Bakı Aeroportunda sərnişinlərin işini asanlaşdıracaq yeni xidmət istifadəyə verildi
“ƏN TEZ” xidməti bu gündən Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyətə başlayıb.
Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həmin platforma vasitəsilə səyahət etmək arzusunda olan vətəndaşlara vaxta qənaət edərək, aeroportun binasını tərk etmədən heç bir qeydiyyat və elektron imza tələb olunmadan, tək şəxsiyyət vəsiqəsi ilə biometrik eyniləşdirmə aparılmaqla, daha sadə və sürətli şəkildə təxirə salınmayan zəruri ədliyyə xidmətlərindən yararlanmaq imkanı yaradılıb.
“Onlar yetkinlik yaşına çatmayan şəxslərin dövlət sərhədindən keçməsi üçün zəruri olan valideynlərin razılıq ərizələrinin notariat qaydasında rəsmiləşdirilməsi, habelə məhkəmə qərarına əsasən borclu şəxslərin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması aşkar olunduğu halda borcun terminal üzərindən ödənilərək həmin məhdudiyyətin avtomatlaşdırılmış qaydada dərhal aradan qaldırılması ilə bağlı əvvəl təqdim edilmiş xidmətlərlə yanaşı, digər notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, tələbkar qismində bəzi məhkəmə qərarlarının icrası və sair xidmətlərdən faydalana biləcəklər”, – məlumatda qeyd olunub.