Azərbaycana gələn Çin məhsulları bahalaşa bilər. “Qırmızı dəniz krizi"nin daha hansı təsirləri var?
“Qırmızı dəniz” bir neçə gündür ki, faktiki olaraq işləmir. İranın dəstəklədiyi bildirilən Husi qruplarının yük gəmilərinə ardıcıl hücumları nəticəsində Qırmızı dəniz vasitəsilə yükdaşımalar demək olar ki, dayanıb. Bu isə dünya logistikasına ciddi təsir göstərib və qiymətlər kəskin bahalaşıb. Azərbaycana gələn Çin və Hindistan yüklərinin də “Qırmızı dəniz”dən keçdiyini nəzərə alsaq, logistika peşəkarları vəziyyətin məhsulların maya dəyərini artıracağını və bir müddətlik də olsa, qiymətlərin kəskin qalxacağını bildirirlər.
Çin idxalımızda ikincidir
Ölkəmizə daxil olan Çin məhsullarının həcminin digər ölkələrlə müqayisədə nə qədər böyük olduğunu deməyə lüzum yoxdur. Təkcə bir rəqəmi qeyd etmək istərdik ki, Gömrük Komitəsinin Statistikasına görə bu ilin yanvar-noyabr ayları ərzində Çindən Azərbaycana 2 milyard 756 milyon 227 min dollar dəyərində mal ixrac olunub. Bu isə ölkəmizin ümumi idxal payında 17.43% paya malik olmaq deməkdir. Başqa sözlə, Azərbaycanın ən çox məhsul aldığı ölkələrin sırasında Çin, Rusiyadan sonra (Rusiya 18%) ikinci yeri tutur.
Nə baş verir?
Qırmızı dənizdə bir müddətdir ki, yük gəmilərinə qarşı davam edən hücumlar getdikcə böyüdü və ötən həftə artıq böyük bir qlobal böhrana çevrildi. Yükgöndərən ölkələr dəyən ziyanların fonunda marşrutlarını dəyişməyə qərar verməyə başladılar. Bp şirkətinin də Qırmızı dənizdən yükdaşımaları dayandırması barədə açıqlaması vəziyyətin nə qədər ciddi olduğunu ortaya qoydu. Qlobal ticarətin demək olar ki, 12 faizinin keçdiyi Qırmızı dəniz hazırda işləmir və yüzlərlə konteyner gəmisi hücum qorxusu səbəbindən hazırda Afrika ətrafında uzun marşrutlar edir.
2023-cü ilin 11 ayının statistikasına görə, Azərbaycana daxil olan malların 2 milyard 351 milyon dollardan yuxarısı da məhz dəniz nəqliyyatı ilə həyata keçirilib. Ona görə də hazırda Çindən ölkəmizə gəmi ilə gələn mallar da böyük çətinliklərlə üzləşib.
Afrikanı dolan gəl
ENA.az-ın müsahib olduğu peşəkar logistika mütəxəssislərinin sözlərinə görə, Hindistandan ölkəmizə gələn gəmilər artıq marşrutu dəyişərək İran üzərindən hərəkət etməyə başlayıblar. Çindən gələn gəmilərin isə belə bir seçimi yoxdur. Çindən gələn gəmilər Afrikanı fırlanmalı, oradan Atlantik okeana keçməli, oradan Aralıq dənizi vasitəsilə Qara dənizə adlayaraq Potiyə gəlməlidirlər. Bu isə marşrutun müddətinin və ona çəkilən xərclərin bir neçə dəfə artması deməkdir.
Bahalaşma nə qədər ola bilər?
“Bizim 40 konteynerlərimiz bir həftə əvvəl təxminən 650-700 dollar arasında yüklənirdisə, bu gün bu rəqəm 2 min 600 dollara qədər artıb”.
Türkiyənin məşhur “Akyüz Plastik” şirkətinin İdarə Heyətinin sədri Murat Akyüz son vəziyyəti belə açıqlayıb.
Düzdür, yük daşımalarda bir neçə variant var və bunlara hava, dəmiryolu, avtomobil quru yolu daşımaçılığı da daxildir. Lakin dəniz nəqliyyatı daşımaları qiymətinə görə ən ucuzudur və ona görə də qlobal logistikada ən böyük paya malikdir. Azərbaycana Çindən gələn yüklərin Qırmızı dənizə girmədiyi halda qət etdiyi məsafənin bir neçə dəfə artdığını nəzərə alsaq, bu vəziyyətin qısamüddətli olsa da qiymətlərdə özünü göstərəcəyi gözlənilir.
Bəs Orta Dəhliz?
Qeyd edək ki, ölkəmiz böyük qlobal marşrutların üzərində yerləşir, amma təəssüf ki, hələ bu potensialımızdan istifadə edə bilmirik. Məsələn, bu halda Azərbaycandan keçən Orta Dəhlizə tələb kəskin arta bilər və biz tranzit yüklərdən böyük gəlir götürə bilərik. Ancaq bu imkandan istifadə edə bilmirik, çünki Orta Dəhlizdə infrastruktur buna imkan vermir. Azərbaycan və Qazaxıstan bu sahədə üzərində düşən infrastruktur məsələlərinin böyük bir hissəsini həll etsə də, Gürcüstanın Poti limanında paromlarda ciddi problemlər var. Eləcə də sərhəd-keçid məntəqələrində bəzi çətinliklər yükdaşımaların həcminə və vaxtına ciddi mənfi təsir göstərir.
Gözləntilər nədir?
Azərbaycanın bu vəziyyətdən itərəcəyi və qazancı nə ola bilər sualına cavab axtarmağa çalışaq. İlkin onu qeyd etmək olar ki, ölkəmizdə müəyyən məhsulların bahalaşması tendensiyası ilə qarşılaşa bilərik və bu, təbii ki, "Qırmızı dəniz krizi"nin müddətindən asılı olacaq. İkincisi, hazırda dünya dövlətləri alternativ marşrutlar üzərində ciddi düşünür. Azərbaycanın daxil olduğu Orta Dəhliz bu alternativlərdən biridir, ancaq yeni yük axınını götürməyə imkanları yoxdur. Ona görə də logistika infrastrukturunun qurulmasında əlaqəli dövlətlərlə işbirliyini artırıb, daha böyük güclə bazara daxil olmaq lazımdır. Bunu Rusiya-Ukrayna müharibəsi ilə bağlı yaranan vəziyyət də göstərdi. Düzdür, ilk aylarda Azərbaycana daxil olan yük axınlarının qısamüddətli ola biləcəyi barədə ehtimallar çox idi, ancaq göründüyü kimi, müharibə uzanır və ölkəmizdən keçən yüklərin həcmi də nəzərəçarpacaq səviyyədə çoxdur.
Həmçinin Amerika "Qırmızı dəniz krizi" ilə bağlı vəziyyəti ələ almağa çalışır. Hazırda bununla bağlı xüsusi bir işçi qrupu yaratdığını və dəniz mühafizə qüvvələrini yaratdığını elan edib. Birləşmiş Ştatlar husilərə qarşı hərbi əməliyyatları belə nəzərdən keçirir. Vaşinqton eyni zamanda diplomatik yolla dəniz mühafizə qüvvələrini dəstəkləmək üçün Qərb və Ərəb müttəfiqləri ilə danışıqlar aparır.
ENA.az Analitik Qrupu