YAŞIL MALİYYƏ nədir?
Dünyada yaşıl enerji, yaşıl iqtisadiyyat terminləri ilə yanaşı yaşıl maliyyə də maraqlı mövzulardan biridir. Bu sahədə müsahibimiz “Daxili fiskal siyasət və dövlət maliyyəsi” ixtisası üzrə iqtisad elmləri doktoru Ağanemət Ağayevdir.
- Ağanemət müəllim, müasir dünyada yaşıl iqtisdiyyat, yaşıl maliyyə ilə bağlı böyük çağırışlar şəraitində imkanları necə qiymətləndirirsiniz?
- Hər şeydən öncə müasir dünyamız, o cümlədən dayanıqlı inkişaf edən ölkəmiz üçün çox faydalı olan belə bir mövzuda gördüyünüz işlərdə sizə uğurlar arzu edirəm.
Araşdırmalar göstərir ki, dövlətlərin “yaşıl maliyyə” siyasəti istiqamətində mühüm maliyyə mənbələrindən əhəmiyyətli bir qrupu dövlətin fiskal alətləri ilə bağlıdır. Bunlardan ən perspektivliləri kimi “yaşıl istiqrazlar” və ya ətraf mühitin qorunması və yaxşılaşdırılması fəaliyyətinin maliyyələşməsinə xidmət edə biləcək fiskal borc alətlərini qeyd etmək olar. Bu xüsusda səmərəli maliyyələşdirmə istiqamətlərindən biri dövlətin borc qiymətli kağızlarının xarici və yerli maliyyə bazarlarında yerləşdirilməsi, başqa sözlə maliyyə kreditləri vasitəsilə xarici və daxili borclanma imkanlarından istifadə edilməsi ola bilər.
Dayanıqlı yaşıl maliyyə siyasəti məqsədləri baxımından maliyyə bazarları üçün nəzərdə tutulan istiqrazların emissiyası və tədavülü perspektivləri çox maraqlıdır. Bunun üçün yaşıl malyyə məqsədləri üçün dərin və böyük maliyyə bazarlarına çıxışın həm nəzəri və empirik məsələləri ətraflı təhlil olunmalı, bunun əsasında hər bir ölkənin yerli şəraiti və iqtisadi resursları dəyərləndirilməklə real təşəbbüslər paketi hazırlanmalıdır.
- Ümumilikdə dünya ədəbiyyatı mənbələrində “yaşıl maliyyə” anlayışına necə izah verilir?
Demək olar ki, hazırda “yaşıl maliyyə” anlayışının tam dəqiqləşmiş və ümumilikdə qəbul edilmiş vahid tərifi yoxdur.
Birincisi, bir çox nəşrlər bir sıra terminlər kimi bu ifadəni də konkret müəyyən etməyə çalışmır. Digər qrup mənbələrdə isə yanaşmaların xeyli fərqliliyinə rast gəlirik.
Bütövlükdə isə belə bir ümumiləşmə apara bilərik ki, “yaşıl maliyyə” və ya “yaşıl maliyyələşmə” deyiləndə ətraf mühitin qorunması, yaxşılaşdırılması istiqmətində davamlı inkişaf layihələrinə və təşəbbüslərinə xidmət edən maliyyə axınları, investisiyaları, habelə buna yönəlik siyasət və fəaliyyət sistemi başa düşülür.
- Yaşıl maliyyə ilə bağlı siyasət və fəaliyyətlərin əhatəsinə əsasən nələr aid edilə bilər?
İstər dövlətin, istərsə də digər ictimai fondların yaşıl maliyyə ilə bağlı siyasət və fəaliyyətlərinin əhatəsinə əsas etibarilə aşağıdakı istiqamətlər daxildir:
- ekoloji mallar və xidmətlərlə bağlı maliyyələşmələr (məsələn, su resurslarının idarə edilməsi və ya biomüxtəlifliyin və landşaftların qorunması məhsulları və s.);
- ətraf mühitə və iqlimə (məsələn, enerji səmərəliliyi və ya bəndlər) dəyən və ya dəyə biləcək zərərin qarşısının alınması, minimuma endirilməsi və ya ödənilməsilə bağlı maliyyə proqramları;
- dövlət və özəl yaşıl investisiyaların maliyyələşdirilməsi təşəbbüsləri (əsaslı xərclər və s.)
- ekologiya sahəsində təşviq edən dövlət siyasətinin maliyyələşdirilməsi (bütün xərclər daxil olmaqla)
- ekoloji vəziyyətləri yumşaldan layihələr, habelə bu sahədə adaptasiya layihələrinin və təşəbbüslərin maliyyələşdirilməsi (məsələn, bərpa olunan enerjilər üçün xərclər və s.)
