DGK-də bu baxımdan vəziyyət necədir? Biz mütəmadı olaraq xəbərlərə rast gəlir ki, Dövlət Gömrük Komitəsində yoxlama aparılır, hansı pozuntular, nöqsanlar görülür. Siz bundan və şəffaflıq mövzusunda danışmışdınız. Siz nələr edirsiniz ki, daha şəffaf olasınız və bu şəffaflığın təmin edilməsini nəzarətdə saxlayasınız?

- Gömrük sistemində şəffaflıq və kollektiv idarəetmə sisteminin tətbiq edilməsi üçün şəffaflıq əmsalı çox yüksək olmalıdır. Məlumdur ki, şəffaflıq artdıqca qarşılıqlı əlaqə və məmnunluq səviyyəsi də yüksəlir. Bu amillər bir-biri ilə sıx bağlıdır və əsas fəaliyyət prioritetlərimizdən birini təşkil edir.

Tarix baxımından gömrük orqanlarının işinə dair müxtəlif iradlar və tənqidi yanaşmalar mövcud olub. Bu məsələlər hərtərəfli təhlil edilir və dəyərləndirilir. Həm görüşlər zamanı, həm də mətbuat çıxışlarında vurğulanır ki, belə halların baş verməsinin qarşısının alınması, tənqidlərin minimuma endirilməsi, gömrük orqanlarının fəaliyyətinin və əməkdaşların davranış səviyyəsinin artırılması üçün məqsədyönlü tədbirlər görülməlidir. Paralel olaraq insan təmasının minimuma endirilməsi də əsas hədəflərdən biridir.

Bu sahədə aparılan işlər çoxşaxəlidir və artıq illər əvvəl bu proseslərə start verilib. İlk növbədə qeyd etmək lazımdır ki, gömrük orqanlarının göstərdiyi xidmətlərin həcmi əhəmiyyətli dərəcədə genişləndirilib. Son iki il ərzində xidmət növlərinin sayı 20 vahid artaraq 36-ya yüksəlib. Həmçinin bu müddət ərzində istifadəçi sayı 40 % artıb və hazırda 37 milyondan çox istifadəçi gömrük xidmətlərindən bəhrələnir.

Bütün bu xidmətlər elektron qaydada, təmassız formatda təqdim edilir. Başqa sözlə, vətəndaşlar və sahibkarlar gömrük orqanlarına şəxsən müraciət etmədən, məsafədən lazımi sənədləri və bəyannamələri göndərə, cavablarını isə elektron formada əldə edə bilirlər. Bu yanaşma təmasları əhəmiyyətli dərəcədə azaldır və potensial mənfi halların qarşısını alır.

Məhz buna görə rəqəmsallaşma həm əsas strateji hədəflərdən birini, həm də mənfi halların qarşısının alınmasında ən mühüm vasitələrdən birini təşkil edir. Bundan əlavə, digər nəzarət alətləri də mövcuddur. Qaynar xətt vasitəsilə daxil olan müraciətlər diqqətlə araşdırılır. Gömrük rəsmiləşdirilməsi prosesində yaxa kameralarından da istifadə olunur ki, vətəndaşlarla münasibətlər müvafiq standartlara uyğun qurulsun.

Lakin xüsusi olaraq vurğulamaq vacibdir ki, gömrük orqanları öz fəaliyyətinin təkmilləşdirilməsi üçün intensiv şəkildə çalışır. Əməkdaşlar etik davranış normalarına əməl etməklə yanaşı, müxtəlif təlim proqramlarına cəlb olunur və peşəkarlıq səviyyələrinin artırılması məqsədilə çeşidli proqramlarda iştirak edirlər.

Gömrük sistemi daxilində yaradılan inkişaf proqramları və müsabiqələr əməkdaşların fəal iştirakı ilə həyata keçirilir. Bunlar karyera yüksəlişinə yönəlmiş proqramlardır. Gömrük sistemində karyera inkişafı mütləq qaydada müsabiqə əsasında reallaşdırılır. Bu, gömrük strukturlarında tətbiq olunan mexanizmlərdən biri olub zəruri şərt kimi müəyyən edilib.

Daha yüksək vəzifəyə irəliləmək və ya karyera inkişafına nail olmaq üçün mütləq surətdə gömrük xidməti tərəfindən təşkil olunan müsabiqə mərhələlərindən uğurla keçmək tələb olunur. Müvəffəqiyyətli nəticə göstərdikdən sonra əməkdaş sonrakı pillələrə və müvafiq vəzifələrə təyin edilir.

Bu hədəflər və proseslər bir-biri ilə qarşılıqlı əlaqədədir və son nəticədə vətəndaşlara təqdim olunan xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət göstərir. Bu baxımdan həm sistemin inkişafı təmin olunur, həm də kollektivin daha səmərəli fəaliyyət göstərməsi üçün şərait yaradılır.

Qaçaqmalçılıq və gömrük normalarının pozulması hallarına qarşı mübarizə DGK-nin əsas fəaliyyət sahələrindən biridir. Son dövrdə bu istiqamətdə hansı nailiyyətlər qazanılıb və hazırkı mərhələdə ən ciddi risklər hansı sahələrdə özünü göstərir?

- Qeyd etdiyim kimi, gömrük fəaliyyəti çərçivəsində ticarətin asanlaşdırılması ilə yanaşı, cəmiyyətin qorunması da başlıca fəaliyyət prioritetlərimizdən biridir. Məhz bu kontekstdə cəmiyyətin hansı vasitələrlə qorunduğuna nəzər yetirmək vacibdir. Şübhəsiz ki, ilk öncə gömrük tənzimlənməsi mexanizmləri vasitəsilə.

Bundan əlavə, biz qanunsuz daşımaların, qaçaqmalçılıq hallarının, qeyri-leqal ticarətin, saxta məhsulların ölkəyə daxil edilməsinin aşkarlanması və onların dövriyyədən kənarlaşdırılması istiqamətində fəaliyyət göstəririk.

