Taleh Kazımov: “Yaşıl istiqrazlar"la bağlı qanun hökumətə təqdim edilib
“Mərkəzi Bank olaraq, bu mühüm çağırışla bağlı qarşımızda duran prioritetləri bilirik və ortamüddətli dövr üzrə strateji gündəlikmövcuddur. Bu gündəliyə tənzimləyici çərçivəni təkmilləşdirmək və yaşıl investisiyaları təşviq etmək kimi mühüm vəzifələr daxildir”.
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov “Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu”ndakı çıxışında bildirib.
Onun sözlərinə görə, AMB-nin əsas hədəfi maliyyə institutlarının portfellərinin dayanıqlılıq məqsədlərinə uyğunlaşdırılması və bu sahədə mümkün alət və təlimatlara malik olmasını təmin etməkdir.
T.Kazımov aşağıdakı mühüm təşəbbüsləri vurğulayıb:
- 2023-2026-cı illər üzrə Dayanıqlı Maliyyə Yol Xəritəsi hazırlanmışdır ki, bu maliyyə sektorunun dayanıqlı inkişafda rolunun gücləndirilməsi məqsədini daşıyır.
- Yol Xəritəsi çərçivəsində mühüm təşəbbüslərdən biri olan Yaşıl Maliyyə Taksonomiyasının hazırlanmasınabaşlamışıq.
AMB sədri bildirib ki, taksonomiyanın əsas məqsədi iqlim dəyişikliyinin təsirinin azaldılması, bu dəyişikliklərə uyğunlaşmanın təmin edilməsi, ekosistemin bərpası və mühafizəsidir. Artıq dövlət qurumları, sənaye assosiasiyaları, maliyyə institutları, investorlar, beynəlxalq təşkilatlar da daxil olmaqla bütün tərəfdaşlarla taksonomiya üzrə keçirilən məsləhətləşmələr yekunlaşıb.
Növbəti mərhələdə taksonomiyanın yekun layihəsinin təsdiq olunması üçün hökumətə təqdim edilməsi nəzərdə tutulur.
“Yaşıl istiqrazlar sahəsində qabaqcıl beynəlxalq təcrübəni hərtərəfli nəzərdən keçirərək qlobal səviyyədə tanınmış standart və prinsiplərə uyğunluğu təmin edən hüquqi baza hazırlanmışdır. Artıq layihə hökumətə təqdim olunub”, -deyə T.Kazımov vurğulayıb.
Qeyd edib ki, bank sektoru ölkə iqtisadiyyatının və maliyyə sektorunun bu sahədə üzləşdiyi riskləri nəzərə alaraq öz fəaliyyətini qurur. Bu səbəbdən bank sektoru Mərkəzi Bankla sıx əməkdaşlıq edərək dayanıqlı maliyyə prinsiplərinin risklərin idarə edilməsi və kreditləşmə təcrübələrinə inteqrasiyası üzərində çalışır.
Sığorta sektoru da dayanıqlılıq təşəbbüslərinin həyata keçirilməsində aktiv iştirak edir. Mərkəzi Bank hökumətlə birlikdə sığorta sektorunun bu istiqamətdə fəaliyyətini fəal dəstəkləyir. Bu çərçivədə bərpa olunan enerji sığortası, İqlim riskinin sığortası, eko-avtosığortası və kənd təsərrüfatı sığortası kimi seqmentlərin inkişafı diqqətdə saxlanılır.