Sosial iqtisadiyyat

Azərbaycanda 373 subartezian quyusu qazılacaq

Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Viləşçay, Ağsuçay və Zəyəmçay su anbarlarının texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanıb, Qudyalçay, Vəlvələçay, Qaraçay və Qusarçay anbarları üçün ilkin araşdırma işlərinə, o cümlədən Türyançay su anbarının müvafiq sənədlərinin hazırlanmasına başlanılıb.

ENA.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov jurnalistlərlə görüşü zamanı bildirib.

O qeyd edib ki, respublikanın müxtəlif rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə 373 ədəd subartezian quyusunun yeri müəyyənləşdirilib və növbəti illərdə 4 mərhələdə qazılması nəzərdə tutulub. Cari ildə ayrılmış vəsaitə uyğun olaraq 1-ci mərhələ üzrə 68 ədəd subartezian quyusunun qazılması işlərinə başlanılmış və bu istiqamətdə müvafiq işlər davam etdirilir.

Əlavə edib ki, əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə cari ildə 780 km içməli, 171 km tullantı su xətləri çəkilib, 2 su anbarı və 480 bulaq tikilərək əhalinin istifadəsinə verilib.

Bildirilib ki, abonentlərin sayğaclaşma səviyyəsi 89,5 faizə yüksəlib, o cümlədən qanunsuz qoşulma hallarının qarşısının alınması hesabına 4,2 milyon kubmetr həcmində itirilmiş sərfiyyat bərpa edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)