Azərbaycanda ölmüş adamın olmayan maşını radara düşdü - FOTO
Azərbaycanda dörd il əvvəl vəfat etmiş şəxsin adına elektron protokol tərtib edilərək evinə göndərilib.
"BI" xəbər verir ki, bu barədə mərhumun həyat yoldaşı Zakirə Zakirqızı sosial şəbəkədə məlumat yayıb.
Məlumatda bildirilir ki, Mirzəquluzadə Elxan Balağa oğlu 2019-cu ilin yanvar 4-də Salyan yolunun 29-cu kilometrliyində, Xıdırlı kəndi ərazisində “Nissan Patrol” markalı avtomobillə guya radara düşüb, o, 50 manat məbləğində cərimələnib.
Protokola əsasən, Elxan Mirzəquluzadə İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci (Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə) maddəsini pozub.
Zakirə Zakirqızı bildirib ki, həyat yoldaşı dörd il əvvəl vəfat edib:
“Baş Dövlət Yol Polisi İdarəsindən bildirilir ki, həyat yoldaşım “Nissan Patrol” markalı avtomobillə radara düşərək 50 manat məbləğində cərimələnib.
Halbuki həyat yoldaşım dörd il bundan əvvəl dünyasını dəyişib. Ümumiyyətlə, bizim “Nissan Patrol” markalı avtomobilimiz olmayıb. Hətta öz adına belə kimin üçünsə alsaydı, xəbərim olardı. İndi məni bir məsələ düşündürür ki, birdən bu maşın kimisə vurub öldürdü. Məsuliyyəti kim daşıyacaq? Mənim dörd il bundan əvvəl dünyasını dəyişmiş yoldaşım?”
Zakirə Zakirqızı qeyd edib ki, məsələ ilə bağlı Baş Dövlət Yol Polisini məhkəməyə verməyi düşünür.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində Baş İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev saytımıza açıqlama verib.
Onun sözlərinə görə, məsələ yol polisinin diqqət mərkəzindədir:
“Araşdırmalardan sonra ictimaiyyətə məlumat veriləcək”.