Neft birjalarında eniş davam edir (06.07.2023)
Əsas neft qiymətləri bugün yenə azalır. ENA.az xəbər verir ki, Londonun ICE Futures birjasında saat 9:20-a Brent markalı neftin sentyabr fyuçerslərinin dəyəri 76,40 dollar/barel təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,25 dollar (0,32%) aşağıdır.
Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda avqust ayı üçün WTI markalı neftin fyuçerslərinin qiyməti bu vaxta qədər 6 sent (0,08%) azalaraq bir barelə görə 71,73 dollar təşkil edib.
Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salmanın "OPEC+"un neft bazarını dəstəkləmək üçün lazım olan hər şeyi edəcəyi barədə açıqlamaları bazarda sərt ucuzlaşmanın qarşısını almağa müəyyən qədər təsir edir.
Bazar ertəsi Səudiyyə Ərəbistanı avqust ayında gündəlik 1 milyon barel həcmində neft hasilatının könüllü azaldılmasını uzadacağını açıqlayıb. Belə ki, avqustda ölkədə neft hasilatı təxminən 9 milyon barel səviyyəsində qalacaq.
Bu arada, Amerika Neft İnstitutunun (API) məlumatına görə, ABŞ-ın neft ehtiyatları keçən həftə 4,38 milyon barel azalıb.
Ölkənin Energetika Departamentindən rəsmi məlumatlar çərşənbə axşamının ABŞ-da qeyri-iş günü olması səbəbindən həmişəkindən bir gün gec, cümə axşamı saat 19.00-da açıqlanacaq. “Trading Economics”in sorğusuna qatılan ekspertlər orta hesabla neft ehtiyatlarının təxminən 1 milyon barel azalacağını proqnozlaşdırırlar.