"Bazarda yanacaq qıtlığını gözləyirik". Neftin qiyməti (14.11.2023)
Çərşənbə axşamı neft qiymətləri əvvəlki sessiyada bahalaşdıqdan sonra yüksəlir. ENA.az xəbər verir ki, Londonun ICE Futures birjasında çərşənbə axşamı saat 9:09-a Brent neftinin yanvar fyuçerslərinin qiyməti bir barel üçün 82,88 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanışına nisbətən 0,36 dollar (0,44%) çoxdur.
Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda dekabr ayı üçün WTI neftinin fyuçersləri bu vaxta qədər 0,35 dollar (0,45%) bahalaşaraq bir barel üçün 78,61 dollar təşkil edib.
Neft bazarı üçün müsbət amil OPEC-in qlobal yanacağa tələbatla bağlı yenilənmiş proqnozu olub.
Bazar ertəsi OPEC 2023-cü ildə neft istehlakı artımı proqnozunu sutkada 50 min barel artıraraq 2,46 milyon barel artırıb. Beləliklə, 2023-cü ildə neftə tələbatın indi 102,1 milyon barel olacağı gözlənilir. 2024-cü ildə tələb artımı təxmini 2,25 milyon barel səviyyəsində saxlanılıb - 104,36 milyon barel/günə qədər.
Bundan əvvəl neft qiymətləri ABŞ və Çin də daxil olmaqla dünyanın aparıcı iqtisadiyyatlarında yavaşlama ilə bağlı narahatlıqlar səbəbindən üç həftə dalbadal ucuzlaşıb.
"Əsaslar hələ də qiymətləri dəstəkləyir və biz bu ilin sonuna qədər bazarda yanacaq qıtlığını gözləyirik" deyə ING Groep NV-dən Warren Patterson yazdı.