Bu sahədə təcrübəmiz mütəmadi olaraq artır. Biz sabit və sistemli mexanizmlərdən yararlanırıq. Yetərli sayda mütəxəssislərimiz, əməliyyat strukturumuz və istintaq fəaliyyətimiz mövcuddur. Qaçaqmalçılıqla mübarizə aparan qurumlarımızın bilik və peşəkarlıq səviyyəsi də yüksəlir və bu sahədəki göstəricilərimiz son dövrlərdə nəzərəçarpacaq səviyyədədir.

Bu kontekstdə ilk növbədə narkotik maddələrin aşkarlanması ilə əlaqədar göstəriciləri vurğulamaq istərdim. 2025-ci il və 2026-cı ilin ilk beş ayı ərzində 2 tondan artıq narkotik vasitə aşkar edilərək dövriyyədən çıxarılıb. Burada həm ağır tərkibli narkotiklər, həm sintetik narkotik maddələr, həm də nisbətən yüngül tərkibli narkotiklər müəyyənləşdirilib.

Onların bir hissəsinin tranzit yolu ilə ölkəmizdən keçirilməsinə cəhd edilib və biz bunun qətiyyətlə qarşısını almışıq.

Vurğulamaq lazımdır ki, narkotik vasitələrin gizlədilmə üsullarında müxtəlif texnoloji imkanlardan istifadə olunur. Cinayətkarlar elə vasitələrdən istifadə edirlər ki, gömrük əməkdaşları həmin üsulları aşkar edə bilməsinlər. Müxtəlif texnoloji avadanlıqların daxilində gizlədilməklə, bərk materialların içərisinə hopdurulmaqla və digər fərqli üsullarla törədilən cinayət əməlləri ilə qarşılaşırıq. Təbii ki, biz bunun qarşısını alırıq və almağa davam edəcəyik. Bu istiqamətdə narkotik qaçaqmalçılığı ilə bağlı cinayətlərin üzə çıxarılması üzrə intensiv işlər aparılır.

Bundan başqa, aksizli malların, tütün məhsullarının və spirtli içkilərin qanunsuz keçirilməsinə qarşı da mübarizə həyata keçiririk. Aparılan fəaliyyət nəticəsində 2025-ci ildə xeyli miqdarda tütün məhsulunun və spirtli içkinin qeyri-qanuni keçirilməsinin qarşısı alınıb. Rəqəmlərlə ifadə etdikdə, 5 milyon manatdan artıq dəyərdə bu kimi məhsulların qanunsuz dövriyyəsinin qarşısı alınıb.

Eyni zamanda dərman vasitələrinin qanunsuz keçirilməsi hallarına qarşı da ciddi mübarizə aparılır. Əfsuslar olsun ki, müxtəlif kanallar vasitəsilə xarici dövlətlərdən dərman vasitələrinin qeyri-qanuni gətirilməsi faktları baş verir və biz bunun qarşısını alırıq. Rəqəmlərlə ifadə etsək, son dövrdə 5 milyon manat dəyərində dərman vasitələrini qanunsuz dövriyyədən çıxarılıb.

Burada qeydiyyatsız, keyfiyyəti məlum olmayan dərman vasitələrinin müxtəlif yollarla ölkəyə keçirilməsinə təşəbbüs göstərilib və biz bunun qarşısını almışıq.

Bir sözlə, bu istiqamətdə çoxsaylı nəticələrimiz mövcuddur. Həmçinin 2025-ci il və 2026-cı ilin 5 ayı ərzində cinayət əməlləri ilə dövlətə vurulmuş 10 milyon manata qədər vəsaitin dövlət büdcəsinə ödətdirilməsi təmin edilib.

Ümumilikdə bu sahədə hərtərəfli işlər görülür və biz sistemli, davamlı mübarizə tədbirlərini tətbiq etməliyik. Xüsusi olaraq qeyd edilməlidir ki, hüquq-mühafizə orqanları ilə çox sıx qarşılıqlı əməkdaşlıq aparırıq və məhz bu birgə fəaliyyət nəticəsində bir sıra cinayət əməlləri aşkarlanır.

Təəssüf ki, bəzi hallarda gömrük işçiləri də bu proseslərə qoşulur, onların iştirakçısına, hətta bəzən təşkilatçısına çevrilirlər. Buna görə də biz bununla barışmayacağıq və buna qarşı qətiyyətli mübarizə aparırıq.

Bir daha ayrıca vurğulamaq istəyirəm ki, bu sahədə mübarizə aparan bütün qurumlara minnətdarlığımı ifadə edirəm. Onlar həyata keçirilən mübarizə tədbirlərinə əhəmiyyətli dəstək göstərirlər.

Şahin müəllim, əvvəllər adi vətəndaşların gömrük sistemi ilə qarşılıqlı əlaqəsi daha az idi. Ancaq elektron ticarətin sürətli inkişafı sayəsində bu gün vətəndaşların gömrük orqanları ilə təması əhəmiyyətli dərəcədə genişlənib. Təbii ki, bu vəziyyət gömrük xidməti üçün yeni çağırışlar yaradır. Bu çağırışlar fonunda DGK hansı tədbirləri görüb və gələcəkdə hansı yeniliklərin reallaşdırılması nəzərdə tutulur? Eyni zamanda, sizin fikrinizcə, vətəndaşlar gömrük qaydaları və prosedurları barədə hansı məqamlara diqqət yetirməlidirlər ki, proseslər onlar üçün daha sadə və rahat keçsin?

-Sualınızın sonuncu hissəsindən başlamaq daha uyğun olardı. Çünki təcrübəmiz göstərir ki, bu suala cavab verməzdən öncə bir mühüm məqamı qeyd etmək istərdim.

