Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/nizami83/public_html/includes/Parser.php on line 129
Rabitə və enerji sektorunun hegemonları hesabat verməyə öyrəşməyib – ARAŞDIRMA   | ENA.az
Hesabatlar

Rabitə və enerji sektorunun hegemonları hesabat verməyə öyrəşməyib – ARAŞDIRMA  

Bİ.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi dövlətə məxsus olan iri şirkətlərin məlumat bazasını hazırlayıb. İlkin olaraq burada 20 müəssisənin məlumatları toplanıb. Həmin məlumat bazasında qeydlər 3 istiqamətdə olmalıdır: - gəlirlər, əmlak, öhdəliklər.  Dövlət müəssisələri həmin informasiyaları Komitənin müvafiq strukturuna təqdim etməlidir. Bundan sonra həmin məlumatlar bazaya daxil edilir. Məlumatlar yeniləndikcə bazaya da yeni informasiya əlavə edilir.


Lakin hələlik data baza ictimaiyyət üçün açıq deyil. Ona görə də hələlik media və əhali dövlət müəssisələrinin illik hesabatlarını fərdi qaydada  onların rəsmi internet saytlarından əldə edə bilərlər. Bu isə o qədər də asan deyil. Çünki iri dövlət şirkətlərinin bir çoxu öz hesabatlarını açıqlamırlar. Ona görə də onların gəlir və xərcləri, aktivləri, borcları və digər məlumatlarını əldə etmək mümkün olmur.


“Bİ”nin dövlət müəssisələrinin hesabatlılığı ilə bağlı araşdırması da göstərir ki, hələ də bir sıra iri və əhəmiyyətli dövlət şirkətləri illik hesabatlarını ictimaiyyətə açıqlamırlar. Onların sırasında “AZAL”, “Azərenerji”, “Azərişıq”, “Aztelecom” və “Baktelecom” xüsusi yer tutur. 
“Bakı Telefon Rabitəsi” MMC yalnız 2015 və 2016-cı illər üzrə konsolidasiya edilmiş hesabat hazırlayıb. Saytda bununla bağlı aktiv link yerləşdirilsə də səhifə açılmır. Beləliklə, bu şirkət də qapalı qalan qurumlar siyahısındadır.


Digər iri rabitə şirkəti olan “Aztelekom” MMC və “Azərbaycan Hava Yolları” QSC   də rəsmi internet səhifələrində heç bir hesabat dərc etməyiblər. 


Səhmdarı və müştəriləri qarşısında özünü “borclu” saymayan iri dövlət şirkətlərindən biri də  “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dir. Şirkət illərdir ki, büdcədən kifayət qədər vəsait alır, ancaq  bununla və fəaliyyəti ilə bağlı rəsmi internet səhifəsində heç bir hesabat təqdim etməyib.  Yalnız təmir işləri ilə bağlı bölmədə  2013 və 2014-cü illərdə təmir işləri görülən rayonların adları qeyd edilib. Ancaq hansı işlərin görülməsi və ona nə qədər vəsait xərclənməsi barədə açıqlama dərc edilməyib. Beləliklə, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin hesabatlılıq baxımından xeyli geridə qaldığı bəlli olub.  

Saytdakı elektron xidmətlər bölməsi isə ümumiyyətlə işləmir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hesabatlılığını da araşdırdıq. Məlum oldu ki, Agentlik 2015, 2016 və 2017-ci illərin maliyə hesabatlarını açıqlayıb.  2017-ci ilin əvvəlinə  249 milyon 993 min 936 manat nizamnamə kapitalı olan qurum ilin sonunadək bu rəqəmi 395 milyon manat artırıb. 2017-ci ilin sonuna Agentliyin nizamnamə kapitalı 644 milyon 987 min 156 manata çatıb.  


Ötən il Agentliyin xərcləri də artıb. Əgər 2016-cı ildə qurumun illik xərcləri 403 milyon 875 min 906 manat olmuşdusa, 2017-ci ildə bu rəqəm  518 milyon 94 min  745 manata qalxıb. 


Agentlik 2017-ci ildə 77 min 336,40 manat mənfəətlə  işləyib. Bunun 20%- (15 min 467,28 manat)  mənfəət vergisi kimi büdcəyə köçürülüb. Agentliyin sərəncamında cəmi 61 min 869,12 manat sərbəst mənfəət qalıb. 


2017-ci ilin sonuna Agentliyin cəmi ehtiyatları 85 milyon 845 min 517 manat olub. 


Avtomobil Nəqliyyatı Dövlət Agentliyinin rəsmi səhifəsindəki “Hesabatlar” bölməsində isə “2017-ci ilin 9 ayı ərzində “Azəravtoyol” ASC-nin yerinə yetirdiyi işlər barədə məlumat” yer alıb.  Görünür, Agentlik sənədlərdə ciddi dəyişiklik etməyib. 


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Bakı Metropoliteni” QSC hesabatlarını 2014-cü ildən dərc etməyə başlayıb. Hər iki şirkət öz rəsmi səhifəsində 2014, 2015, 2016, 2017-ci illərə aid olan hesabatlarını dərc edib. 


İstilik təchicatı sahəsində yeganə şirkət olan  “Azəristiliktəchizat” ASC isə son illərdə hesabat verməyib. Şirkətin ən son açıqladığı hesabat 2011-ci ilə aiddir. Həmin il şirkətin cəmi uzunmüddətli aktivləri 111,6 milyon manat,   cəmi aktivləri isə 141,5 milyon manat olub. 2010-cu illə müqayisədə bu rəqəmlər kifayət qədər artıb.


2011-ci ildə “Azəristiliktəchizat” ASC-nin nizamnamə  kapitalı 19 milyon 266 min  017 manat olub. Həmin dövrdə şirkətin cəmi kapital və öhdəlikləri  artaraq 141,5 milyon manata çatıb. 


Hesabatı verilən son 2 ilin nəticələrinə əsasən, şirkət zərərlə işləyib. 2010-cu ildə ASC-nin zərəri 57,6 milyon manat, 2011-ci ildə isə daha çox - 66,9 milyon manat olub.  


Xatırladaq ki, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətin səhmləri 100% Dövlətə məxsus olan bir kommersiya təşkilatıdır. Təşkilatın əsas fəaliyyəti Azərbaycan Respublikası üzrə yaşayış məntəqələrində evlərin və binaların habelə sosial və digər təyinatlı obyektlərin istilik təchizatından ibarətdir.


Enerji sektorunda ən böyük monopolist şirkət olan Azərenerji” ASC və “Azərişıq” ASC də öz rəsmi internet səhifələrində heç bir hesabat dərc etməyiblər. Hətta bu ilin iyul ayında ölkədə baş verən enerji böhranından sonra da bu sahədə yenilik olmayıb. 


Digər iri dövlət şirkəti olan “Aqrolizinq” ASC ancaq 2016 və 2017-ci illərin maliyyə hesabatını açıqlayıb. Buradan məlum  olur ki, 2016-cı illə müqayisədə ötən il şirkətin nizamnamə kapitalı   200 milyon manat artaraq   561 milyon 627 min 545 manata çatıb. 


2017-ci ildə ASC-nin cəmi kapitalı 537 milyon 456 min 454 manat, cəmi aktivləri isə 932 milyon 346 min 439 manat  olub. 


Bunlara baxmayaraq, şirkət son 2 ili zərərlə başa vurub. Zərərin həcmi 2016-cı ildə 11 milyon manatdan 2017-ci ildə 21,7 milyon manata çatıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department