Azərbaycanda əkin sahələrinin 25 %-dən çoxu sığortalanıb
Azərbaycan ərazisində əkin sahələrinin 25 %-dən çoxu sığortalıdır.
ENA.az xəbər verir ki, bu barədə Aqrar Sığorta Fondunun sədr müavini Firdovsi Ağaşirinov "Kənd Təsərrüfatı İşçiləri Günü" münasibətilə jurnalistlər üçün aqrar sığorta təlimində deyib.
"Hazırda aqrar sığorta sistemi ölkənin əkin ərazilərinin 96 %-ni və istehsal həcminin 95 %-ə qədərini əhatə etmək imkanına malikdir. Bu, kifayət qədər yüksək göstəricidir", - deyə F.Ağaşirinov qeyd edib.
Xatırladaq ki, Azərbaycan Prezidentinin 19 avqust 2019-cu il tarixli “Aqrar sığorta haqqında” qanunun tətbiqi və "Aqrar Sığorta Fondunun yaradılması barədə” fərmanına əsasən aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə Aqrar Sığorta Fondu təsis edilib.
Aqrar sığorta müqaviləsi sığortalı və idarəedici qurum tərəfindən bağlanır. İdarəedici qurum – Aqrar Sığorta Fondun adından aqrar sığorta sisteminin idarəedilməsini həyata keçirən müştərək sığortaçıdır. İdarəedici qurum Azərbaycan ərazisində qeyri-həyat sığortası sahəsi üzrə fəaliyyətə lisenziyaya malik olan hüquqi şəxslər tərəfindən açıq səhmdar cəmiyyəti təşkilati hüquqi formasında bərabər səhmlərlə yaradılır və fəaliyyət göstərir.