“Air Astana” yaxın günlərə olan biletləri baha satdığı üçün - CƏRİMƏ OLUNDU
Qazaxıstanın ən böyük aviaşirkəti “Air Astana” "əlavə yanacaq haqqı"nın əsassız tətbiq edilməsinə görə 876 milyon tenge, təqribən 1,9 milyon dollar cərimələnib.
ENA.az xəbər verir ki, “yoxlama nəticəsində “Air Astana” Almatı şəhərinin İnzibati Xətalar üzrə İxtisaslaşdırılmış Rayonlararası Məhkəməsinin qərarı ilə inhisar mövqeyindən sui-istifadə edərək yanacaq əlavəsinin əsassız tətbiq edilməsinə görə 876 milyon tengedən çox məbləğdə inzibati məsuliyyətə cəlb edilib”, - deyə Qazaxıstanın Rəqabətin İnkişafı və Qorunması Agentliyinin məlumatında deyilir.
Audit nəticəsində müəyyən edilib ki, “Aviaşirkət uçuş günü və ya sonrakı yaxın tarixlər üçün aviabilet alarkən bütün kateqoriyadan olan sərnişinlərdən əsassız olaraq 3500-6500 tenge məbləğində yanacaq əlavəsi almış, faktiki olaraq onun tətbiqindəki məqsədi və prinsipi müəyyən etməmişdir”.
Eyni zamanda, agentliyin qeyd etdiyi kimi, yanacaq əlavəsi “yalnız daşınma tarifinin qüvvədə olduğu dövrdə aviasiya yanacağı xərclərinin artımını kompensasiya etmək üçün tutula bilər ki, onun hesablanması zamanı bu artımı götürmək mümkün deyildi”.
Həmçinin bildirilir ki, “Air Astana” müvafiq agenlik ilə daxili reyslərdə inhisar/dominant marşrutlarda qiymətlərin saxlanmasına yönəlmiş antiinhisar uyğunluğu sazişini bağlayıb.
O cümlədən, daşıyıcı 2023-cü il dekabrın 6-dan yanacaq əlavələrinin istifadəsini ləğv etmək niyyətindədir. Bundan əlavə, şirkət ölkədaxili marşrutlarda sərnişinlər üçün hava daşımaları xidmətlərinin qiymət artımının qarşısını almağı öhdəsinə götürür və 31 dekabr 2024-cü il tarixinədək biletləri orta və aşağı qiymətlərlə satmağı öhdəsinə götürür.
Air Astana Qazaxıstan dövlət suveren fondu Samruk-Kazyna və Britaniyanın BAE Systems şirkətinin birgə müəssisəsidir (müvafiq olaraq 51% və 49% səhmlər).
Qeyd edək ki, dekabrın 4-nə rəsmi məzənnə 460,15 tenge/1Dollar təşkil edir.