Yaşa görə müavinət kimlərə verilir?
Əmək pensiyası almayan, rəsmi gəlirləri olmayan, yəni işləməyən 65 yaşına çatmış kişilərə və 63 yaş 6 ayına çatmış qadınlara sosial yardım göstərilməsi məqsədilə aylıq 220 manat yaşa görə müavinət verilir.
Qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Buna baxmayaraq qadın və kişilərin sosial vəziyyətindən asılı olaraq bu müavinəti almaq üçün onlara aşağıdakı güzəştlər də edilir:
- Beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların yaş həddi 5 il azaldılır. Deməli, qadın yaş göstəricisi 58 yaş 6 aydırsa, qeyd olunan şərtlərə uyğun gəlirsə və pensiya hüququ yoxdursa, həmçinin işləmirsə, o zaman ona yaşa görə müavinət təyin edilir;
- Əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların yaş həddi 5 il azaldılır;
- Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı və ya əlilliyi müəyyən edilmiş uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların yaş həddi 5 il azaldılır;
- 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların yaş həddi 5 il azaldılır;
- 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin yaş həddi 5 il azaldılır.
Müavinət proaktiv qaydada ömürlük təyin olunur və plastik bank kartları vasitəsi ilə yalnız nağdsız qaydada ödənilir. Lakin müavinəti alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə və ya hər hansı bir fəaliyyətdən rəsmi qaydada gəlirlər əldə etdikdə müavinətin ödənişi dayandırılır.
Rəsmi qaydada gəlirlərə qüvvədə olan əmək müqaviləsi və ya vergi ödəyicisinin eyniləşdirmə nömrəsi əsasında ödənişli işlərdən əldə olunan qazanclar daxildir.