Azərbaycanda KOB-ların “yaşıl iqtisadiyyat”a töhfə verməsi diqqət yetirilməli məsələlər açıqlanıb
Azərbaycanda kiçik və orta biznes subyektlərinin (KOB) “yaşıl iqtisadiyyat”a töhfə verməsi üçün ilk növbədə enerji səmərəliliyinin təmin edilməsi vacibdir.
Bunu Bakıda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
“Enerjiyə qənaət edən texnologiyaların tətbiqi, bərpa olunan enerji mənbələrindən istifadə yolu ilə enerji səmərəliliyinə nail olmaq mümkündür”, - deyə o qeyd edib.
“İnsan resurslarının inkişafı, kadrların təkmilləşdirilməsi də əsas diqqət yetirilməli məqamlardandır. Çünki innovasiyaları müasir bilik və bacarıqlara malik kadrlar tətbiq edə bilər.
Tullantıların idarə edilməsi də bu kontekstdə önəmlidir. Tullantıların təkrar emalı, tullantı miqdarının azaldılması, ekoloji cəhətdən təmiz materiallardan istifadə edilməsi bu baxımdan önəm kəsb edir.
Ekoloji cəhətdən təmiz məhsul və xidmətlərin hazırlanması və istehsalı da qeyd edilməlidir.
Zəruri tələblərdən biri isə sosial məsuliyyətdir. Ekoloji faktorların biznes fəaliyyətində daim nəzərə alınması, sosial layihələrdə iştirak etmək, bu sahədə təşəbbüslər göstərmək yeni dövrün sahibkarının əsas iş prinsiplərindən olmalıdır”, - deyə nazir əlavə edib.
“KOB-lar bu kimi məsələlərə əməl etməklə bizneslərini yaşıllaşdıra bilərlər. “Yaşıl biznes”lər dayanıqlı istehsala nail olunmasında, resursların artırılmasında əhəmiyyətli rol oynayır. "Yaşıl biznes” və ekoloji cəhətdən təmiz şirkətlər dünyada ən sürətlə inkişaf edən sənayeni formalaşdırırlar”, - deyə M.Cabbarov vurğulayıb.