"Əgər dərmanın tərkibi dəyişdirilib keyfiyyəti aşağı salınırsa..." - GÖMRÜK RƏİSİ
“Bu gün dünya iqtisadiyyatında hər bir ölkə özünün istehsal etdiyi məhsulu digər tərəfə ixrac edərkən onun rəqabətə davamlılığını realizə etmək üçün bu və ya digər üsullardan istifadə edir. Bu da təbii və qəbulolunandır”.
"Businessinsider.az" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin gömrük tariflərinin tənzimlənməsi və ödənişlər baş idarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov “Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli ticarət” mövzusunda keçirilən təlimin ikinci günündə Azərbaycana gətirilən bəzi dərman vasitələrinin qiymətinin mənşə ölkəsindən ucuz olması məsələsinə aydınlıq gətirərkən deyib.
M.Vahabov qeyd edib ki, Çin bu və ya digər eyni adda məhsul istehsal edir: “Ancaq buna baxmayaraq, tərkibi tamam başqadır. Həmin məhsulu ABŞ-a daha baha qiymətə satır. Çünki sifarişi hər bazara uyğun olaraq istehsal edir. MDB məkanı üçün isə daha fərqli qiymətdir.
İsveçdə orta aylıq əməkhaqqı 3000 və ya 5000 dollardır. Əlbəttə ki, öz ölkəsi üçün sözügedən dərmanının 30 avro olması məqbuldur. Bu, onlar üçün böyük bir hal deyil.
Məsələn, Bakıda ixtisaslaşmış apteklər var. Alman aptekində şəkər dərmanının qiyməti 50 manatdırsa, ayrı aptekdə 10 manatdır. Əgər sizin maliyyəniz imkan verirsə, həmin ixtisaslaşmış apteklərdən dərman vasitəsini ala bilərsiniz. Ümumilikdə isə gömrük orqanı marjanı nəzərə almaqla gömrük dəyərləndirməsini həyata keçirir. Onu satan da, istifadəçisi də Azərbaycan vətəndaşıdır. Nəzarət edirik ki, kənarlaşmalar olmasın. O baxımdan kimsə burada sui-istifadəyə yol verə bilməz. Əgər kimsə bunu edirsə, deməli vicdanı yoxdur.
Xarici iqtisadi fəaliyyətlə məşğul olan şəxslər ərzaq məhsulundan tutmuş sənaye məhsullarına kimi müxtəlif sifarişlər verir. Bunun müqabilində də ölkəyə idxal olunur. Biz də gömrük orqanı olaraq buna müdaxilə edə bilmərik.
Dərmanların tənzimlənməsi Tarif Şurasının xətti ilə həyata keçirilir. Əgər dərmanın tərkibi dəyişdirilirsə və keyfiyyəti aşağı salınırsa, buna aidiyyatı qurumlar məsuliyyət daşıyır. İnsan sağlamlığına necə təsir etdiyini isə fərd özü müəyən edə bilər. Əgər təsvirlə düzgün deyilsə, fərd özü məhsulu aldığı yerə şikayət edə bilər. Bu, böyük bir mexanizmdir”.