Bakıda vahid idarəetmə sistemi yaradıla bilər
Bakının mərkəzinin hüdudları dəqiq müəyyən olunarsa, vahid idarəetmə sistemi də yaradıla bilər.
"BI" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə yekun çıxışı zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib: “Mən memarlıqla bağlı səslənən təklifləri də bəyənirəm. Hesab edirəm ki, Bakı Şəhər İcra Hakimiyyəti və Memarlar İttifaqı birlikdə Elbəy müəllimin səsləndirdiyi təklifi təhlil etsin, çünki siz tamamilə haqlısınız. Elə bil ki, Bakının mərkəzi bir neçə rayonda cəmləşir. Mən bilmirəm bu, nə üçün belə olub, tarixən belə olubdur. Burada çox böyük məntiq var”.
İlham Əliyev bildirib ki, əgər şəhərin mərkəzinin hüdudları dəqiq müəyyən olunarsa, əlbəttə ki, vahid idarəetmə sistemi də yaradıla bilər: “Necə ki, misal üçün, mənim qərarımla Bulvarı, İçərişəhəri ayrı-ayrı inzibati vahid kimi yaratdıq. Məhz buna görə həm Bulvarda, həm də İçərişəhərdə indi səliqə-sahman, qayda-qanun və gözəl ab-hava var. Ona görə mən Bakının mərkəzi rayonunun yaradılması təklifini prinsipcə dəstəkləyirəm. Gərək biz bunu təhlil edək, incələyək ki, hansı addımlar atılmalıdır. Ona görə bu göstəriş də verilir.
Əlbəttə ki, biz Bakının tarixi binalarının bərpası ilə bağlı çox həssas iş aparmalıyıq. Mən həmişə demişəm ki, təmir zamanı binaların tarixi görkəmi saxlanmalıdır. Bu, əsas prinsip olmalıdır. Son illərdə şəhərimizin əsas tarixi binaları əsaslı şəkildə bərpa olunub və onların tarixi siması qorunub”.