- yaşıl investisiyalar (məsələn, yaşıl istiqrazlar və strukturlaşdırılmış yaşıl fondlar və s.), o cümlədən bunlarla bağlı xüsusi hüquqi, iqtisadi və institusional çərçivələr.
- Yaşıl maliyyə siyasətinin taktiki çərçivəsi
- Siz söhbətimizin əvvəlində sözügedən istiqamətdə dövlətin fiskal alətlərini xüsusi qeyd etdiniz.
- Bəli, bu sistemləşmədən də göründüyü kimi yaşıl maliyyə siyasəti istiqamətində mühüm maliyyə mənbələrindən əhəmiyyətli bir qrupu dövlət maliyyə sistemi, o cümlədən dövlətin fiskal alətləri ilə bağlı ola bilər. Bunlardan biri də yaşıl istiqrazlar və ya ətraf mühitin qorunması və yaxşılaşdırılması fəaliyyətinin maliyyələşməsinə xidmət edə biləcək fiskal borc alətləridir.
- Ölkəmizdə dövlətin “yaşıl maliyyə”, “yaşıl borc alətləri”ndən istifadə imkanlarını ümumilikdə necə qiymətləndirərdiniz?
- Azərbaycanda milli iqtisadiyyatın strateji inkişaf prioritetlərinə uyğun olaraq qiymətli kağızlar bazarında keyfiyyətcə tamamilə yeni proseslərə start verilməkdədir. Belə ki, fiskal məqsədlər, eləcə də ölkənin iri sahələri üçün yeni maliyyə alətlərindən yararlanmaq, beynəlxalq kapital bazarından sərmayə cəlb etmək məqsədilə ölkə hüdudlarından kənarda istiqrazların tədavülə buraxması barədə mühüm perspektivlər mövcuddur.
Beynəlxalq agentliklərin qiymətləndirməsinə əsasən, bütövlükdə ölkəmizin kredit reytinqi müsbət istiqamətə doğru dəyişir. Xüsusən təbii resurs gəlirlərinin artması fonunda mövqelərimiz daha da güclənir. Buna görə də hesab etmək olar ki, orta və uzunmüddətli perspektivdə xarici bazarlara yönəlik “yaşıl istiqraz”ların yaratdığı borc öhdəlikləri ölkəmiz üçün hər hansı maliyyə problemləri doğurmaz. Eyni zamanda gələcəkdə real sektorun diversifikasiyası, qeyri-neft sektorunun davamlı inkişafı, bununla da həqiqi fiskal dayanıqlığa nail olunması ilə bu perspektivlər daha da güclənəcəkdir. Bu halda sözügedən qiymətli kağızlar üzrə faiz xərcləri ölkənin ümumilikdə iqtisadi rifahı baxımından ciddi maliyyə ağırlığı yaratmaz.
- Ölkəmiz üçün “yaşıl maliyyə” alətlərinin izafi faydaları da yarana bilərmi?
- Əlbəttə, bu iqtisadi və maliyyə siyasəti təkcə sosial faydalarla məhdudlaşmır. İstər ölkə daxilində, istərsə də beynəlxalq maliyyə bazarlarında “yaşıl istiqrazlar”ın emissiyası və tədavülünün təşkili eyni zamanda milli qiymətli kağızlar bazarının inkişafına təkan olacaq. Bu, hər şeydən öncə milli inkişaf prioritetləıri, o cümlədən qiymətli kağızlar bazarının inkişaf proqramlarının müddəaları ilə bilavasitə uzlaşır. Buradakı əlaqə həm də fuksional xüsusiyyətə malikdir. Belə ki, qiymətli kağızlar bazarının institutsional inkişafı, kollektiv investisiya sxemlərinin və maliyyə vasitəçiliyi fəaliyyətinin təşviqi, qiymətli kağızlar bazarında tələb və təklifin dəstəklənməsi, korporativ idarəetmənin və maliyyə şəffaflığı prinsiplərinin tətbiqinin genişləndirilməsi, bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi, məlumatlandırmanın və peşəkar kadrların hazırlanmasının artırılması məsələləri beynəlxalq maliyyə bazarlarına çıxışın təmin edilməsinə və xarici borc öhdəliklərinin mütərəqqi əsasda idarə edilməsinə imkan verəcəkdir.
