Bank

Mərkəzi Bank banklarda əməliyyat risklərinin idarə edilməsi qaydasını təsdiqlədi

Requlyativ çərçivənin bank sektorunun tənzimlənməsi üzrə beynəlxalq standart kimi qəbul edilmiş Bazel Komitəsinin tövsiyələrinə uyğunlaşdırılması Mərkəzi Bankın strateji prioritet hədəflərindən biri kimi müəyyən edilib. Bu xüsusda, Mərkəzi Bank tərəfindən mütərəqqi beynəlxalq təcrübə və standartlara əsaslanan “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası” (Qayda) hazırlanaraq təsdiq edilib.

Qaydanın əsas məqsədi banklarda fəaliyyətin davamlılığının artırılması və əməliyyat mühitində hadisələrə daha çevik reaksiyanı təmin etməklə, əhəmiyyətli maliyyə itkilərinin qarşısının alınmasını dəstəkləməkdir. Yeni qəbul edilmiş requlyativ qaydada xüsusilə, banklarda əməliyyat risklərinin idarə edilməsi sisteminə, əməliyyat risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və monitorinqinə, bankdaxili və nəzarət orqanına hesabatlılığa, habelə əməliyyat risk hadisələri barədə məlumat bazasının formalaşdırılmasına dair tələblər müəyyən edilib.

Bu çərçivənin tətbiqi banklarda əməliyyat riskləri hadisələrinə dair mövcud məlumat bazasının genişləndirilməsinə, əməliyyat risk hadisələri nəticəsində bankın qarşılaşdığı zərərin daha dəqiq hesablanmasına və növbəti dövrlərdə əməliyyat risklərinə dair kapital tələbləri üzrə banklar tərəfindən daha təkmil yanaşmaların tətbiqinə imkan yaradacaq.

Qəbul olunmuş Qaydanı aşağıdakı link üzərindən nəzərdən keçirmək mümkündür:

https://e-qanun.az/framework/58966

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)