Neftin qiyməti 3 aylıq maksimuma yaxınlaşır - 25.07.2023
Çin artımı dəstəkləmək üçün hərəkət etdikcə neft üç ayın ən yüksək səviyyəsinə yaxınlaşır. ENA.az xəbər verir ki, Çinin dəstəkləyici təbdirləri və qlobal bazar sərtləşmə əlamətləri fonunda neft son üç ayın ən yüksək həddinə çatdı.
ABŞ xam nefti üç seansda 4%-dən çox artaraq barreli 79 dollara çatıb. Xam neftin ən böyük idxalçısı olan Çinin yüksək səviyyəli liderləri böyük maliyyə və ya monetar yumşalmalardan qaçmasına baxmayaraq, istehlakı artırmaq öhdəliyi ilə yanaşı, daşınmaz əmlak sektoruna daha böyük dəstəyin olacağı siqnalını verdilər.
Londonun ICE Futures birjasında saat 9:10-a Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti bir barel üçün 82,95 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekunu ilə müqayisədə 21 sent (0,25%) çoxdur.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində sentyabr ayı üçün WTI markalı neftin fyuçerslərinin kotirovkaları qeyd edilən vaxta 24 sent (0,3%) artaraq bir barelə görə 78,98 dollar təşkil edib.
Velandera Energy Partners-in idarəedici direktoru Maniş Rajın sözlərinə görə, mövcud vəziyyətə yayda ABŞ-da artan tələb, Çində güclü iqtisadi canlanma və təklifin məhdud olaraq qaldığı Hindistanda tələblə bağlı müsbət proqnozlar bazarı tətikləyir.
Goldman Sachs Group analitikləri hesab edirlər ki, yaxın perspektivdə rekord yüksək tələb bazarda əhəmiyyətli neft qıtlığına və ilin sonuna kimi Brent qiymətlərinin 86 dollar/barelə qədər artmasına səbəb olacaq.
Bu arada, neft-mədən xidmətləri şirkəti Baker Hughes-un məlumatları göstərdi ki, ABŞ-da aktiv qazma qurğularının sayı ötən həftə ərzində 7 ədəd azalaraq 530-a düşüb.