Bank

Bankın yarım milyarddan çox bölüşdürülməmiş mənfəəti var - HESABAT

2023-cü ilin yekunları üzrə “Kapital Bank”ın xalis mənfəəti 242,209 milyon manat olub. ENA.az xəbər verir ki, Bankın faiz gəlirləri 703,659 milyon manat olub. Bunun 537,090 milyon manatı kreditlər üzrə faizlərdən formalaşıb.

Qiymətli kağızlardan gəliri artıb

Qiymətli kağızlar üzrə faiz gəlirləri  ötən il ərzində artaraq 113,036 milyon manata yüksəlib. Bankın alınan haqq və komissiya gəliri 80 milyon manat artaraq 421,768 milyon manata yüksəlib. Xarici valyutalardan gəlir isə 50,909 milyon manat təşkil edib və bu göstəricidə elə bir ciddi dəyişiklik qeydə alınmayıb. Bankın xərclərində ən böyük pay 80,370 milyon manat depozitlər üzrə faizlərin ödənilməsinə yönəldilib. Qeyri-faiz xərclərində isə 208,733 milyon manat əmək haqqı fonduna aiddir. bankən əməliyyat mənfəəti 420,776 milyon manat olub. Mümkün zərərlər üçün ehtiyatlara 108,362 milyon manat ayrılıb. 70,205 milyon manat mənfəət vergisi kimi dövlət büdcəsinə ödənilib.   

Ən çox artım biznes kreditlərindədir 

“Kapital Bank”ın aktivləri 10,7% artaraq 8 milyard 659,618 milyon manata çatıb. 31 dekabr 2023-cü il tarixinə bankın kredit portfeli 4 milyard 271,823 milyon manat olub, bu isə 2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə 35,3% artım deməkdir. Hesabat dövründə “Kapital Bank”ın istehlak kreditləri üzrə portfeli 28,4% böyüyərək 2 milyard 353,575 milyon manata qədər, biznes kreditləri üzrə portfeli 48,6% artaraq 1 milyard 349,734 milyon manata yüksəlib. Daşınmaz əmlak kreditləri isə 36,6% artımla 568,513 milyon manat təşkil edib. Həmçinin bankın aktivlərinin 2 milyard 216,109 milyon manatı nağd vəsait, 1 milyard 587,437 milyon manatı isə qiymətli kağızlarda saxlanılır. 

Borclar necə formalaşıb? 

Bankın öhdəlikləri 10,8% böyümə göstərib və 7 milyard 748,329 milyon manat (artım ) təşkil edir. “Kapital Bank”ın depozit portfeli 6 milyard 321,619 milyon manata (artım 3,7%), o cümlədən fiziki şəxslərin əmanətləri 1 milyard 906,204 milyon manata (artım 16,1%) bərabərdir. Borc öhdəliyi kimi 59,500 milyon manat subordinasiya borcu da mövcuddur. 

Bölüşdürülməmiş mənfəəti yüksəkdir

Bankın kapitalı 911,289 milyon manat (artım 10,2%), nizamnamə kapitalı 265,85 milyon manat (dəyişməyib) təşkil edir. Məcmu kapitalı 907,649 milyon manat, məcmu kapitalın adekvatlıq əmsalı isə 13.08% təşkil edir. Bankın 588,925 milyon manat bölüşdürülməmiş mənfəəti vardır. 

“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və aktivlərinin həcminə görə aparıcı bankların ilk üçlüyünə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (81,08%), “PAŞA Sığorta” (7,52%) və fiziki şəxslərdir (11,4%).

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)