Prezidentin etdiyi dəyişiklik on minlərlə ailəyə təsir edəcək
Əmlak ekspert mərkəzinin direktoru Ramil Osmanlı prezidentin ötən gün çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında imzaladığı fərmanını şərh edib.
R. Osmanlı açıqlamasında bildirib ki, məsələnin əsas tərəfi odur ki, fərman çox qısa müddətli bir dövrü əhatə edir: “Yəni, 2020- ci ilin yanvarın 1-dək fərman qüvvədədir. Bu o deməkdir ki, növbəti ilin yanvarın 1-dək tikintisi başa çatmış, istismara hazır olan binalarda Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırmalar aparılacaq. Bu araşdırmalar iki ay müddətinə yekunlaşacaq. Bundan sonra yararlı olan, qəzalı vəziyyətdə olmayan binaların istismara qəbulu həyata keçiriləcək. Məsələn, əvvəl Bakı Şəhəri İcra Hakimiyyəti istismara qəbulla bağlı sənədlərdə müəyyən qüsurlar tapırdı. Ancaq hazırda FHN-in rəyi məsələnin həlli deməkdir. Yəni, müsbət rəy verilən bina barəsində qeyd şərtsiz istismara qəbul aktı tərtib olunacaq. Bu da o deməkdir ki, həmin çoxmənzilli binaya qeydiyyat problemi həll olunacaq. Əmlak Məsələləri üzrə Dövlət Komitəsində artıq vətəndaşların qeydiyyat sənədləri onların adına tərtib olunacaq”.
-
Eləcə də bax: Bakıda ən bahalı mənzillər olan 10 kompleks - QİYMƏTLƏR
Ekspertin sözlərinə görə, Bakıda təqribən qeydiyyatsız 800-dən artıq istismara qəbul olunmayan çoxmənzilli bina var: “Bütövlükdə isə nəinki paytaxt Bakıda, həmçinin digər regionlarda da belə binalar var. Bu fərman çoxmənzilli binalar üzrə uzun illərdən bəri yığılıb qalmış qeydiyyat probleminin həllinə birbaşa təkan verəcək. Bilirsiniz ki, bir mənzilin bir neçə nəfərə satılması halları müqavilə ilə satılan mənzillərdə baş verirdi. Sözsüz ki, çıxarış olandan sonra artıq Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında daşınmaz əmlakın dövlət reyestri xidmətində həmin mənzillərin reyestri aparılacaq.Bütün əməliyyatlar notarial qaydada həyata keçiriləcək. Hətta alqı-satqı əməliyyatları zamanı qısa zamanda elektron çıxarışın alınması da mümkündür.
Bunun iqtisadi cəhətdən də ölkə üçün səmərəsi var. Belə ki, dövlət büdcəsinə daxilolmalar artacaq. Həmin mənzillərin qeydiyyatından dövlət rüsumları və xidmət haqları şəklində dövlət büdcəsinə daxilolmalar olacaq. Eyni zamanda, sonrakı mərhələdə aparılan əməliyyatlar üzrə yəni, alqı-satqı, girov, vərəsəlik, bağışlama əməliyyatları üzrə vergiyə cəlb olunma, bağlanan əqdlərə görə tələb olunan rüsum və xidmət haqları dövlət büdcəsinə daxil olacaq. Bir müsbət məqam da ondan ibarətdir ki, bu, uzun müddətdir ki, çoxmənzilli binalarda idarəetmə probleminə xeyli dərəcədə təkan vermiş olacaq. Çünki çoxmənzilli binalarda ən aktual problemlərdən biri də idarəetmə problemidir. Vətəndaşlarla MTK rəhbərləri arasında bu istiqamətdə ciddi problem var. Hüquqi baxımından imkanlar məhduddur. Tutaq ki, vətəndaş məhkəməyə müraciət etdikdə həmin mənzildə yaşadığını təsdiq edən sənəd tələb olunur. Vətəndaş isə bu sənədi verə bilmədikdə onun mübarizə aparmaq imkanları məhdudlaşır”.