Əmək müqavilələrinin sayındakı "ağarma" - RƏQƏM
Əmək müqavilələrinin “ağarması” ilə bağlı bu ilin yanvarından başlanan tədbirlər rəqəmləri kəskin artırıb.
"Businessinsider.az" xəbər verir ki, təkcə yanvar ayında əmək müqavilələrinin sayında 20 minədək artım müşahidə edilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, buna qanunvericilikdə aparılmış son dəyişikliklər səbəb olub:
“Bizim düşüncəmiz belədir ki, həm minimum əməkhaqlarının artırılması, həm gəlir vergisinin tutulması ilə bağlı özəl sektorda böyük güzəştlərin tətbiq edilməsi, həm də məşğulluq xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi kimi amillər əmək bazarının leqallaşması və əmək müqavilələrinin artması baxımından böyük əhəmiyyət kəsb edir”.
Qeyd edək ki, 2018-ci ilin sonuna olan məlumata görə, Azərbaycanda əməkhaqqı fondunun ümumdaxili məhsuldakı xüsusi çəkisi 20 faizdən aşağıdır və bu, çox aşağı göstəricidir. Eyni zamanda, əhalinin pul gəlirlərinin strukturunda əmək ödənişlərinin payına baxaq, Azərbaycanda 25 faizdirsə, MDB ölkələrində 60-70 faiz arasında dəyişirdi.
Ona görə də hökumət islahatlara getdi və 2019-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 101-ci maddəsinə uyğun olaraq, özəl və qeyri-neft sektorunda çalışan, aylıq gəliri səkkiz min manatdan aşağı olan muzdlu işçilərin əməkhaqqından vergi tutulmur. Bu da işçilərin və onların gəlirlərinin uçotunun şəffaflaşmasına imkan verir.