Sosial iqtisadiyyat

Azərbaycan Fələstinə 2 milyon dollar yardım ayırıb

Yaxın Şərqdəki gərgin vəziyyət dərin narahatlıq doğurur.

Bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov Qahirədə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində “Fələstin və Livanda vəziyyət” adlı xüsusi sessiyada çıxışında bildirib.

O deyib ki, Qəzza və digər Fələstin ərazilərində on minlərlə günahsız insanın həyatını itirməsi, mülki infrastrukturun dağıdılması ilə müşayiət olunan böhranın humanitar nəticələri kritik səviyyəyə çatıb. Bu baxımdan daha çox qan tökülməsinin qarşısını almaq üçün təcili tədbirlərin görülməsi zəruridir:

“İslam dünyasının ayrılmaz parçası olan Azərbaycan bu ağır dövrdə Qəzzanın sakinləri ilə həmrəyliyini ifadə edir. Biz zorakılığın artmasını, qeyri-bərabər gücdən istifadəni və mülki şəxslərin həyatlarını itirmələrini qətiyyətlə pisləyirik. Bu, beynəlxalq humanitar hüququn açıq-aşkar pozulmasıdır. Azərbaycan Fələstindəki qardaş və bacılarımıza maddi yardım göstərmək üçün hər zaman səy göstərmişdir. Ölkəmiz bu böhrandan təsirlənən Fələstin xalqına humanitar yardım göstərmək məqsədilə 2 milyon ABŞ dolları ayırmışdır. Bundan əlavə, Azərbaycan Fələstində 600 şagirdlik məktəbin inşasına da vəsait ayırmışdır”.

Ə.Əsədov söyləyib ki, Fələstin xalqına humanitar yardımın göstərilməsi istiqamətində Azərbaycan tərəfindən bölgənin digər dövlətləri ilə yaxın təmaslar davam etdirilir:

“Biz bundan sonra da böhranın humanitar fəsadlarının aradan qaldırılmasında öz səylərimizi əsirgəməyəcəyik. Humanitar yardımdan əlavə, Azərbaycan Fələstinə beynəlxalq dəstək əldə etmək üçün də öncül rol oynamaqdadır. Bu xüsusda, biz bir neçə yüksək səviyyəli tədbirə ev sahibliyi etmişik. Bunların arasında İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin yaradılması və Qüdsün inkişafını dəstəkləmək məqsədilə Donor Konfransını xüsusi qeyd etmək istərdim. Təəssüflə qeyd edək ki, vəziyyətin gərginləşməsinin təsirləri yalnız Qəzza və Fələstinlə məhdudlaşmır, qlobal təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradır. Gərginliyin bölgəyə yayılma riski böyük narahatlıq doğurur”.

Baş nazir qeyd edib ki, Azərbaycan bütün tərəfləri təmkinli davranmağa və vəziyyətin daha da gərginləşməsinə səbəb ola biləcək hər-hansı bir hərəkətdən çəkinməyə çağırır: “Dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət təmin olunmalıdır. BMT Nizamnaməsinə zidd olaraq hansısa formada gücdən istifadə qəbuledilməzdir. Bu fundamental prinsiplərin pozulması dərhal və şərtsiz şəkildə dayandırılmalıdır. Biz atəşkəsin əldə olunması, zəruri humanitar yardımın təmin edilməsi və münaqişənin səbəblərinin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyəti birgə çalışmağa çağırırıq. Böhrandan diplomatik çıxış yollarının tapılması üçün dinc siyasi proses təşviq edilməlidir. Böhrandan əziyyət çəkən mülki şəxslərin vacib humanitar ehtiyaclarını qarşılamaq üçün bölgəyə humanitar yardımın göstərilməsi təmin edilməlidir. Müvafiq BMT qətnamələrinə ciddi şəkildə riayət edilməlidir”.

Onun sözlərinə görə, Fələstin xalqının öz dövlətində təhlükəsiz və ləyaqətlə yaşamaq haqqının təmin edilməsinin alternativi yoxdur: “Odur ki, Azərbaycan münaqişənin Şərqi Qüdsün Fələstinin paytaxtı olmaqla, iki dövlət prinsipi əsasında həllini birmənalı şəkildə və qətiyyətlə dəstəkləyir. Azərbaycan bundan sonra da dialoq və barışığı təşviq edən və İsrail-Fələstin münaqişəsinin ədalətli və davamlı həllinə dəstək verən səylərə sadiq qalacaqdır”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)