Manat "dəyişmir", amma "ucuzlaşır": Mərkəzi Bankın yeni mesajı iqtisadiyyat üçün nə vəd edir?
Azərbaycan Mərkəzi Bankının (AMB) son mətbuat konfransında səslənən fikirlər arasında ilk baxışda diqqətdən yayınan, lakin əslində monetar siyasətin gələcək istiqamətini göstərən mühüm bir mesaj var idi. AMB-nin Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov bildirdi ki, Azərbaycan manatının real effektiv məzənnəsi 2025-ci ildə 7,7%, 2026-cı ilin ilk altı ayında isə daha 2,3% ucuzlaşıb. Başqa sözlə, son il yarım ərzində real effektiv məzənnədə təxminən 10 faizlik azalma baş verib.
Bu açıqlama ilk baxışda çaşdırıcı görünə bilər. Çünki dolların rəsmi məzənnəsi uzun müddətdir dəyişmir və 1 ABŞ dolları 1,70 manat səviyyəsində qalır. Bəs onda Mərkəzi Bank "manatın ucuzlaşmasından" danışarkən nəyi nəzərdə tutur?
Nominal məzənnə sabitdir, amma real məzənnə dəyişir
Burada söhbət nominal məzənnədən deyil, real effektiv məzənnədən (REER) gedir. Bu göstərici yalnız manatın digər valyutalara qarşı məzənnəsini deyil, həm də Azərbaycanın əsas ticarət tərəfdaşlarında inflyasiyanın səviyyəsini və həmin ölkələrin xarici ticarətdəki payını nəzərə alır.
Azər Ələsgərovun açıqlamasındakı əsas fikir də məhz budur:
"Ticarət tərəfdaşlarında orta illik inflyasiya Azərbaycandakı inflyasiyadan daha yüksəkdir."
Bu o deməkdir ki, Azərbaycan manatının nominal məzənnəsi dəyişməsə belə, xarici ölkələrdə qiymətlər Azərbaycandan daha sürətlə artır. Nəticədə Azərbaycan məhsulları xarici bazarlarda nisbətən daha rəqabətqabiliyyətli olur və real effektiv məzənnə aşağı düşür.
Statistik göstəricilər hansı mənzərəni yaradır?
AMB-nin statistik bülleteninə görə, qeyri-neft sektoru üzrə real effektiv məzənnə indeksi 2024-cü ildə 121,5 səviyyəsində olub. Daha sonra bu göstərici azalmağa başlayaraq 2025-ci ilin sonunda 112,1-ə, 2026-cı ilin iyununda isə 109,5-ə enib. Bu dinamika göstərir ki, son il yarım ərzində real effektiv məzənnə ardıcıl şəkildə zəifləyib. Başqa sözlə, 2024-cü ildə qeyri-neft ixracatçılarının üzləşdiyi məzənnə təzyiqi artıq əvvəlki qədər güclü deyil.
| Dövr | REER |
|---|---|
| 2024 | 121.5 |
| 2025 | 112.1 |
| 2026 (iyun) | 109.5 |
Bu, devalvasiya demək deyil
Ən vacib məqam ondan ibarətdir ki, real effektiv məzənnənin azalması devalvasiya anlamına gəlmir. Dollar yenə də 1,70 manatdır. Mərkəzi Bank da məzənnə siyasətində dəyişiklik etdiyini açıqlamayıb. Sadəcə olaraq, xarici ölkələrdə qiymət artımı Azərbaycandan daha yüksək olduğu üçün Azərbaycan istehsalçılarının məhsulları beynəlxalq bazarlarda nisbi qiymət üstünlüyü qazanır. Bu, iqtisadi nəzəriyyədə rəqabət qabiliyyətinin yaxşılaşması kimi qiymətləndirilir.
Qeyri-neft ixracı üçün nə dəyişir?
Son illərdə iqtisadi siyasətin əsas məqsədlərindən biri qeyri-neft ixracının artırılmasıdır. Əgər real effektiv məzənnə yüksəkdirsə, Azərbaycan məhsulları xarici bazarlarda daha baha görünür və ixracatçıların rəqabət imkanları zəifləyir. İndi isə vəziyyət əks istiqamətdə dəyişir.Real effektiv məzənnənin təxminən 10 faiz zəifləməsi kənd təsərrüfatı, qida sənayesi, kimya, tekstil və digər qeyri-neft sahələrinin xarici bazarlarda qiymət baxımından mövqeyini yaxşılaşdıra bilər. Bu isə ixracın genişlənməsi üçün əlavə stimul hesab oluna bilər.
