Sosial iqtisadiyyat

"SOCAR Polymer" qeyri-neft sektorunun ixrac gəlirlərini 15 faiz artıracaq - PROQNOZ

Müsahib “SOCAR Polymer” kompleksinin baş direktoru Fərid Cəfərovdur.

- Hazırda “SOCAR Polymer” şirkətinin istehsal etdiyi məhsullar hansılardır və bu məhsulların yerli tələbatın ödənilməsi, ixrac potensialı haqqında nə deyə bilərsiniz?

- “SOCAR Polymer” kompleksinin  zavodlarında polimerlərin istehsalı sahəsində mövcud olan ən müasir istehsal texnologiyası tətbiq olunub. Ümumi olaraq, zavod polipropilenin (PP) 22, yüksəksıxlıqlı polietilenin (YSPE) isə 12 növünü istehsal etməyə qadirdir.

Hər hansı dövr ərzində istehsal olunacaq məhsul növlərinin seçimi bazarda mövcud olan tələbata və digər vacib meyarlara əsasən ediləcək. Belə ki, ilkin mərhələdə 10 çeşiddə PP və 4 çeşiddə YSPE istehsalı planlaşdırılıb.

Kompleks təqribən bir aydır fəaliyyətdədir və artıq bəzi məhsullarımızı satmışıq, amma bu, yerli ehtiyacların hamısını qarşılamır. Birincisi, biz  hazırda yerli istehsalçılarla  əlaqələr qurmaqla və onlara nə lazım olduğunu araşdırmaqla məşğuluq.

İkincisi, biz hələ də zavodun tam şəkildə istismara verilməsi prosesinin yekunlaşdırılması mərhələsindəyik. Biz əvvəlcə bütün istismar sınaqlarını başa çatdırmalıyıq. Daha sonra yerli alıcıların istədikləri konkret məhsulların istehsal etməyə başlaya və onların bütün sifarişlərini yerinə yetirə bilərik.

Məhsullarımızın çox yüksək ixrac potensialı var, çünki onların keyfiyyəti yüksəkdir, həm də istehsal etdiyimiz məhsulların çoxu yüksək tələbata malik və yaxşı satılan polipropilen növlərindən ibarətdir. 

Zavodlarımızda istehsal ediləcək məhsullar sahibkarlıq subyektlərinin xammalla təchiz olunmasında əhəmiyyətli rol oynayacaq, həmçinin, ölkənin ixrac potensialının möhkəmlənməsinə əlavə stimul verəcək.

Layihənin tam işə düşməsi nəticəsində 100 milyon ABŞ dolları həcmində Azərbaycana idxal olunan polipropilen və yüksəksıxlıqlı polietilen ölkə daxilində istehsal olunacaq və təqribən 250 milyon ABŞ dolları dəyərində olan məhsullar isə ixraca yönələcək.

“SOCAR Polymer” kompleksinin tam işə düşməsi nəticəsində ölkənin qeyri-neft sektorunun ixrac gəlirlərinin 15% artması proqnozlaşdırılır.

- Zavodların işləməsi üçün neftdən başqa hansı xammal məhsullarına ehtiyac var? Və bu tələbat necə ödənilir? 

- “SOCAR Polymer” zavodlarının işləməsi üçün lazım olan əsas xammallar etilen və propilendir. Etilen və propileni əldə etmək üçün yüngül/ağır naftanı və ya etan/propan qaz qarışığını piroliz sobalarında emal etmək lazımdır.

Kompleks rropilen və etileni  SOCAR-ın “Azərikimya” İstehsalat Birliyindən əldə edir. “Azərikimya” isə öz xammalını Heydər Əliyev adına Neft Emalı Zavodundan əldə edir. Neft Emalı Zavodu isə SOCAR-ın hasil etdiyi xam nefti ilk emaldan keçirir. Beləliklə, “SOCAR Polymer” Azərbaycanda SOCAR-ın dəyər zəncirini tamamlayan son həlqəsidir.

- Polipropilen zavodunun Azərbaycan üçün iqtisadi cəhətdən gəlirliyi necə ölçülür? Bu məhsullara dünyada tələbat hansı səviyyədədir? 

