ABŞ Maliyyə naziri Yellendən "borc limiti" xəbərdarlığı
ABŞ-ın maliyyə naziri Canet Yellen ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Consona borc limiti ilə bağlı məktub yazıb.
Borc limitinin ABŞ hökumətinin cari qanuni öhdəliklərini yerinə yetirmək üçün borc götürməsinə icazə verilən ümumi məbləğ olduğunu qeyd edən Yellen, bu öhdəliklərə Sosial Müdafiə və tibi sığorta ödənişləri, hərbi maaşlar, dövlət borcuna görə faiz ödənişləri, vergilərin qaytarılması və s. ödənişlərin daxil olduğunu bildirib.
2023-cü ilin iyun ayında qüvvəyə minən Fiskal Məsuliyyət Qanunu ilə borc limitinin 1 yanvar 2025-ci il tarixinə qədər dayandırıldığını xatırladan Yellen, 2 yanvar 2025-ci ildə yeni borc limitinin ödənilməmiş borcun məbləği olaraq müəyyən ediləcəyini bildirib.
Bununla belə, yanvarın 2-də ödənilməmiş borc məbləğində təxminən 54 milyard dollar azalma gözlənildiyini qeyd edən Yellen, bunun böyük ölçüdə tibbi sığorta ödənişləri və federal etimad fondu tərəfindən saxlanılan müəyyən qiymətli kağızların planlaşdırılmış ödənişi ilə bağlı olacağını qeyd edib.
Yellen vurğulayıb ki, bu səbəbdən borcun müvəqqəti azalması ilə 2 yanvar tarixindən etibarən Xəzinədarlığın fövqəladə tədbirlər görməyə başlamasına ehtiyac qalmayacaq:
“Hazırda Xəzinədarlıq 14-23 yanvar tarixləri arasında yeni limitə çatacağını proqnozlaşdırır və bu tarixdə Xəzinədarlıq fövqəladə tədbirlər görməyə başlamalıdır".
ABŞ-ın maliyyə naziri Yellen Konqresi ölkənin tam etibarını və nüfuzunu qorumaq üçün tədbirlər görməyə çağırıb.
Borc limiti
ABŞ-da federal hökumət sonuncu dəfə 2023-cü ilin əvvəlində 31,4 trilyon dollarlıq borc həddinə çatıb. Borc limiti ABŞ Konqresində aylarla davam edən danışıqlardan sonra 2023-cü ilin iyununda 2025-ci il yanvarın 1-dək dayandırıldı.
ABŞ-ın hazırkı borcu 36,1 trilyon dollar təşkil edir.
Birləşmiş Ştatlarda borc limiti və ya borc tavanı "ABŞ hökumətinin cari qanuni öhdəliklərini yerinə yetirmək üçün borc götürməyə icazə verdiyi pulun ümumi məbləği" deməkdir.
ABŞ Xəzinədarlığı Konqresin müəyyən etdiyi limitə çatana qədər borc götürmək səlahiyyətinə malikdir.
Əgər borc həddinə çatarsa, federal hökumət borcun məbləğini artıra bilməz, yalnız əlində olan pul və gəliri xərcləyə bilər. Limitin artırılması üçün qanun qəbul edilərək Konqresdən icazə alınmalıdır.