Mərkəzi Bank hansı mesajı verir?
Azər Ələsgərovun açıqlaması əslində Mərkəzi Bankın mühüm iqtisadi mesajını ortaya qoyur. Son illərdə zaman-zaman qeyri-neft ixracının artırılması üçün manatın devalvasiya edilməsinin zəruriliyi barədə fikirlər səslənirdi. Lakin AMB fərqli yanaşma nümayiş etdirir. Mərkəzi Bank hesab edir ki, nominal məzənnəni dəyişmədən də real effektiv məzənnənin tədricən zəifləməsi mümkündür və bu proses artıq baş verir. Beləliklə, bir tərəfdən qiymət sabitliyi və inflyasiya gözləntiləri qorunur, digər tərəfdən isə qeyri-neft ixracının rəqabət qabiliyyəti yaxşılaşır.
ENA.az olaraq manatın real effektiv məzənnəsinin 109.5 olmasının hansı riskləri əks etdirdiyi barədə sual etmişdik. Qeyd edək ki, bu, 2026-cı ilin iyun ayına aiddir. Lakin bu, iyun ayının əvvəlki aya nisbətən dəyişməsi deyil. AMB qeyd edir ki, real effektiv məzənnə indeksi "dekabr 2000 = 100" bazası ilə hesablanır. Yəni, 2000-ci ilin dekabrı = 100, 2026-cı ilin iyununda qeyri-neft sektoru üzrə indeks = 109.5
Bu o deməkdir ki, baza dövrü ilə müqayisədə manatın real effektiv məzənnəsi təxminən 9.5% yüksəkdir. Bu, birbaşa "manat 9.5% bahalaşıb" demək deyil; indeks müxtəlif amillərin birgə təsirini göstərir.
Real effektiv məzənnə necə hesablanır?
Bu göstərici üç əsas komponentdən formalaşır:
Manatın nominal məzənnəsi - dollar, avro, rubl, lirə, yuan və digər əsas ticarət tərəfdaşlarının valyutalarına qarşı məzənnə.
İnflyasiya fərqi - Azərbaycandakı qiymət artımı ilə ticarət tərəfdaşlarındakı inflyasiya müqayisə olunur.
Ticarət çəkiləri - Hər ölkənin Azərbaycanın xarici ticarətindəki payına uyğun çəki verilir.
AMB-nin metodoloji qeydində də vurğulanır ki, ticarət tərəfdaşlarının real məzənnəsi məzənnə dəyişiklikləri ilə iki ölkə arasındakı inflyasiya nisbətinin hasili əsasında hesablanır.
Sadə dillə desək, REER = Nominal məzənnə + inflyasiya fərqi + ticarət tərəfdaşlarının çəkisi.
Niyə "qeyri-neft sektoru üzrə" ayrıca hesablanır?
Neft ixracı əsasən ABŞ dolları ilə həyata keçirilir və qiymətlər dünya bazarında formalaşır. Buna görə də neft sektorunun rəqabət qabiliyyəti məzənnədən daha az asılıdır. Amma qeyri-neft məhsulları (meyvə-tərəvəz, kimya, qida, tekstil və s.) regional bazarlarda satılır. Bu səbəbdən AMB onlar üçün ayrıca qeyri-neft sektoru üzrə real effektiv məzənnə hesablayır. Bu göstərici qeyri-neft ixracatçılarının qiymət rəqabətini qiymətləndirmək üçün daha uyğun hesab edilir. Məhz buna görə real effektiv məzənnə təkcə valyuta bazarının deyil, həm də Azərbaycanın qeyri-neft iqtisadiyyatının rəqabət qabiliyyətini və monetar siyasətin effektivliyini qiymətləndirən əsas makroiqtisadi indikatorlardan biri hesab olunur.
Başqa sözlə, baza ili ilə müqayisədə 109,5 yüksək göstəricidir, amma artıq aşağıya doğru trenddədir!
















