Bank

Mərkəzi Bankın birgünlük "dondurduğu" pulun həcmində - AYLIQ REKORD

Bu ilin sentyabr ayında Azərbaycan banklarının birgünlük depozit yerləşdirməsində rekord məbləğ qeydə alınıb. ENA.az xəbər verir ki, yalnız bir ayda 1 milyard 528.5 milyon manat izafi pul “overnayt depozit” kimi bir gecəlik əməliyyatlarla Mərkəzi bankda yerləşdirilib, başqa sözlə “döndurulub”.  Bu isə ötən 9 ay üzrə cəmi vəsaitin 24,2%-i deməkdir. 

Birgünlük depozit nədir?

Overnayt depozit (ing. “overnight”) – hüquqi şəxsin qısamüddətli depozit (əmanət) növüdür.

Bu depozit üçün vəsait iş gününün sonunda ödənilir və ertəsi gün hesablanmış faizlə birlikdə müştəriyə qaytarılır, yəni vəsait bankda yalnız bir gecə qalır. Bundan əlavə, belə depozit həftə sonları və ya tətil müddətində də açıla bilər. Beləliklə, çox qısa müddətdə dövriyyədən pul çıxarmaqla, bank əlavə gəlir əldə etmək imkanını qazanmış olur. Overnayt depozitin faiz dərəcəsi banklararası bazardakı vəziyyətdən asılı olaraq dəyişir.

Doqquz ayda nə qədər vəsait “dondurulub”?

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı inflyasiyanı cilovlamaq üçün sterilizasiya əməliyyatları aparır, başqa sözlə müxtəlif alətlərlə pulu bazardan yığmağa çalışır. Digər alətlərin fonunda sterilizasiya üçün təqdim edilən şərtlər hazırda bankları daha çox razı saldığından birgünlük depozitlərin həcmində aybaay artım müşahidə olunur. ENA.az xəbər verir ki, ötən yanvar-sentyabr aylarında Mərkəzi Bankda günlük dondurlan vəsaitin həcmi 6 milyard 310 milyon manat təşkil edir. Günün sonuna yaxın kassada toplanan əlavə vəsaiti istifadə etməməsi üçün banklara Mərkəzi Bank 7,5 faiz ödəyir. Bəs, bu faiz hansı mənbə hesabına verilir?

Sterilizasiya xərc tələb edir

Məlumat üçün deyək ki, bank günlük maksimum 35 milyon manat sərbəst vəsaiti faiz dəhlizinin aşağı həddi ilə pul yerləşdirə bilər. Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov ENA.az saytının sualını cavablandırarkən bildirib ki, 1 sentyabr 2022-dən likvidlik təmərküzləşməsinin qarşısını almaq üçün maksimum hədd 35 milyon manata qaldırılıb.

“Mərkəzi banka birgünlük depozit qoyurlar və bir gün ərzində həmin vəsaiti istifadə edə bilmirlər. Bu da sterilizasiyanın bir alətidir və Mərkəzi Bankların banklarla açıq əməliyyatlarına daxildir. Biz gələcəkdə 35 milyon manat həddini də götürməyi düşünürük. Mənbəyə gəldikdə, Azərbaycan Mərkəzi Bankının kapitalı hesabına ödənilir. Kapitala gəlincə, əməliyyatlardan formalaşır və həmin kapitalın mənbəyi də təbii ki, dövlət vəsaitləridir. Bu normal bir şərtdir. Bizim əsas məqsədimiz pul qazanmaq deyil, qiymət sabitliyini qorumaqdır. İzafi pul kütləsi bazarda olduqda mərkəzi banklar sterilizasiya edir və sterilizasiya isə xərc tələb edir”.

Nə qədər likvid aktivlər var?

Bank sektorunun aktivlərinin 44%-i xalis kredit portfeli, 31%-i likvid aktivlər, 11%-i maliyyə institutlarına yerləşdirilmiş depozit və kreditlər, 13%-i isə digər aktivlər təşkil edir. Bank sektorunun öhdəlikləri əsasən hüquqi şəxslərin depozitləri (cari hesablar üstünlük təşkil etməklə) hesabına formalaşıb. Belə ki, öhdəliklərin 50%-i hüquqi şəxslərin depozitləri, 32%-i fiziki şəxslərin depozitləri, 12%-i maliyyə institutları qarşısında öhdəliklər, 6%-i digər öhdəliklər formalaşdırır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)