Azərbaycan manatının dövriyyəyə buraxılmasından 31 il ötür
Bu gün Azərbaycanın milli valyutası – manatın dövriyyəyə buraxılmasından 31 il ötür.
Milli pul vahidi olan manat 1992-ci il avqustun 15-də tədavülə buraxılıb. Azərbaycan Respublikasının birinci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib.
Ölkədə pul tədavülünün yaradılmasının və təşkil edilməsinin əsası Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 15 iyul tarixli “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” Fərmanına müvafiq olaraq milli valyutanın dövriyyəyə buraxılması ilə qoyulub. Bununla əlaqədar olaraq, 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əsginaslar, noyabrda 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrda 5 manatlıq əsginas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əsginaslar dövriyyəyə buraxılıb. Azərbaycan Respublikasının birinci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib. Yeni dizaynla 1 və 10 manatlıq əsginaslar da həmin şirkətdə istehsal olunub. 1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat Azərbaycan ərazisində 1 manat : 10 rubl nisbətində rubllar ilə paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olunub. Həmin dövrdə Mərkəzi Bank tərəfindən müstəqil pul siyasətinin yeridilməsinə şərait yaratmaq üçün manatın ölkə ərazisində yeganə ödəniş vasitəsi olmasının təsbit edilməsi zərurətə çevrilib. Bu baxımdan ümummilli lider Heydər Əliyevin 1993-cü il 11 dekabr tarixli “Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” Fərmanı mühüm rol oynayıb. Bu fərmanla manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması təsbit edilib və Azərbaycanın rubl zonasından çıxması təmin olunub. Milli Bank tərəfindən ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə 1994-cü ildə 10 min manatlıq, 1996-cı ildə isə 50 min manatlıq əsginaslar çap etdirilərək dövriyyəyə buraxılıb.
1994-cü ildə Almaniyada “Giesecke & Devrient” şirkəti tərəfindən istehsal edilən 10 min manatlıq əsginasın üzərində “Şirvanşahlar” kompleksinin ümumi görünüşü, arxa tərəfində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə həm rəqəmlə, həm də söz ilə nominal verilib. İngiltərənin “De La Rue” şirkəti tərəfindən çap edilən 50 min manat dəyərində əsginaslar 1996-cı ildən dövriyyəyə buraxılıb və bu pul vahidinin üzərində orijinal üslubda Naxçıvanda olan memarlıq abidəsi – “Möminə Xatun türbəsi”, arxa hissəsində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə nominalın dəyəri həm rəqəmlə, həm də sözlə verilib. 2001-ci ildə “De La Rue” şirkəti tərəfindən yeni dizaynla 1000 manat dəyərində əsginas buraxılıb. Bu əsginas Azərbaycanda neftin çıxarılması və istehsal edilməsinə həsr edilib. Əsginasın dizaynında ənənəvi çərçivələr və ornamentlər istifadə olunub.
Ümumilikdə, Azərbaycan Respublikasının Milli Bankı tərəfindən ölkə iqtisadiyyatının nağd pula olan tələbatının ödənilməsi məqsədilə 1992-2005-ci illər ərzində 5 trilyon 238 milyard manat həcmində 692,5 milyon ədəd əsginas istehsal olunaraq dövriyyəyə buraxılıb. Köhnə nominallı pul nişanları 2006-cı ilin sonuna qədər tədavüldə olub və denominasiya çərçivəsində dövriyyədən geri yığılıb.
Azərbaycan Respublikası Prezidenti tərəfindən 2005-ci il fevralın 7-də “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərman imzalanıb. Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat (AZN) 5000 köhnə AZM-ə bərabər tutulub. AZM və AZN-in birgə 1 il ərzində – 2006-cı ildə dövriyyədə olub və yalnız 2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid təmin edilib. Lakin AZM-lərin AZN-lərə dəyişdirilməsi prosesinə heç bir məhdudiyyət qoyulmayıb və hazırda da bu proses xırda həcmdə olsa da davam edir. Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əsginaslar və 1, 3, 5, 10, 20, 50 metal pul nişanlarından ibarət olub. Yeni manatın dizaynı ilə bağı müsabiqənin qalibi Avstriyanın “OeBS” şirkətinin dizayneri, avronun müəllifi Robert Kalina olub. Yeni nəsil pul nişanlarının texniki parametrləri isə İsveçrə Milli Bankının texniki dəstəyi ilə hazırlanıb.
