Siqaretdən tüstüsüz alternativlərə keçid: Bu transformasiya Azərbaycan üçün nə vəd edir?
Bugün Bakıda TECHOVATİON sammitində əsas mövzulardan biri siqaretlərlə bağlı idi. Siqaret hara innovasiya hara, sualını qətiyyən verməyin. Bu tədbirin baş sponsoru kimi çıxış edən Philip Morris şirkətinin təqdim etdiyi tüstüsüz alternativ siqaretlərlə bağlı məlumatlardan sonra, dünya iqtisadiyyatlarındakı bugünkü real inkişafın bazasında innovasiyalar dayanır, əminliyi bir daha təsdiqləndi. Azərbaycan haqqında maraqlı məlumatlarla başlayaq.
Ölkəmizdə yetkin əhali arasında siqaret çəkənlərin sayı hələ də yüksək olaraq qalır. Son statistik göstəricilərə əsasən, yetkin əhalinin təxminən 20-25 faizi siqaret çəkir. Kişilər arasında isə bu göstərici daha yüksəkdir və 35-40 faizə çatır.
Bu, ciddi ictimai sağlamlıq problemidir. Azərbaycanda siqaret çəkmək qeyri-infeksion xəstəliklər üçün əsas risk faktorlarından biridir və vaxtından əvvəl ölüm hallarında üçüncü sırada yer alır. Azərbaycan siqaretçəkmənin azaldılması üçün aksiz markaları nə qədər qaldırsa da, təbliğata nə qədər qadağa qoysa da, çəkənlərin faizi hələki azalmır. Bir neçə il əvvəl ölkədə elektron siqaretlər sürətlə yayılmağa başladı və bunun kökündə “bu siqaretlər daha az zərərlidir” fikri dayanırdı. Lakin zamanla bu siqaretlərin tənəffüs yolları xəstəliklərini tətiklədiyi məlum oldu və bu il aprelin 1-dən elektron siqaretlərin idxalına qadağa qoyuldu. Amma, elektron siqaretlərdə fərq varmış. Yəni idxalına qadağa qoyulan elektron siqaretlərin tərkibi mayedir və həmin mayenin yanması nəticəsində istifadəçi tüstüsüz nikotin qəbul edir. Bu isə orqanizmə zərərdir və tənəffüs yollarında xəstəliklərin yaranmasına səbəblərdən biri kimi göstərilir. Tərkibi tütündən ibarət olan elektron siqaretlərdə isə istiləşmə zamanı buxar əmələ gəlir və nikotin buxarla qəbul olunur. Bu innovasiyanı yaradan Philip Morris-in siqaretləri isə Azərbaycana bu gün də idxal edilir.
Philip Morris şirkətinin Elmi Araşdırmalar Mərkəzinin direktoru Tomoko İida bildirib ki, siqaret istehsalı sahəsində biznes modelləri dəyişir.
“Bəziləri soruşa bilər ki, əgər siz Marlboro siqaretlərini istehsal edən şirkətsinizsə, niyə bunu edirsiniz? Çoxları hesab edir ki, biznesi ənənəvi siqaretlərdən tüstüsüz məhsullara çevirmək mümkün deyil. Lakin bu, artıq baş verir. Bu gün şirkətin xalis gəlirinin təxminən 43%-i daha az zərərli alternativlərdən gəlir. Məqsədimiz 2030-cu ilə qədər bu seqmentin şirkətin gəlirinin üçdə ikisini təşkil etməsidir. Bu, artıq xəyal deyil, reallıqdır".
Tomoko İidanın sözlərinə görə, siqaret çəkənlərin sayının azaldılması təkcə ictimai səhiyyəyə deyil, həm də ölkənin insan kapitalının inkişafına müsbət təsir göstərə bilər.
"Əgər insanlar siqareti tərgitməyə və ya daha az zərərli alternativlərə keçməyə müvəffəq olarsa, bu, onların həyat keyfiyyətini yaxşılaşdıracaq, səhiyyə sisteminə düşən yükü azaldacaq və insan kapitalını gücləndirəcək”.
PMI-nin Elmi İşlər üzrə Direktoru həmçinin siqaretin əmək bazarına təsirini vurğulayıb. O qeyd edib ki, siqareti tərgitmək məhsuldarlığın artmasına, xəstəlik məzuniyyətinin azalmasına və ölkənin işçi qüvvəsinin gücləndirilməsinə töhfə verə bilər.
Onun sözlərinə görə, dünyanın 108 ölkəsində 43,5 milyon nəfər siqareti ataraq alternativlərə keçiblər. Hazırda Yaponiyada yetkin əhalinin 10 faizi siqaret çəkir və onların 50 faizi alternativlərə keçiblər.
"Xüsusən də Yaponiyada 10 il əvvəl əhalinin 20 faizi siqaret çəkirdisə, indi 10 faizdir. Hesab edirəm ki, Azərbaycanda da bu rəqəm yarıbayarı azalacaq".
Bu baxımdan, Tomoko İida ictimai səhiyyədə nəzərəçarpacaq nəticələrə nail olmaq üçün hökumət, tənzimləyicilər, elmi ictimaiyyət və özəl sektor arasında sıx əməkdaşlıq tələb olunduğunu vurğulayıb.
"Elmi məlumatlar qərar qəbuletmənin əsasını təşkil etməlidir və bütün maraqlı tərəflər arasında açıq dialoq siqaret çəkmə və əlaqəli xəstəliklərin azalmasını sürətləndirə bilər. Heç bir təşkilat bu problemi təkbaşına həll edə bilməz. Əməkdaşlıq və elmə və faktlara əsaslanaraq işləmək istəyi vacibdir", - deyə o bildirib.
Tomoko İidanın sözlərinə görə, bu yanaşma həm səhiyyə sistemi, həm də bütövlükdə iqtisadiyyat üçün davamlı nəticələr əldə etməyə qadirdir. O qeyd edib ki, tütün sənayesinin transformasiyası və elmi cəhətdən sübut olunmuş tüstüsüz alternativlərin inkişafı əhalinin həyat keyfiyyətinin və davamlı sosial-iqtisadi inkişafın yaxşılaşdırılmasında amil ola bilər.


