Ümumiyyətlə, gömrük dəyərinin təyin edilməsi üçün 6 üsul mövcuddur. Bu üsullar beynəlxalq normalarla müəyyən edilmiş üsullardır və gömrük dəyərləndirilməsi zamanı məhz bu üsullara istinad olunur və onun əsasında hesablamalar həyata keçirilir. Burada 6 üsulun ən əsaslarından biri sövdələşmə qiymətlərinə əsaslanan üsuldur. Sövdələşmə qiymətləri əsasında gömrük dəyərinin təyin edilməsi nəyi ifadə edir? Bu, qarşılıqlı etibar deməkdir, yəni gömrük orqanlarına təqdim olunan bəyannamələrdəki və sənədlərdəki məlumatlar həqiqətən doğru və düzgündür, burada əlavə yoxlamalara, dəyərin korreksiyasına lüzum yaranmır.

Təqdim edilmiş məlumatlar əsas götürülür. Sevindirici haldır ki, artıq birinci dəyərləndirmə üsulu, yəni gömrük orqanlarına təqdim edilmiş məlumatlara əsaslanan üsul 76,4 %-ə çatıb. İllər üzrə müqayisə aparsaq, əvvəllər bu göstərici daha aşağı idi. Bu o deməkdir ki, biznes artıq məlumatlıdır, hansı sənədləri təqdim etməli olduğunu, gömrük prosedurlarında könüllü riayətetmənin nədən ibarət olduğunu bilir.

Könüllü riayətetmənin əsas prinsipi ondan ibarətdir ki, hər bir sahibkar könüllü riayət vasitəsilə məhz öz dövlətinə xidmət göstərir. Bu yolla - könüllü riayətetmə, vaxtında ödəniş etmə - dövlətimizə, iqtisadiyyatımıza, ümumi rifahımıza töhfə verilir. Buna görə bu ümdə məsələlər olduğundan, çoxsaylı sahibkarlıq subyektləri məhz bu hədəflər istiqamətində fəaliyyət göstərir. Biz mərkəzi icra hakimiyyəti orqanı kimi buna böyük əhəmiyyət veririk.

Eyni zamanda elektron ticarət mövzusuna gəlincə, elektron ticarət yolları ilə malların alınması əsasən fiziki şəxslər tərəfindən həyata keçirilir. Burada rəqəmləri də açıqlamaq istərdim. 2025-ci ildə bu göstərici 1,2 milyondan çox insanı əhatə edib - onlar elektron ticarət vasitəsilə müxtəlif əşyaları xarici ölkələrdən sadələşdirilmiş qaydalar çərçivəsində əldə ediblər. Bunun ümumi həcmi 501 milyon ABŞ dolları təşkil edir. Bu, ciddi bir rəqəmdir. Həmin vətəndaşlar tərəfindən 16 milyon bəyannamə təqdim olunub. Bu, sadələşdirilmiş prosedurlarla gətirilən mal həcmidir və yaxın coğrafiyada yerləşən ölkələrin təcrübəsinə nəzər salsaq, Azərbaycan bu sahədə lider mövqedədir. Vətəndaş yönümlü, sosial yönümlü ticarətin, elektron ticarətin dəstəklənməsi baxımından ölkəmiz öndədir. Bununla yanaşı, əlbəttə, burada qaydalara əməl olunması zəruridir, çünki elektron ticarət öz-özlüyündə hər hansı məhsulun tamamilə sərbəst şəkildə gətirilməsi anlamına gəlmir. Qaydalara riayət olunmalıdır - bəyannamədə gömrük dəyəri düzgün göstərilməlidir. Burada mütəmadilik prinsipi əhəmiyyətlidir, çünki bir sıra hallarda bəzi vətəndaşlar bundan sui-istifadə etməyə meyl göstərirlər. Çoxsaylı malları şəxsi istifadə adı altında ölkəyə gətirirlər, nəticədə gömrük ödənişlərindən yayınırlar. Bunun qarşısını almaq üçün biz hesab edirik ki, biznesə bu barədə məlumat veririk, onlarla görüşlər təşkil edirik. Artıq iyun ayının 1-dən elektron ticarət vasitəsilə alınan malların ölkəyə gətirilməsində "smart-customs" sistemində gömrük bəyannaməsinin tərtibi üçün yeni yanaşmalar tətbiq edilir. Artıq identifikasiya prosesi "ASAN İmza", "SİMA", "MyGOV QR" vasitəsilə reallaşdırılır. Bu həm şəffaflığı artırır, həm də dövlətimiz tərəfindən müəyyən edilmiş güzəştlərdən istifadə zamanı qaydalara riayətetmə səviyyəsini yüksəldir.

Biz əminik ki, bu ticarət növündən sui-istifadə edən şəxslər bundan sonra malları yalnız şəxsi istifadə məqsədilə xarici ölkədən gətirəcəklər, kommersiya məqsədli olduğu halda isə adi qaydada bəyan edərək, müvafiq gömrük ödənişlərini dövlət büdcəsinə ödəyəcəklər.

Deməli, bir şəxsin bir neçə fərqli şəxsiyyət vəsiqəsi toplayaraq öz ehtiyacları adı ilə ölkəyə məhsul idxal etməsi cəhdlərinin sayı enəcək.

- Əfsuslar olsun ki, belə vəziyyətlərlə rastlaşırıq və biz onların qarşısını mütəmadi alırıq, elə bu səbəbdən də tez-tez gömrük orqanlarının ünvanına tənqidi fikirlər söylənilir. Lakin unutmaq olmaz ki, gömrük orqanlarının başlıca vəzifəsi məhz gömrük nəzarətini həyata keçirməkdən ibarətdir. Gömrük nəzarəti idxal olunan malların, onlara dair məlumatların yoxlanılması və eyniləşdirilməsi və nəticə etibarilə cəmiyyətimizin təhlükəsizliyini təmin etməyi özündə birləşdirir.

