Bank

Azərbaycanda 700 milyon manatlıq qeyri-işlək kredit var

Azərbaycanda qeyri-işlək kreditlərin həcmi 58 milyon manat artıb. Bu faizlə ifadədə 9,5% təşkil edir. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu ilin ilk yarısında qeydə alınan bu göstərici kredit portfelinin ümumi artımı fonunda formalaşan 2,6% əmsalı kimi sabit hesab edilir. Qeyd edək ki, həmin müddətdə kredit portfeli 20 faiz böyüyüb və 25,4 milyard manata çatıb. 

Məlumat üçün əlavə edək ki, qeyri-işlək kreditlərin (QİK) həcmi 700 milyon manat təşkil edir. Restruktrizasiya edilmiş kreditlərin həcmi isə 1 milyard manata çatıb. Artım əsasən biznes portfeli üzrə (202 mln. manat) məhdud sayda borcalan üzrə olub. İstehlak portfeli üzrə isə restrukturizasiya edilmiş kreditlərdə 27 mln. manat azalma müşahidə edilib. Restruktrizasiya edilmiş kreditlərin ümumi portfeldə həcmi isə 3,9% olub. 2023-cü ildə isə bu həcm 3,6% təşkil edib.  

Qeyd edək ki, QİK portfelinin gecikmə günləri üzrə strukturunda 1 ildən çox gecikmiş kreditlərin portfeldə payı azalmaqda davam edir. 2017-ci ildən etibarən bank sektorunun sağlamlaşdırılması fonunda 1 ildən artıq gecikmiş qeyri-işlək kreditlərin portfeldə payı 11.3 f.b. azalaraq 12.7%-dən 1.4%-ə enib. 1 ildən yuxarı gecikmədə olan kreditlərin portfeldə payının azalmasına həmçinin banklar tərəfindən ümidsiz kateqoriyasında təsnifləşdirilmiş kreditlərin balansdan silinməsi müsbət təsir edir.

2024-cü ilin ilk yarımili ərzində biznes portfeli üzrə kredit risklərində nəzərəçarpan dəyişiklik olmayıb. Ötən ilin sonu ilə müqayisədə biznes portfeli üzrə QİK-nin həcmi 7% artaraq 406 mln. manat təşkil edib. Buna baxmayaraq, yeni verilən biznes kreditlərinin artım tempi qeyri-işlək kreditlərin artım tempini üstələdiyindən QİK əmsalı 0.1 f.b. azalaraq 2.9% təşkil edib. QİK portfelinin biznesin sahələri üzrə dinamikasına da nəzər yetirdikdə kredit risklərində stabillik müşahidə edilir.

İstehlak portfeli üzrə kredit riskləri diqqətdə saxlanılır. 2024-cü ilin ilk yarısında istehlak kreditləri üzrə qeyri-işlək portfelin həcmi nominal ifadədə 15% artaraq (30 mln. manat) 226 mln. manat olub. Buna baxmayaraq, ötən ilin sonu ilə müqayisədə istehlak kreditlərinin artım tempi də yüksək olduğundan, QİK əmsalı cəmi 0.2 f.b. artaraq 3%-ə yüksəlib. Qeyd edək ki, istehlak kreditlərinin 52%-i sabit gəlirləri olan dövlət sektorunda çalışan şəxslərə verilib.

İpoteka kreditlərində isə qeyri-işlək kreditlərin əmsalı son illərin ən aşağı həddindədir. 2024-cü ilin ilk yarısında ipoteka portfeli üzrə QİK-nin nominal həcmi 1.8% (0.72 mln. manat) artaraq 40 mln. manat təşkil etsə də, qeyri-işlək kreditlərin portfeldə payı 0.1 f.b azalaraq cəmi 1% olub.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)