- Aparılan bazar araşdırmalarına görə neft-kimya məhsullarına olan tələbatın artım tempi neftə olan tələbatın artım tempini təqribən üç dəfə üstələyir. Təkcə polipropilen zavodunun istismar müddətində 4.5 milyard ABŞ dollarından çox gəlir əldə olunması proqnozlaşdırılır.

Polipropilen məhsullarına olan qlobal tələbat 2018-ci ildə 74 milyon ton təşkil edib və növbəti beş il ərzində tələbatın ildə təqribən 5% artması proqnozlaşdırılır. 

- “SOCAR Polymer”ə daxil olan zavodlarda nə qədər işçi çalışır və kimya sənayesində çalışan bu insanların təhlükəsizlik məsələləri necə həll olunub?  

- Bütün  işçilər müəyyən edilmiş müddətlərdə xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə pulsuz təmin edilirlər.

Sağlamlıq, əməyin təhlükəsizliyi və əməyin mühafizəsi (SƏTƏM) üzrə vahid idarəetmə sisteminin yaradılması sahəsində işlər aparılır. Bu məqsədlə səriştəli və təcrübəli mütəxəssislər işə cəlb edilib və elə bir mühit yaradılıb ki, təhlükəsizlik texnikası şirkətimizin ən yüksək prioritetinə çevrilib.

Qısa müddət ərzində 40-dan artıq prosedur, 30-dan artıq inspeksiya vərəqləri, işə effektiv nəzarət üçün İşə İcazə və İşin Riskinin Qiymətləndirilməsi sənədləri hazırlanıb. Zavod daxilində təhlükəsizlik mədəniyyətini inkişaf etdirilməsi üçün təşkilati tədbirlər görülür və təbliğat işləri aparılır. 

Zavodun tibb məntəqəsi 24 saat ərzində fəaliyyət göstərir və ərazidə ilk tibbi yardım maşını daima növbə çəkir. Yuxarıdakılara əlavə olaraq, işçilər “SOCAR Polymer” MMC tərəfindən avtobuslarla işə aparılıb-gətirilir.

- Vaxtilə sənaye şəhəri kimi tanınan Sumqayıt yenidən bu müəssisələrin məkanına çevrilir. Ətraf mühitin qorunması ilə bağlı hansı tədbirləri görürsünüz?

- Bir zamanlar Sumqayıt şəhəri ölkəmizdə, eləcə də, dünyada atmosferi ən çox çirkləndirən müəssisələri ilə məşhur olub. Aparılan modernləşdirmə tədbirləri nəticəsində bu gün Sumqayıtda artıq ətraf mühit üçün təhlükə yaradan müəssisələr yoxdur. Bu şəhər ölkəmizin ekoloji cəhətdən ən təmiz şəhərlərindəndir. Biz də fəaliyyətimizi ilk gündən məhz bu meyarlar əsasında təşkil etmişik.

İstehsalat prosesində əmələ gələn müxtəlif növ tullantıların növlərinə görə çeşidlənərək müvafiq qaydada yerləşdirilir və kənarlaşdırılır. Əməliyyat sahələrində əmələ gələn çirkab və kimyəvi sular müvafiq təmizləyici qurğulara göndəriləcək.

Kompleksin istehsalat sahələrində atmosferə atılan zərərli maddələrə nəzarət həyata keçiriləcək, mövcud yaşıllıq zonalarına texniki qulluq göstəriləcək. Kompleksdəki ventilyasiya qurğularında mütəmadi olaraq yoxlamalar aparılacaq, yeraltı suların monitorinqlərinin keçirilməsi üçün xüsusi quyular qazılacaq.

Sadaladığımız işlərlə yanaşı təhlükəli mayelərin sızıntılarının qarşısını almaq üçün müvafiq nəzarət tədbirləri keçiriləcək.

Ətraf mühitin qorunması ilə bağlı işçilər arasında müvafiq təlimatlandırma və təbliğat işləri aparılır və bu məqsədlə kompleksdə ətraf mühitin mühafizəsinə dair müasir kitabxana yaradılıb. İqtisadiyyatımızın inkişafına töhfə vermək nə qədər mühüm olsa da, hər birimiz ölkəmizdə ekoloji tarazlığın qorunmasına da öz töhfəmizi verməliyik.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)