Dövlət Gömrük Komitəsinin fəaliyyətinin rəqəmsallaşdırılması məqsədilə sistemdə mühüm layihələrin icra edildiyi məlumdur. Onlayn xidmətlər, elektron bəyannamələr və müxtəlif rəqəmsal alətlərin istifadəsi gömrük rəsmiləşdirilməsi proseslərinə hansı təsirləri göstərib? Gələcək illər ərzində bu istiqamətdə daha hansı müasir texnologiyaların tətbiqi nəzərdə tutulur?

- İlk növbədə bildirim ki, texnoloji yeniliklərin tətbiqi bizim gündəlik diqqət mərkəzimizdədir. Tam rəqəmsal transformasiyanın reallaşması üçün kollektivimiz böyük əzmlə fəaliyyət göstərir. Hazırda elektron "Vahid pəncərə" prinsipinin rəqəmsal əsaslarla həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə iş aparırıq. Hesab edirik ki, rəqəmsal əsaslı "Vahid pəncərə" sistemi sahibkarların mənafelərinə birbaşa xidmət edən , əməliyyatların sürətlənməsinə, biznes subyektlərinin vaxtında məlumatlandırılmasına, xərclərin və zaman itkisinin minimuma endirilməsinə, eləcə də istehlakçılarla əlaqələrin daha etibarlı qurulmasına şərait yaradan mühüm rəqəmsal alətidir.

Artıq müvafiq işlərə start verilib və yaxın gələcəkdə bu layihənin tam şəkildə istifadəyə verilməsi iqtisadi inkişafa öz müsbət təsirini göstərəcək, prosesləri sürətləndirəcək. Ölkə Prezidentinin müvafiq sərəncam və tapşırıqlarına əsasən davamlı şəkildə aparılan bu işlərin nəticəsi həm ümumi ticarət dövriyyəsinə, həm də tranzit daşımalarına fayda verəcəkdir.

Əlavə olaraq, gömrük inzibatçılığı ilə əlaqədar məsələlərə də diqqət çəkmək istərdim. Əsas hədəfimiz olan data əsaslı qərar qəbuletmə mexanizmlərinin qurulmasına başlamışıq. Məqsədimiz məlumatların təhlilinə əsaslanan müasir gömrük modelini formalaşdırmaqdır. Bu istiqamətdə qabaqcıl beynəlxalq təcrübələr öyrənilir və süni intellekt texnologiyalarının tətbiqinə xüsusi önəm verilir.

Avtomatlaşdırılmış risk analiz sistemində artıq süni intellektdən istifadə olunur. Hazırda daxili kargüzarlıq daxil olmaqla, 4 fərqli istiqamətdə süni intellektin tətbiqi üzrə nümunələrimiz mövcuddur və bu təcrübəni bütövlükdə rəqəmsal gömrük sisteminə inteqrasiya edəcəyik.

Həmçinin, tranzit və idxal əməliyyatları zamanı potensial risklərin aşkarlanması məqsədilə rentgen (X-ray) avadanlıqlarından əldə edilən məlumatların süni intellekt vasitəsilə analizi həyata keçiriləcək. Bütün bu yeniliklər bir-biri ilə sıx bağlıdır və prosesləri tamamlayır. Hər bir layihənin fərdi önəmi olmaqla yanaşı, kompleks şəkildə onlar qurumun fəaliyyətini daha çevik, müasir və hədəfyönlü edəcək. Əsas məqsədimiz dövlət maraqlarını müdafiə edən və ölkə rəhbərliyinin qarşımıza qoyduğu tapşırıqları yüksək səviyyədə icra edən bir təsisat olaraq fəaliyyətimizi inkişaf etdirməkdir.

Ötən ilin sonlarında Prezident İlham Əliyev "Etibarlı Tərəfdaş Konsepsiyası" ilə bağlı müvafiq sərəncam imzaladı. Bu sənədin başlıca hədəfi nədən ibarətdir və o, özü ilə hansı dəyişiklikləri gətirir? Hazırda bu istiqamətdə hansı işlər görülüb və yaxın perspektivdə, o cümlədən bu il ərzində hansı tədbirlərin həyata keçirilməsi planlaşdırılır?

- Bu istiqamətdə diqqət çəkmək istədiyimiz bir neçə vacib məqam var. Bildirməliyəm ki, bu, keçmiş dövrlə müqayisədə dövlətlə biznes strukturları arasındakı əlaqələrin tamamilə yeni mərhələsi və fərqli formatıdır. Sözügedən konsepsiya bu münasibətlərin qanuni bazasını, hüquqi çərçivələrini və institusional formalaşmasını tənzimləyən əhəmiyyətli sənəd olmaqla yanaşı, innovativ təşəbbüsləri də özündə birləşdirir.

Bunun üçün ilk olaraq Səlahiyyətli İqtisadi Operator sisteminə diqqət yetirməliyik. Düzdür, ölkəmizdə bu mexanizm artıq fəaliyyət göstərir, lakin məhz yeni tərəfdaşlıq konsepsiyası daxilində onun tətbiq dairəsi daha da genişləndiriləcək. Daha anlaşıqlı şəkildə desək, Səlahiyyətli İqtisadi Operator anlayışı gömrük qurumlarının icra etdiyi və əlavə vaxt, eləcə də xərc tələb edən bəzi funksiyaların könüllülük, etibar və qarşılıqlı informasiya mübadiləsi prinsipləri əsasında bu operatorlara dövr edilməsini ehtiva edir.

Yekunda, Səlahiyyətli İqtisadi Operatorların iş prosesi sürətlənəcək, mürəkkəb texniki prosedurlar daha operativ icra ediləcək, maliyyə xərcləri minimuma enəcək və mövcud risklər optimal şəkildə idarə olunacaq. Bu yanaşma gömrük orqanları üçün də səmərəlidir.

