Bankların likvid aktivləri artıb, likvidlik mövqeyi güclənib – AMB
Azərbaycanın bank sektorunun likvidlik mövqeyi komfort zonadadır.
ENA.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.
Sənədə əsasən, bu ilin I yarısında məcmu likvidliyin örtülmə əmsalı (LCR) 2025-ci ilin sonu ilə müqayisədə 6 faiz bəndi artaraq 160 %, milli valyutada isə 11 faiz bəndi artaraq 138 % təşkil edib. Həm məcmu, həm də manatda LCR göstəricisi üzrə bütün banklar minimum requlyativ tələbi üstələyib (2026-cı ilin iyun ayının sonuna məcmu və manatda LCR üzrə minimum tələblər müvafiq olaraq 100 % və 70-80 % təşkil edir).
2025-ci ilin sonu ilə müqayisədə sektor üzrə yüksək keyfiyyətli likvid aktivlər 13 % (1,9 milyard manat) artaraq 17 milyard manat təşkil edib, sektorun xalis nağd ödənişləri isə 9 % (908 milyon manat) artaraq 10,6 milyard manat olub. Bankın likvidlik göstəricilərindəki artımın əsas səbəbi yüksək keyfiyyətli likvid aktivlərin artımıdır ki, bunun da əsas drayveri overnayt depozitlər və AMB-də repo çərçivəsində yerləşdirilmiş depozitlərdir.



















