Bank

Manatın bahalaşması Azərbaycanın ixrac məhsullarına təsir edirmi? Mərkəzi Bank qiymətləndirmələrin nəticələrini açıqladı

Azərbaycanın milli valyutasının möhkəmlənməsi prosesi davam edir və bu əslində xaricdən ölkəmizə idxal olunan məhsulların qiymətinin ucuz olmasında özünü göstərməlidir. Eyni zamanda, xaricə satılan Azərbaycan məhsullarının dəyər ifadəsində bahalaşması arqumentini yara bilər. Yəni iqtisadi nöqteyi-nəzərdən bu proseslərin bir-birilə sıx əlaqəsi vardır. Ancaq ölkəmizdə uçot dərəcəsinin faktiki olaraq işləməməsi, yalnız informasion təsir gücü daşıdığı kimi, manatın real məzənnəsinin bahalaşmasının ixrac etdiyimiz məhsullarımızın qiymətinə təsiri yoxdur.

ENA.az-ın bununla bağlı sualına cavab olaraq Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib ki, manatın məzənnəsi ilə ixrac məhsullarının qiymətləri arasında birbaşa təsir əlaqəsi yoxdur.

Halbuki, hələ 2015-2016-cı illərdə Mərkəzi Bank manatın devalvasiyası ilə bağlı açıqlama verərkən şad xəbər kimi Azərbaycan məhsullarının ixracda qiymət amilində rəqabətdə udduğunu və bunun iqtisadiyyatın inkişafına təkan verəcəyini bildirmişdi.

Məsələyə daha geniş şərh verən Azərbaycan Mərkəzi Bankının Baş direktoru Vüqar Əhmədov bildirib ki, real effektiv məzənnə iki komponentdən ibarətdir: nominal effektiv məzənnə və ölkələrarası inflyasiya fərqləri. Və Mərkəzi Bankın qiymətləndirmələri göstərir ki, real effektiv məzənnənin möhkəmlənməsi ilə qeyri-neft ixracı arasında  əlaqə yoxdur və ya statistik əhəmiyyətli deyil.

"Hətta siz 2015 və 2016-cı illərin dinamikasına baxsanız görərsiniz ki, real effektiv məzənnənin azalması bir qədər də əks təsir göstərmişdir. Ümumilikdə qiymət nəzəriyyələri ilə yanaşsaq, qiymət üstünlüyü ilə yanaşı, məhsuldarlıq və digər faktorlar da qeyri-neft ixracına mühüm təsir edən amillər sırasındadır. Biz statistik mürəkkəb modellər vasitəsilə qiymətləndirmələr həyata keçirmişik və belə bir əlaqəni görmürük", - deyə Baş direktor qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)