DVX on ayda vergi yığımını 4% artırıb
2023-cü ilin yanvar-oktyabr aylarında Dövlət Vergi Xidmətinin (DSX) xətti ilə Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları 4,2% artaraq 14 milyard 593,5 milyon manat təşkil edib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
“2023-cü ilin yanvar-oktyabr aylarının yekunlarına görə, Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə vergi daxilolmaları 14 milyard 593,5 milyon manat təşkil edib. Bunun 8 milyard 387,4 milyon manatı (artım 19,2%) qeyri-neft-qaz sektorunun payına düşüb”, - Cabbarov sosial şəbəkələrdə yazıb.
Belə ki, 2023-cü ilin 10 ayı ərzində Dövlət Vergi Xidməti üzrə yığımların 57,5 faizi qeyri-neft-qaz sektoru tərəfindən təmin edilib.
Əvvəllər bildirildiyi kimi, 2023-cü il üçün Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 14,9 milyard manat nəzərdə tutulub.