İllik təhsil haqqını tam tələb edən universitetlər - SİYAHI

Yeni tədris ilinin başlanması ilə tələbələri ən çox düşündürən məsələlərdən biri təhsil haqqının necə ödənilməsidir.
Universitetlər bu sahədə müxtəlif qaydalar tətbiq edir: bəzilərində ödəniş hissə-hissə, digərlərində isə tam şəkildə həyata keçirilir.
ENA.az xəbər verir ki, AzEdu.az ali təhsil müəssisələrinin tətbiq etdiyi ödəniş üsullarını araşdırıb.
Bakı Dövlət Universiteti (BDU): Təhsil haqqı semestr üzrə yarı-yarı ödənilir.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC): 50 faiz ödəniş 1-ci semestr, 50 faiz 2-ci semestrdə.
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU): Təhsil haqqı hissə-hissə ödənilir.
Azərbaycan Dövlət Neft və Sənayə Universitetindən (ADNSU): Tələbələr təhsil haqlarını həm tam, həm də yarı-yarıya bölüb ödəyə bilərlər.
Xəzər Universiteti: Birinci il üçün təhsil haqqı tam ödənilir, sonrakı illərdə isə hissə-hissə.
Mingəçevir Dövlət Universiteti (MDU): Tələbələr ya təhsil haqqını tam ödəməli, ya da minimum yarısını əvvəlcədən, daha sonra isə hissə-hissə ödəmək imkanına malikdir.
Bakı Mühəndislik Universiteti (BMU): Tələbələr təhsil haqqını semestr ərzində hissə-hissə ödəyə bilər.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU): Hissə-hissə ödənilməsi üçün tələbələrə şərait yaradılır.
Azərbaycan Texniki Universiteti (AzTU): Təhsil haqqını tam ödəmək imkanı olmayan tələbələr ilkin olaraq yarısını ödəməklə güzəşt əldə edə bilərlər.
Azərbaycan Dillər Universiteti (ADU): Semestr üzrə hissə-hissə ödənilir.
Azərbaycan Universiteti (AU): Yeni qəbul olan tələbələr illik təhsil haqqını tam ödəyirlər, lakin istəyənlər üçün 2 hissədə ödəmə imkanı mövcuddur. 2, 3 və 4-cü illərdə isə ödəniş semestrlər üzrə 2 hissədə həyata keçirilir.
Lənkəran Dövlət Universiteti (LDU): Qəbul vaxtı təhsil haqqının 50%-i , qalan 50%-i isə hissə-hissə semestr boyunca ödənilir.
ADA Universiteti: Ödənişlər semestr üzrə hissə-hissə icra olunur.