Beləliklə, gömrük əməkdaşlarının fəaliyyətini digər prioritet sahələrə yönləndirmək imkanı yaranacaq. Çünki əməkdaşların fəaliyyət bölgüsü analiz edilərkən bəzi istiqamətlərdə əlavə qüvvələrə ehtiyac olduğu müşahidə edilir. Məhz buna görə də, tətbiq edilən sistem gömrük personalının işinin optimallaşdırılmasına və iş yükünün daha səmərəli şəkildə paylanmasına öz müsbət təsirini verəcək.

Bunlardan əlavə, Səlahiyyətli İqtisadi Operator statusu alanlara gömrük ödənişlərinin ödənilməsi zamanı xüsusi imtiyazlar təqdim olunacaq. İlk olaraq, dəyərləndirmə prosesində düzgün məlumatların təqdim olunması təmin ediləcək və iştirakçılar xüsusi təlim proqramlarına cəlb ediləcəklər.

Həmçinin, sualda vurğulandığı kimi, bu konsepsiya daxilində ikipilləli buraxılış sistemi işə salınacaq. Bu sistemin əsas prinsipi ondan ibarətdir ki, əgər şirkətin riskli əməliyyatları yoxdursa və etibarlıdırsa, gömrük ödənişlərinin bir müddət sonra ödənilməsinə imkan yaradılacaq. Praktik səviyyədə bu sahədə ilkin addımlar atılıb. Ancaq yeni konsepsiyanın icrası ilə həmin proses daha təkmil şəkildə reallaşdırılacaq.

Başqa sözlə, ölkəyə gətirilən yüklər üzrə gömrük ödənişlərinin dərhal deyil, müəyyən zaman çərçivəsində–30 gün müddətində ödənilməsinə şərait yaradılacaq. Bu cür yanaşma müəssisələrə maliyyə vəsaitlərini daha düzgün idarə etməyə, malların satışını sürətləndirməyə və ödənişləri satışdan əldə edilən gəlirlərlə ödəməyə imkan verəcək. Bir sözlə, mexanizm sahibkarlara böyük sərbəstlik gətirəcək. Bütün bu mütərəqqi addımlar "Etibarlı Tərəfdaş Konsepsiyası"nın tərkib hissəsidir. Bununla bərabər, sənəd tərəflər arasında qarşılıqlı inamın güclənməsinə yol açacaq.

Öncə vurğuladığım kimi, sağlam etibar mühiti həm də qanunsuz fəaliyyətlərin qarşısını almaq üçün vacib vasitədir. Nəzərə alsaq ki, lazımi informasiyalar əsasən sahibkarlardadır. Onlar öz ixtisaslaşdıqları sektorlarda baş verən dinamikanı daha dərindən bilirlər və spesifik istiqamətlərdə işləyirlər. Bu baxımdan, bizneslə informasiya axınının gücləndirilməsi qeyri-qanuni yük daşımalarının qarşısının alınmasına kömək edəcək. Prosesin fərqli müsbət tərəfləri də mövcuddur. Nümunə üçün, ixrac prosedurları zamanı dərhal buraxılış sistemi işə salınacaq. Yəni, yerli istehsal olan mallar xarici ölkələrə ixrac edilərkən, inam prinsipinə əsaslanaraq yoxlanışlara lüzum görülməyəcək.

Buna görə də, malların nəqliyyat vasitələrinə yüklənməsi prosesinə birbaşa müdaxilə edilmədən onların sərhəddən keçidi təmin ediləcək və avtomobillər fiziki gömrük yoxlamasından azad olunacaq. Bu detallar barədə digər həmkarlarımız da fərqli platformalarda geniş ictimaiyyətə məlumat çatdırıblar.

Həmçinin, biznesin ixrac potensialını stimullaşdıran yeni sistemlər də var. Bildirmək istəyirəm ki, ölkədən məhsul ixracının effektivliyini yüksəltmək məqsədilə xüsusi güzəşt paketləri və təşviq vasitələri hazırlanıb. Bu imtiyazlara logistik proseslərin sadələşdirilməsi, ödənilən müəyyən gömrük yığımlarının kompensasiyası və yerli məhsullarımızın qlobal bazarlara inteqrasiyasına dövlət dəstəyi aiddir.

Qeyd edilənlər sahibkarlıq subyektlərinə ayrılan hərtərəfli diqqətin nümayişidir. İndi sadalanan bütün sahələr üzrə intensiv fəaliyyət davam edir və inanırıq ki, yeni tərəfdaşlıq formatı əsasında görülən işlər daha möhkəm əməkdaşlıq platforması yaradacaq. Sahibkarların ticari maraqlarının qorunması məqsədilə innovativ gömrük mexanizmlərindən gələcəkdə də geniş istifadə olunacaq.

Şahin müəllim, biznes mühitindən söz düşmüşkən, bəzi hallarda sahibkarlar gömrük rəsmiləşdirilməsi zamanı əlavə vaxt itkisi ilə üzləşdiklərini bildirirlər. İş adamlarının bu xüsusda qaldırdığı əsas məsələlər hansılardır və mövcud çətinliklərin aradan qaldırılması üçün hansı addımlar atılır? Sahibkarların irəli sürdüyü təkliflərin öyrənilməsi və problemlərin sürətli həlli məqsədilə hansı alətlər tətbiq olunur?

- Qeyd edilən məsələlər daim gömrük orqanlarının diqqət mərkəzindədir. Birinci növbədə, fürsətdən yararlanaraq, biznes ictimaiyyətinin nümayəndələrinə, eləcə də sahibkarlara müraciət edərək bildirmək istəyirəm ki, qarşılıqlı əməkdaşlıq əlaqələrimizi və imkanlarımızı daha da inkişaf etdirməliyik. Məhz bu məqsədlə Azərbaycanın bütün gömrük orqanlarında xüsusi xidmət bölmələri təşkil edilib.

