TURİZM

Yay səyahətlərində yeni trend: Avropada turistlər artıq yolun özünü də səyahətin bir hissəsinə çevirirlər

Avropada səyahət vərdişləri dəyişir. Turistlər artıq yalnız məşhur paytaxtlara və iri şəhərlərə üz tutmur, marşrut üzərində yerləşən kiçik şəhər və tarixi məkanları da səyahət planına daxil edirlər. Beləliklə, bir şəhərdən digərinə gedilən yol sadəcə transfer deyil, tətilin maraqlı hissəsinə çevrilir. Bu tendensiya şəhərlərarası avtomobil transferləri üzrə ixtisaslaşan Daytrip platformasının yay rezervasiyaları əsasında hazırladığı yeni reytinqdə də öz əksini tapıb.

Platformanın əsasən Avropaya səfər edən amerikalı turistlərin rezervasiyalarını təhlil etməsi göstərir ki, səyahətçilər uzun yolçuluqları tarixi şəhərlərdə, UNESCO Dünya İrs siyahısına daxil edilmiş məkanlarda və məşhur görməli yerlərdə qısa dayanacaqlarla daha maraqlı etməyə üstünlük verirlər.

Yayın ən populyar 10 dayanacağı
Daytrip-in siyahısına görə, bu yay Avropada marşrut üzərində ən çox ziyarət edilən məkanlar bunlardır:
Pompey (İtaliya)
Obidos (Portuqaliya)
Çeski Krumlov (Çexiya)
Mostar (Bosniya və Herseqovina)
Koimbra (Portuqaliya)
Aveyru (Portuqaliya)
Plitviçe Gölləri Milli Parkı (Xorvatiya)
Ston (Xorvatiya)
Stounhenc (İngiltərə)
Bratislava (Slovakiya)
Pompey niyə siyahıya liderlik edir?
 


 
Reytinqin zirvəsində qədim Roma şəhəri Pompey qərarlaşıb. Eramızın 79-cu ilində Vezuv vulkanının püskürməsi nəticəsində kül altında qalan şəhər bu gün dünyanın ən yaxşı qorunub saxlanılmış arxeoloji məkanlarından biri hesab olunur və UNESCO-nun Dünya İrs Siyahısına daxildir.

Pompey Neapol, Sorrento və Ravello kimi məşhur turizm şəhərlərindən avtomobillə bir saatdan da az məsafədə yerləşir. Platformanın tövsiyəsinə görə, əsas tarixi əraziləri gəzmək üçün təxminən dörd saat kifayətdir. Daha çox vaxtı olan səyahətçilər isə səfəri yaxınlıqdakı Vezuv vulkanı ilə birləşdirə, kraterə qədər piyada yürüş edərək Neapol körfəzinin panoramik mənzərəsini izləyə bilərlər.

Kiçik şəhərlər böyük maraq qazanır
Reytinqdə diqqət çəkən məqam məşhur Avropa paytaxtlarının siyahıda yer almamasıdır. Bunun əvəzinə orta əsr memarlığını qoruyan kiçik şəhərlər və təbiət möcüzələri turistlərin maraq dairəsinə daxil olub.

Portuqaliyanın qala divarları ilə əhatələnmiş Obidos şəhəri, nağıl atmosferi ilə tanınan Çeski Krumlov, Mostarın tarixi körpüsü, Xorvatiyanın Plitviçe Gölləri Milli Parkı və Slovakiyanın paytaxtı Bratislava səyahətçilərin marşrutlarında ən çox seçilən dayanacaqlar sırasındadır. 

Səyahətin fəlsəfəsi dəyişir
Turizm ekspertləri hesab edirlər ki, yeni tendensiyanın arxasında daha fərqli təcrübələr yaşamaq istəyi dayanır. Səyahətçilər artıq saatlarla avtomobil və ya qatarla yol getməyi "itirilmış vaxt" kimi deyil, yeni şəhərlər və mədəniyyətlərlə tanış olmaq üçün fürsət kimi qiymətləndirirlər.
Bu yanaşma həm məşhur turizm mərkəzlərində sıxlığın azalmasına, həm də uzun illər diqqətdən kənarda qalmış şəhərlərin turizm gəlirlərinin artmasına şərait yaradır.

ENA-nın qeydi
Son illər Avropada "slow travel" – yəni daha yavaş və daha məzmunlu səyahət konsepsiyası sürətlə populyarlaşır. Daytrip-in reytinqi də göstərir ki, turistlər artıq təkcə son təyinat nöqtəsini deyil, ora aparan marşrutun özünü də səyahətin ən maraqlı hissələrindən biri hesab etməyə başlayıblar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)