"Unibank"da İdarə Heyətinin sədri dəyişdi: Əcnəbi bankir təyin olundu
"Unibank" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib. Bu, Valentin Morozovdur.
V.Morozov uzun illər nüfuzlu banklarda rəhbər vəzifələrdə çalışıb. Bank- maliyyə sektorunda uzunmüddətli təcrübəyə malikdir. O, təhsilini New York University, University of Colorado və London Business School kimi ali təhsil müəssisələrində alıb.
Qeyd edək ki, “Unibank” Kommersiya Bankı ASC səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının qərarına əsasən, Bankın İdarə Heyəti yenidən təsdiqlənib.
Səhmdarların qərarı ilə David Qabelaşvili İdarə Heyətinin yeni üzvü kimi təsdiq edilib. O, İdarə Heyətinin üzvü olmaqla yanaşı, Baş Maliyyə İnzibatçısı vəzifəsinə təyin olunub. Müxtəlif maliyyə qurumlarında iş təcrübəsi olan, D. Qabelaşvili TBC Uzbekistan-da maliyyə direktoru vəzifəsində çalışıb. O, Tbilisi Dövlət Universitetində və ProCredit Academy-də təhsil alıb.
Unibank İdarə Heyətinin digər üzvləri isə İdarə Heyəti sədrinin müavini Heybət Qədirov, Baş Risk və Komplayens İnzibatçısı Andrii Qrab, Pərakəndə Biznes və Marketinq üzrə Baş İnzibatçı İlkin Quliyevdir.
Unibank KB səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının qərarına əsasən, Vladimir Aleksandroviç Urbanskiy Müşahidə Şurasının müstəqil üzvü təyin edilib. V. Urbanskiy bir sıra maliyyə qurumlarında rəhbər vəzifələrdə çalışıb və bank-maliyyə sektorunda uzunmüddətli təcrübəyə malikdir. O, Lomonosov adına Moskva Dövlət Universitetinin məzunudur.

















