İKZF-nin 50 milyonluq istiqrazının hamısını bir investor aldı

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu (İKZF) bu gün 50 milyon manat həcmində istiqraz yerləşdirib.
Bakı Fond Birjasının məlumatına görə, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilib.
Hərraca çıxarılmış istiqrazların bütün həcmi (50 milyon manat) yerləşdirilib.
İstiqrazların tədavül müddəti 8 640 gün, ödəmə tarixi 17 iyul 2047-ci ildir, illik faiz dərəcəsi 3,25%, faiz ödəniş dövrü isə 180 gündən bir təşkil edir.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Beləliklə, İKZF 2023-cü ilin yanvar-oktyabr aylarında istiqrazların yerləşdirilməsindən 270 milyon manat cəlb edib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.