Gömrük idarələrində fəaliyyət göstərən bu strukturların əsas hədəfi iş adamlarının üzləşdiyi problemləri dinləmək və onları operativ şəkildə yerindəcə həll etməkdir. Bununla yanaşı, gömrük orqanlarının inzibati binalarında da müvafiq xidmətlər qurulub. Nəzərə almaq lazımdır ki, gömrük nəzarəti və rəsmiləşdirilməsi bilavasitə gömrük orqanlarının yerləşdiyi idarələrdə, postlarda icra olunur. Təşkil olunmuş bu xidmət şöbələri yaranan vəziyyətlərə və proseslərə vaxtında müdaxilə etmək imkanı yaradır.

Aparılan təhlillər sübut edir ki, həm vətəndaşların, həm də sahibkarlıq subyektlərinin qəbul edilməsi və bu şöbələrin fəaliyyəti sayəsində yaranan bir çox sualların aradan qaldırılmasına müvəffəq oluruq. Təbii ki, müəyyən şikayətlər də qeydə alınır. Bu şikayətlərin bəzilərinin araşdırılması əlavə vaxt tələb edə bilər. Çünki proses zamanı müxtəlif sənədlərin təqdim edilməsi və yoxlanılması zərurəti yaranır. Bəzən biznes nümayəndələri bu prosedurları tam anlamır və ya sənədləşmə prosesində müəyyən çətinliklərlə qarşılaşırlar.

Lakin bütövlükdə çalışırıq ki, bütün bu məsələləri ciddi nəzarət altında saxlayaq. Müqayisəli təhlillərə əsasən, gömrük orqanlarına ünvanlanan şikayət və müraciətlərin sayında kifayət qədər azalma müşahidə olunur. Bu müsbət dinamika həm keçirilən sorğularda, həm də aparılan digər qiymətləndirmələrdə öz təsdiqini tapır. Biz bunu sadəcə tərif xarakterli səsləndirmirik. Tam səmimi şəkildə vurğulamaq istəyirəm ki, daxil olan hər bir şikayəti qəbul etməkdən və araşdırmaqdan çəkinmirik.

Məsələn, yaxın günlərdə bir şirkətin müraciəti əsasında aparılan yoxlama zamanı qərarın baxılma müddətinin gecikdirildiyini aşkar etdik. Biz də hesab etdik ki, qanunvericiliklə müəyyən olunmuş vaxt artıq ötüb və buna görə də qərarın dəyişdirilməsi ilə bağlı müvafiq yanaşma nümayiş etdirdik. Yəni biznesin haqlı olduğunu qəbul edərək zəruri addım atdıq. Əksər hallarda isə gömrük strukturlarının atdığı addımların doğru olduğu öz təsdiqini tapır, hətta bu, məhkəmə instansiyalarında da sübuta yetirilir. Qarşılıqlı iddialar mövcud olsa da, son nəticədə çıxarılan məhkəmə qərarları gömrük orqanlarının mövqeyini dəstəkləyir. Təbii ki, biz anlaşılmazlıqların məhkəmə müstəvisinə çıxarılmasının tərəfdarı deyilik. Çünki bu proses əlavə vaxt tələb edir. Məhz bu səbəbdən bir çox məsələləri ictimai şuraların iştirakı ilə birlikdə müzakirə edirik.

Bizneslə əlaqələrin gücləndirilməsi üçün istifadə etdiyimiz növbəti alətlərdən biri də sorğuların keçirilməsidir. Biz artıq bunun üçün xüsusi platforma istifadəyə vermişik. İldə iki dəfə - birinci və ikinci yarımilliklərdə sahibkarlıq subyektlərinə öz şəxsi kabinetləri üzərindən elektron sorğular göndəririk. Bu sorğular sahibkarların qarşılaşdıqları problemləri, yaranan sualları, eləcə də idxal və ixrac əməliyyatları zamanı ortaya çıxan çətinlikləri tam əhatə edir. Əsas məqsəd gömrük prosedurları çərçivəsində yarana biləcək məsələləri öncədən müəyyənləşdirmək və biznes subyektləri ilə birbaşa dialoq qurmaqdır. Bu yanaşma kifayət qədər effektiv və müsbət nəticə verən bir metoddur.

Hazırda işgüzar dairələrdən gömrük orqanlarının fəaliyyətindən məmnunluğu ifadə edən çoxlu sayda müraciətlər daxil olur. Xüsusən də son dövrlərdə tətbiq edilən yeni xidmət mexanizmləri ilə əlaqədar müsbət rəylər alırıq. Bunlardan əlavə, mütəmadi olaraq Gömrük-biznes forumunu təşkil edirik. Təqvimə əsasən, bu ilin sonlarında forumun dördüncü tədbirinin keçirilməsi planlaşdırılır.

Təşkil olunan bu forum çox geniş bir spektri əhatə edir. Tədbirdə istehsal sahələrinin təmsilçiləri, tranzit, idxal və ixrac əməliyyatlarını həyata keçirən şirkətlər, logistika mərkəzləri, ticarət şuraları və birlikləri, o cümlədən Azərbaycanda fəaliyyət göstərən müxtəlif sahibkarlıq subyektləri iştirak edirlər. Biz onlarla mütəmadi formatda görüşlər təşkil edirik. Əsas hədəfimiz qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək, şəffaf və açıq münasibətlər formalaşdırmaq, bu əlaqələr zəminində həm biznesə hərtərəfli dəstək olmaq, həm də gömrük orqanlarının üzərinə düşən vəzifələri yerinə yetirərək dövlətimizə xidmət etməkdir.

Şahin müəllim, gömrük orqanlarına daxil olan müraciət və şikayətləri nəzərə alsaq, daha çox hansı sahələrdə fəaliyyət göstərən sahibkarlar tərəfindən müraciətlər olur? Bu şikayətlər əsasən hansı məsələlərlə bağlıdır və gömrük orqanları həmin problemlərin həlli istiqamətində hansı addımları atır?

