Bank

Ödəniş kartlarında 5 mindən çox fırıldaqçılıq: Ən böyük risk haradadır?

2026-cı ilin II rübündə Azərbaycanda ödəniş kartları ilə bağlı ölkədaxili fırıldaqçılıq hallarının sayı artsa da, vurulan zərərin məbləği azalıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, aprel-iyun aylarında ölkədaxili 5 305 fırıldaqçılıq halı qeydə alınıb. Bu göstərici I rüblə müqayisədə 6,2 % artıb. Həmin fırıldaqçılıqlar nəticəsində dəyən zərər isə 1 milyon 74 min 526 manat olub ki, bu da əvvəlki rüblə müqayisədə 20,4 % azdır.

Eyni dövrdə ölkəxaricində ödəniş kartları ilə bağlı 3 633 fırıldaqçılıq halı qeydə alınıb. Bu hallar nəticəsində dəymiş zərərin həcmi 289 min 423 manat təşkil edib. I rüblə müqayisədə həm fırıldaqçılıq hallarının sayı (39,7 %), həm də zərərin məbləği (11 %) azalıb.

Statistikaya əsasən, ölkədaxili fırıldaqçılıq hallarının 33,9 %-i hesabların ələ keçirilməsi ilə bağlı olub. Bu kateqoriyanın payı əvvəlki rüblə müqayisədə 12,5 faiz bəndi artıb. Qalan 66,1 % isə digər üsullarla törədilən fırıldaqçılıqlardır.

Ölkəxaricində baş verən fırıldaqçılıqların 45,9 %-i kartın fiziki iştirakı olmadan həyata keçirilən əməliyyatların payına düşüb. Bu göstərici I rüblə müqayisədə 14,3 faiz bəndi azalıb, digər üsullarla törədilən fırıldaqçılıqların payı isə 54,1 %-ə yüksəlib.

Mərkəzi Bankın məlumatına görə, həm ölkədaxili, həm də ölkəxarici fırıldaqçılıq hallarının böyük əksəriyyəti elektron ticarət və mobil tətbiqlər üzərindən həyata keçirilib. II rübdə ölkədaxili fırıldaqçılığın 93,1 %-i, ölkəxarici fırıldaqçılığın isə 92,8 %-i məhz bu kanallar vasitəsilə baş verib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)