Sosial iqtisadiyyat

2024-cü ildə inflyasiya gözləntiləri necədir?

Azərbaycan Mərkəzi Bankının (AMB) qiymətləndirmələrinə əsasən, 2024-cü ildə Azərbaycanda illik inflyasiya hədəf diapazonunda (4±2%) olacaq. AMB-nin uçot dərəcəsi üzrə bəyanatında deyilir ki, bank cari makroiqtisadi vəziyyəti nəzərə alaraq 2024-cü ilin inflyasiya proqnozunu dəyişiməz saxlayıb.

“Ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır. 2024-cü ilə inflyasiya proqnozu dəyişməz saxlanılmışdır.2024-cü ildə illik inflyasiyanın hədəf daxilində qalacağı gözlənilir”, - AMB qeyd edir.

Bankın məlumatına görə, 2023-cü ildə 12 aylıq inflyasiya 2.1% təşkil etməklə hədəf (4±2%) diapazonunun aşağı hissəsində formalaşıb.

“2023-cü ildə inflyasiyada istehlak səbətinin bütün qrup komponentləri üzrə azalma müşahidə edilib. İllik ərzaq inflyasiyası 0.8%, qeyri-ərzaq inflyasiyası 2.7%, xidmətlər inflyasiyası isə 3.7% təşkil edib”, - bəyanatda bildirilir.

AMB qeyd edir ki, inflyasiyanın artacağını gözləyən ev təsərrüfatlarının payı 2023-cü ilin III rübündəki 81%-dən IV rübdə 69%-ə enib.

2023-cü ildə Azərbaycanda orta illik inflyasiya 2022-ci ildə 13,9% ilə müqayisədə 8,8%-ə qədər azalıb.

Azərbaycan Iqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə orta illik inflyasiyanı 5,3% səviyyəsində proqnozlaşdırır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)