- Məsələni qruplaşdırsaq və sırf biznes nümayəndələrindən bəhs etsək, müraciətlərin fərqli istiqamətlərdən gəldiyini deyə bilərik. Şikayətlərin məzmununa diqqət yetirdikdə, onların əksəriyyətinin gömrük dəyərləndirilməsi mövzusunda olduğu ortaya çıxır. Bu məqamda hər hansı bir xarici dövlətin adını xüsusi vurğulamaq istəməzdim. Səbəb odur ki, şikayətlər fərqli dövlətlərdən idxal edilən məhsullara aid ola bilər və bu səbəbdən müəyyən bir ölkənin adını qeyd etmək məqsədəuyğun sayılmaz.

Narazılıqlar əsasən çox adda məhsulların dəyərləndirilməsi prosesində qeydə alınır. Həmin vaxt ənənəvi yanaşma tərzi ilə gömrük dəyərinin müəyyənləşdirilməsinin müasir metodologiyası arasındakı təzadlar səbəbindən müəyyən suallar yaranır. Bəs bu istiqamətdə hansı işlər görülür?

Gömrük orqanlarının icraatında gömrük dəyərinin hesablanması mexanizminə məhsulların nəqliyyat xərcləri də daxil edilir. Bununla yanaşı, xaricdəki istehsal xərcləri, hərrac qiymətləri və gömrük dəyərinin formalaşmasına təsir edən digər amillər də diqqətdə saxlanılır.

Bəzən sahibkarların bu nüanslar barədə yetərli məlumatı olmadığı üçün müraciətlər edirlər. Bunu təbii qarşılamaq lazımdır. Çünki gömrük xidməti təkmilləşdikcə tətbiq olunan metodologiyalar da yenilənir. Eyni zamanda, biznes subyektlərinin inkişaf səviyyəsi və bazardakı rəqabət mühiti də dəyişikliyə məruz qalır. Biz ikitərəfli məlumatlandırma vasitəsilə yaranan məsələləri tənzimləməyə cəhd edirik. Əvvəl də vurğuladığım kimi, müraciətlər əsas etibarilə qiyməti reallığı əks etdirməyən və ya bilərəkdən ucuz göstərilərək gətirilən mallara aid olur. Çünki gömrük dəyəri xüsusi metodologiyaya uyğun olaraq müəyyənləşdiriləcək və bununla əlaqədar qəbul edilmiş müvafiq qərarlar var.

Başqa sözlə, respublikaya idxal edilən məhsulların gömrük dəyərinin təyinatı həm tarif qanunvericiliyinə, həm də xüsusi metodologiyaya əsaslanır və biz dəyərləndirməni məhz bu çərçivədə aparırıq. Birinci dərəcəli şikayət obyekti məhz budur. Digər mühüm məsələ məhsulların təsnifatı ilə bağlıdır. Belə ki, malların doğru qruplaşdırılması üçün spesifik biliklərə ehtiyac var.

Məhsulun xammalı və onun fərqləndirici xüsusiyyətləri nəzərə alınaraq əmtəə kodu təyin olunur. Həmin prosedur beynəlxalq konvensiyaların tələblərinə uyğun icra edilir. Bir çox hallarda iş adamlarının bu mövzuda dərin məlumatı olmadığından, bənzər məhsulları eyni kateqoriyaya aid etməyə cəhd edirlər. Lakin reallıqda qaydalar fərqlidir. Çünki vizual olaraq eyni təsir bağışlayan məhsullar tərkibinə, eləcə də texniki və kimyəvi göstəricilərinə görə bir-birindən ayrıla bilər. Buna görə də onların təsnifat kodları da müxtəlif olmalıdır. Biz məhz bu səbəbdən çalışırıq ki, qeyd olunan detalları maksimum dərəcədə anladaq və narazılıqların xüsusi çəkisi aşağı düşsün. Artıq bu sahədə nəzərəçarpacaq müsbət dinamika mövcuddur.

Qürurla deyə bilərik ki, Ümumdünya Gömrük Təşkilatının ekspertlər bazasında yer alan mütəxəssislərimiz var və onlar xaricdə də təsnifetmə məsələlərinə cəlb olunurlar. Həmin kadrlar həm xarici gömrük orqanlarına, həm də ehtiyac yarandıqda sahibkarlara bu nüansları aydınlaşdırırlar.

Bütövlükdə, həyata keçirilən bu tədbirlər nəticəsində daxil olan şikayətlərin həcmi kiçilir. Bəzən fərdi vətəndaşlardan da müxtəlif müraciətlər qəbul edirik. Lakin bu narazılıqların kökündə başqa amillər dayanır. Unutmaq olmaz ki, başlıca hədəflərimizdən biri gömrük nəzarətinin mahiyyətini insanlara çatdırmaqdır.

Yoxlama prosesi icra olunarkən vətəndaşa qanun çərçivəsində suallar verilməli və baxış təşkil edilməlidir. Şübhəsiz ki, lazımi informasiyanı öncədən toplamaqla bu proseduru daha axıcı etməyə səy göstəririk. Lakin elə məqamlar olur ki, sərnişinin baqajının mütləq şəkildə yoxlanılmasına ehtiyac yaranır. Belə vəziyyətlərdə baqaja baxış həyata keçirilir və bəzən bu addım etirazla qarşılanır. Ancaq burada qeyri-təbii heç nə yoxdur. Dünyanın hər yerində gömrük qurumlarının əsas fəaliyyəti məhz budur.

Əgər sərnişinin yükündə qadağan edilmiş və ya qanunsuz hər hansı predmet mövcud deyilsə, yoxlanış prosesi etiraz doğurmamalıdır. Bir çox hallarda bu etirazlar rəsmi şikayət qismində bizə daxil olur. Ümumiyyətlə, beynəlxalq aeroportlardakı sərnişin trafikini təhlil etsək, milyonlarla insanın sərhədkeçmə əməliyyatlarında iştirak etdiyini görərik. Bu kütləvi axın fonunda yaranan narazılıqlar olduqca cüzidir.