2018-ci il mayın 23-də yeni 200 manatlıq pul nişanı təqdim olunub. Pul nişanının dizaynı hazırlanarkən müsabiqədə ABŞ şirkəti “Crane Currency” tərəfindən təqdim olunan dizayn qalib seçilib. Bu dizayna bir sıra şirkətlərin təqdim etdiyi mütərəqqi mühafizə sistemləri inteqrasiya edilməklə pul nişanı “Giesecke+Devrient” şirkətində istehsal olunub. 200 manatlıq kağız pul nişanının üzərində ölkəmizin, paytaxtımızın ən müasir simvollarından biri olan Heydər Əliyev Mərkəzinin əzəmətli təsviri, mərkəzin əsas eksteryer və interyerinin dizayn elementləri, milli xalça nümunələrinin elementləri, digər milli ornamentlər əks edilib.
Azərbaycan Mərkəzi Bankı tərəfindən hazırda beynəlxalq təcrübədə mövcud olan ən son innovasiyaların və texnologiyaların tətbiqi yolu ilə milli pul nişanlarımızın yenilənməsi prosesləri çərçivəsində “Qarabağ” mövzusuna həsr olunan yeni 20 manatlıq pul nişanı Mərkəzi Bankın 30 illik yubileyi ərəfəsində tədavülə buraxılıb. “Qarabağ” mövzusuna həsr olunmuş bu pul nişanı üzərində əsas dizayn motivləri – Azərbaycan xalqının qüdrətini, gücünü və mübarizə əzmkarlığını əks etdirən qılınc, dəbilqə, qalxan təsvirləri və eləcə də bir sıra digər dizayn elementləri, o cümlədən Qarabağ florasının incisi sayılan və qələbə rəmzini simvolizə edən Xarıbülbül nişanəsi və “Qarabağ” sözü ön plana çəkilib. Yenilənmiş 20 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.
Eyni zamanda, AMB tərəfindən 10, 20 və 50 qəpiklik metal pul nişanlarının dizaynına Dövlət Gerbi və istehsal ili əlavə olunaraq yenilənməsi həyata keçirilib. Yenilənmiş metal pul nişanlarının texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz olaraq saxlanılıb. Yenilənmiş metal pul nişanları hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.
2023-cü il mayın 10-dan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkəmizin tarixində ilk dəfə olaraq yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış investisiya məqsədli pul nişanlarını tədavülə buraxıb. Eyni zamanda, Mərkəzi Bank ənənəsinə sadiq qalaraq Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik tarixinin əbədiləşdirilməsi məqsədilə yubiley pul nişanlarını da tədavülə buraxıb. Bu pul nişanları xüsusi dövlət tədbirləri üçün nəzərdə tutulub. Bu yubiley və investisiya məqsədli pul nişanları Böyük Britaniyanın “The Royal Mint” şirkətində ən yüksək beynəlxalq standartlara uyğun istehsal edilib. Pul nişanlarının əsas dizayn elementləri kimi ön tərəfində Ulu Öndərin portretinin profil görüntüsü, imzası və “Heydər Əliyev” yazıları, arxa tərəfində isə “Azərbaycan Respublikası” sözləri, Dövlət Gerbinin təsviri, pul nişanının nominalı və milli naxışlar əks olunub.
Ölkəmizdə ilk dəfə olaraq tədavülə buraxılan investisiya məqsədli pul nişanlarının satışı və geri alışı Mərkəzi Bank tərəfindən həyata keçirilir. Beynəlxalq təcrübəyə uyğun olaraq bu pul nişanları uzunmüddətli investisiya aləti və əhalinin yığım vasitəsi kimi istifadə olunması məqsədilə yüksək əyarlı qızıldan hazırlanmış və buraxılış limitinə məhdudiyyət qoyulmadan tələbə uyğun istehsal edilərək tədavülə buraxılır. İnvestisiya məqsədli pul nişanları 1 Oz (31.1 qr.), 1/2 Oz (15.55 qr.), 1/4 Oz (7.78 qr.), 1/10 Oz (3.11 qr.) çəkilərdə tədavülə buraxılıb. Yubiley və investisiya məqsədli pul nişanları nominal dəyərləri ilə ölkə ərazisində qanuni ödəniş vasitəsidir.