İnkişaf sənədlərində qeyd olunan istiqamət üzrə orta və uzunmüddətli dövrdə fond birjasının təşkilati və hüquqi strukturunun beynəlxalq standartlara uyğunlaşdırılması, yeni ticarət sisteminin tətbiqi nəzərdə tutulur. Qeyd olunan yeni alətlər yerli və xarici səviyyədə ticarət potensialını genişləndirməyə imkan verəcək ki, bu da öz növbəsində “yaşıl istiqrazların” emissiyası, tədavülünün təşkili və xarici borcların düzgün idarə edilə bilinməsi üçün ilkin zəruri şərtlər sırasına daxildir.
Onu da qeyd edək ki, yeni maliyyə alətlərinin emissiyası və tədavülünün təşkili ölkənin xarici borc siyasətinin mühüm elementi kimi məsələlərə preventiv əsaslı və kompleks yanaşmanı tələb edir. Bu prinsiplərin dövlətin borc öhdəliklərinin idarə edilməsində əsas götürülməsi çox vacibdir.
Burada bir məqamı da vurğulamaq doğru olar ki, “yaşıl istiqrazların” emissiyası və tədavülü prosesində İslam maliyyəsi mexanizmlərinin üstünlüklərindən də əhəmiyyətli dərəcədə faydalanmaq mümkündür. Özünəməxsus, o cümlədən payçılıq prinsiplərini üstün tutan maliyyə müxanizmləri üçün sosial əsaslı alətlər xüsusilə cəlbedici ola bilər.
- “Yaşıl istiqrazlar”ın uğurlu tədavülü daha hansı keyfiyyət prinsiplərinin qorunmasını zəruri edir?
- Bu maliyyə alətlərinin yaratdığı borc öhdəliklərinin idarə edilməsinin növbəti mühüm şərti vahidlik prinsipindən irəli gəlir. Vahidlik prinsipinin mahiyyəti ondan ibarətdir ki, sözügüdən borclar dövlət borclarının idarə edilməsi prosesində bütün növ öhdəliklərlə vahid qaydada hesaba alınmalı və onların icrası ümumilikdə vahid mexanizm əsasında həyata keçirilməlidir. Ümimilikdə, dövlət borclarının idarə edilməsi ayrı-ayrılıqda hər bir öhdəliyin icrası proseslərinin birləşməsi kimi həyata keçirilməlidir. Hər hansı dövlətdə emitent xarici investorlar qarşısında öhdəlikləri ahəngdar idarə etdiyi halda, daxili borc bazarında bu mexanizmi bütün keyfiyyəti ilə tətbiq etmirsə və ya edə bilmirsə, bu etimad qüsuru son nəticədə yenə də xarici investisiya institutlarını çəkindirə və xarici maliyyə bazarlarında tədavül imkanlarını zəiflədə bilər.
Beləliklə yuxarıda qeyd etdiyimiz vahidlik prinsipi eyni zamanda başqa birinin - risklərin rasional idarə olunması prinsipinə əməl olunmasının zəruriliyini önə çəkir. Dövlət borcunun idarə edilməsində risklərin aşağı salınması prinsipi dövlətin istər daxili, istərsə də xarici borc bazarlarındakı reytinqinə xidmət edir. Bu prinsipin mahiyyətinə görə, dövlətin borc öhdəliklərinin idarə edilməsi proseslərində beynəlxalq borc bazarı, eləcə də daxili dövlət qiymətli kağızlar bazarında dövlətə olan inamın səviyyəsi daim qorunmalıdır. Risklərin aşağı salınması prinsipi qlobal maliyyə bazarlarının müasir inkişaf şəraitində aktual səciyyə daşıyır. Belə ki, hazırki şəraitdə beynəlxalq kredit bazarından iqtisadi aspektdən təcrid olunmuş ölkələrin fiskal imkanlarının dayanıqlığını təmin etmək mümkünsüz görünür. İnkişaf səviyyəsindən asılı olmayaraq istənilən ölkənin xarici maliyyə bazarlarından fiskal məqsədlər üçün faydalanmağı məhz, hökumətin maliyyə alətlərinin kredit reytinqi göstəricisindən asılıdır.
Ölkədə “yaşıl maliyyə” alətləri üzrə borclarının idarə edilməsinin növbəti prinsipi rasionallıq məsələsindən ibarət olmalıdır. Dövlət borclanmasına gətirib çıxaran amillər dövri xarakterə malik olduğuna görə borc vəsaitlərinə yaranan ehtiyacın səviyyəsi daim dəyişkəndir. Xüsusilə bunu dalğalı dövlət borclarına aid olan fiskal məqəsdələr üçün emissiya olunan dövlət iqtiqrazlarına şamil etmək olar. Rasionallıq prinsipinin mahiyyəti borc alətlərinin cəlb edilməsi, tədavülü və ödənilməsi arasındakı rasional tarazlığı qorumaqdan ibarətdir.