Binaları istismara qəbul etdirməyib pul qazanırlar
“Bir sıra tikinti şirkətləri inşa etdikləri binaların istismara qəbul edilməməsində özləri maraqlıdırlar”.
"BI"nin məlumatına görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib.
Onun sözlərinə görə, bunun səbəbi tikinti şirkətlərinin mənzillərin alqı-satqısından müəyyən qazanc götürmələridir:
“Binaların istismara qəbul edilməsində bəzən mənzil tikinti kooperativi (MTK) maraqlı olmur. Niyə?! Mənzillər qeydiyyatdan keçməyən zaman o mənzillərin vətəndaşlar arasında biri-birlərinə alqı-satqısı MTK-lar və ya tikinti şirkətləri tərəfindən həyata keçirilir. Bu da müəyyən ödənişlər müqabilində olur. Binalar istismara qəbul edildikdən sonra, mənzillərə hüquqlar dövlət tərəfindən tanındıqdan sonra bütün proseslər notarial qaydada olacaqdır. Mən fürsətdən istifadə edib vətəndaşlara müraciət etmək istəyirəm ki, çalısınlar hüquqları tanınmış mənzilləri alsınlar. Və ya istismara qəbul edilmiş binalardan mənzillər alsınlar. Bunun üçün Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidməti var. O xidmət vasitəsilə binanın qeydiyyatının aparıldığını öyrənmək mümkündür (Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi xidməti-red) ”.