Goldman Sachs Brent nefti üzrə qiymət proqnozunu artırıb
“Goldman Sachs” investisiya bankı Yaxın Şərqdə tədarük risklərinin artması və münaqişələrin yenidən şiddətlənməsi ehtimalı fonunda “Brent” markalı xam neftin qiyməti üzrə proqnozunu yüksəldib.
ENA.az xəbər verir ki, bank dekabr ayı üçün “Brent” neftinin qiymət proqnozunu bir barel üçün 85 dollardan 90 dollara qaldırıb.
Daan Struyvenin rəhbərlik etdiyi analitiklər bildiriblər ki, Yaxın Şərqdə neft tədarükünün yeni şəraitə uyğunlaşması zamanla qiymətləri aşağı sala bilər. Bununla belə, münaqişələrin yenidən kəskinləşməsi qiymətlər üçün ciddi yüksəliş riski yaradır. Analitiklərin qiymətləndirməsinə görə, hazırda neftin qiymətində əks olunan geosiyasi risk əlavəsi bir barel üçün 20 dollardan bir qədər çoxdur.
Bank ABŞ-ın “WTI” markalı neftinin dekabrda orta hesabla 81 dollar, 2027-ci ildə isə 73 dollar olacağını proqnozlaşdırır. “Goldman Sachs” bu fərqi ABŞ və Avropa arasında daşınma xərclərinin qeyri-adi dərəcədə yüksək olması ilə əlaqələndirir.

















