Sosial iqtisadiyyat

Azərbaycanda vergi öhdəliyinə könüllü əməl etmə indikatoru necədir?

Bu gün Azərbaycanda vergi öhdəliyinə könüllü əməl etmə indikatoru ümumi daxilolmalar üzrə 93 %, qeyri-neft-qaz sektorundan daxilolmalar üzrə isə 91 % təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Bakıda keçirilən, “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş "Maliyyə nəzarəti - dövlətin və özəl sektorun konstitusion hüquqlarının qorunmasının təminatçısı kimi" mövzusunda konfransda bildirib.

Onun sözlərinə görə, hazırda rəhbərlik etdiyi qurum Biznes mühiti və beynəlxalq reytinqlər üzər Komissiya ilə birgə işçi qrupları çərçivəsində biznesə daxilolma və vergi tutma üzrə mühüm layihələr həyata keçirilir: "Bunların arasında mikro sahibkarlar üçün əvvəlcədən doldurulmuş, sadələşdirilmiş vergi bəyannamələri sisteminə keçidin təmin edilməsi, avtomatik doldurulmuş vergi bəyannaməsi sisteminə mərhələli keçidin tətbiqi, eləcə də vergi tutma rejiminin seçimi adlı yeni elektron xidmət yaradılması var".

"Təqdim etdiyimiz yanaşmalar vergi ödəyiciləri üçün vergi bəyannamələrinin hazırlanması, vergi ödənişlərinin həyata keçirilməsi və əlaqədar sənədlərin təqdim edilməsi prosesini daha asan və sürətli edir. Bütün bunlar isə ölkədə könüllü əməl etmə səviyyəsini artırır. Könüllü daxilolmalar 2019-cu illə müqayisədə 2 dəfəyə qədər artıb", - deyə O.Nəzərli əlavə edib.

Onun sözlərinə görə, vergi nəzarətinin təkmilləşdirilməsi ilə yanaşı sahibkarlar üçün uçot sisteminin sadələşdirilməsi ilə bağlı layihələr üzərində iş gedir.

"Bu layihələrin əsas məqsədi xidmət keyfiyyətinin və vergi ödəyicilərinin rahatlığının yüksəldilməsi üçün elektron xidmətlərin genişləndirilməsi, rəqəmsal həllərə söykənən dəyişikliklərlə vergi ödəyicilərinin vaxt itkisinin aradan qaldırılmasıdır", - deyə o qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)