Bununla yanaşı, gömrük baxışı vaxtı sərnişinlərin yükündən qanunsuz daşınan qızıl-zinət əşyaları, tibbi preparatlar, psixotrop maddələr, mərmiləri və silah hissələri də tapılır. Bütün bunlar gömrük orqanlarının nəzarətində olmalı və müvafiq yoxlamalara cəlb edilməlidir. Sadalanan proseslərdə də şikayətlərə rast gəlinir. Lakin gömrük xidmətinin məramı əsassız problemlər yaratmaq deyil. Bizim başlıca missiyamız dövlətin təhlükəsizliyini qorumaqdır. Bu, bizim birbaşa vəzifəmiz və borcumuzdur. Eləcə də vətəndaşlarımıza müraciət edərək, gömrük yoxlanışı qaydalarına daha anlayışlı və səbrlə yanaşmalarını xahiş edirik.

Yaxın gələcəkdə yeni dövlət sərhədi buraxılış məntəqələrinin fəaliyyətə başlaması planlaşdırılırmı? İşğaldan azad olunmuş torpaqlarımızda Azərbaycanın dövlət suverenliyinin tam təmin edilməsindən sonra yeni sərhədlər boyu gömrük və sərhəd infrastrukturunun qurulması həyata keçirilir. Ağbənd gömrük-keçid məntəqəsi barədə məlumat verdiniz. Bunlardan əlavə, yaxın zamanlarda istifadəyə verilməsi və ya inşası nəzərdə tutulan başqa gömrük-keçid məntəqələri varmı?

- Müasir Azərbaycanın bu tarixi mərhələsində yaşadığımız üçün özümüzü çox şanslı hesab edirik. İstər dövləti təmsil edən bir qurum, istərsə də ölkə vətəndaşları olaraq bütün fəaliyyətimiz dövlətə xidmət məqsədi daşıyır və belə də olmalıdır. Gömrük sahəsi baxımından yanaşdıqda, Ağbənd buraxılış məntəqəsi də daxil olmaqla, dövlət sərhədində yeni keçid məntəqələrinin yaradılmasının önəmini bundan öncə də vurğulamışıq.

Bununla yanaşı, Gürcüstan istiqamətində də layihələndirmə işləri həyata keçirilir və bu mövzu hökumət səviyyəsində dəyərləndirilir. Hökumət tərəfindən bizə bu sahə üzrə müvafiq tapşırıqlar verilir. Gürcüstanla sərhəddə yeni buraxılış məntəqəsinin inşası çərçivəsində görülən işlər əsasən obyektin yerləşəcəyi ərazinin seçilməsi ilə əlaqədardır və hazırda bu proses davam edir.

Növbəti mərhələlərdə digər texniki məsələlərin həlli nəzərdə tutulur. Yaradılacaq məntəqə tam müasir standartlara cavab verəcək və burada birgə nəzarət mexanizmi tətbiq olunacaq. Başqa sözlə, Azərbaycan və Gürcüstan gömrük xidmətləri bir-birinə yaxın məsafədə çalışacaq, bu isə nəqliyyat vasitələrinin sinxron şəkildə yoxlanılmasına imkan yaradacaq.

Belə bir sistem vaxt itkisinin qarşısını almaqla yanaşı, nəzarət prosesinin keyfiyyətini yüksəldəcək, ehtimal olunan risklərin daha tez aşkar edilməsinə şərait yaradacaq və xidmət sürətini artıracaq. Eyni zamanda nəqliyyat vasitələrinin keçidi üçün əlavə imkanlar yaradılacaq.

"Yaşıl dəhliz" buraxılış sistemi başda olmaqla, sadələşdirilmiş gömrük qaydaları ticarət dövriyyəsinin sürətləndirilməsində mühüm rol oynayır. Bu sistemlərin tətbiqi sahibkarların fəaliyyətinə hansı üstünlüklər qazandırıb və bu imkanlardan istifadə edən şirkətlərin sayında hansı dinamika müşahidə edilir?

- "Yaşıl dəhliz" layihəsinin tətbiqi və bu çərçivədə sahibkarlıq subyektləri üçün təmin edilən üstünlüklər real nəticələrini verməkdədir. Sözügedən mexanizmə tələbat olduqca yüksəkdir və şirkətlər bu imkandan yararlanmağa xüsusi maraq göstərirlər. Xüsusi meyarlar nəzərə alınmaqla, aşağı risk qrupuna daxil olan şirkətlərə bu sistemdən istifadə hüququ verilir.

Müvafiq təhlillər və qiymətləndirmələr yekunlaşdıqdan sonra sahibkarlara "yaşıl dəhliz" sistemindən istifadə hüququ verilir. Ümumilikdə 774 şirkət "yaşıl dəhliz" buraxılış sistemindən istifadə hüququ əldə edib. Bunlardan 286-sı məhz ixrac, geri qalanı isə idxal istiqamətində fəaliyyət göstərir.

Xüsusilə vurğulamaq lazımdır ki, "yaşıl dəhliz" biznes üçün çox əhəmiyyət kəsb edən bir alətdir. Bu sistem sahibkarların fəaliyyət dairəsini genişləndirir, vaxt itkisinin qarşısını alır və əlavə yoxlama prosedurlarını minimum səviyyəyə endirir.

Şübhəsiz ki, bu üstünlüklərdən yararlanmağın başlıca şərti müəyyən edilmiş qaydalara tam əməl etməkdir. Gələcək mərhələlərdə tərəfdaşlıq konsepsiyası çərçivəsində bu mexanizmin daha da təkmilləşdirilməsi və Səlahiyyətli İqtisadi Operator sistemi ilə inteqrasiyası istiqamətində yeni təşəbbüslərimiz mövcuddur. İnanırıq ki, bu istiqamətdəki yeni alətləri və xidmətləri məhz qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında sahibkarların ixtiyarına veriləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)