Bank

Mərkəzi Bank pul nişanlarının dəyişdirilməsi ilə bağlı vətəndaşlara xidmət günlərini artırıb

Mərkəzi Bank tərəfindən əhalinin milli pul nişanlarının dəyişdirilməsi ilə bağlı müraciətlərinin operativ şəkildə qarşılanması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə “Nağd pul ofis”lərinin iş qrafiki həftədə 3 gündən 5 günə artırılıb.

ENA.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilir.

9 oktyabr 2023-cü il tarixindən etibarən vətəndaşlar həftənin 5 iş günü Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanındakı inzibati binasında yerləşən xidmət ofisinə (saat 10:00-13:00-dək), eləcə də Naxçıvan, Yevlax, Gəncə, Biləsuvar, Quba şəhərlərində yerləşən ərazi idarələrinə (saat 10:00-16:00-dək) milli pul nişanlarını, o cümlədən yararsız və zədələnmiş pul nişanlarını dəyişdirilməsi və ya ekspertizası məqsədilə təqdim edə bilər.

Mərkəzi Bank tərəfindən milli pul nişanlarının dəyişdirilməsi ödənişsiz əsasda aparılır.

Bildiririk ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

  • Mərkəzi Bank tədavülə yararlı pul nişanlarını məhdudiyyətsiz dəyişdirir.
  • Bütöv bir hissədən və ya eyni kağız pul nişanına məxsus ardıcıl hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və üzərindəki iki seriya nömrələrindən ən azı birini tam saxlamış pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir.

Nümunə üçün şəkil

  • Eyni kağız pul nişanına məxsus ardıcıl olmayan hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və üzərindəki hər iki seriya nömrəsini tam saxlamış pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir.

Nümunə üçün şəkil

  • Bütöv səthinin üzərindəki təsvir və yazıları onun nominalını müəyyənləşdirməyə imkan verən həcmdə saxlamış və deformasiyaya məruz qalmamış metal pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir.

Nümunə üçün şəkil

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)