Bank

Azərbaycan bankları I rübdə “Bloomberg” ticarət sistemində 1 200-ə yaxın təminatsız əqd bağlayıb

Bu ilin I rübündə Azərbaycan bankları “Bloomberg” ticarət sistemində banklar ümumi dəyəri 22,6 milyard manat olan 1 162 ədəd təminatsız əqd bağlayıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının "Pul siyasət icmalı"nda bildirilir.

Sənədə əsasən, bu əməliyyatların məbləğ olaraq 94 %-i 1-3 günlük olub.

Yanvar-mart aylarında banklararası repo bazarında isə ümumi dəyəri 2,4 milyard manat olan 133 əqd bağlanılıb. Bu əqdlərin məbləğ olaraq 11 %-i 1-3 günlük, 87 %-i isə 6-8 günlük əməliyyatlar olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə təminatsız pul bazarında bağlanılan əqdlərin məbləği 1,7 dəfə, banklararası repo bazarındakı əməliyyatların məbləği isə 2,1 dəfə artmışdır.

Ümumilikdə, hesabat dövründə banklararası bazarın həm təminatsız, həm də təminatlı sektorunda yüksək aktivlik müşahidə olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)