Azərbaycan banklarının aktivləri azalıb. 5 aylıq nəticələr
1 İyun 2023-cü il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 45 milyard 921,8 milyon manat məbləğində qiymətləndirilir. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, yalnız may ayında bankların aktivləri 0,7% və ya 339,1 milyon manat artıb.
ENA.az xəbər verilr ki, 31 dekabr 2022-ci il tarixinə bankların aktivləri 47 milyard 54,9 milyon manat idi. Beləliklə, ötən beş ayda bankların aktivləri 2,4% azalıb.
5 ay ərzində bankların Mərkəzi Bankdakı müxbir hesablarında olan vəsaitin həcmi 1,6 dəfə azalaraq 3 milyard 863,4 milyon manata düşüb. Mayın sonuna bankların kredit portfeli 5,4% artaraq 20 milyard 659,3 milyon manata çatıb.
Bankların ümumi kapitallaşması 3,8% artaraq 5 milyard 837,2 milyon manat olub.
Bankların öhdəlikləri 40 milyard 84,6 milyon manatdır. Bu isə 3,3% azalma deməkdir. Ən böyük azalma Mərkəzi Bank qarşısında bankların öhdəliklərində qeydə alınıb - 2 dəfə! Nəticədə öhdəliklər 107,7 milyon manat kiçilib. Banklarda depozit portfeli 3,2% azalma ilə 32 milyard 678,7 milyon manata enib. Ərimə əsasən hüquqi şəxslərin tələbli depozitlərində müşahidə edilib və əhalinin əmanətləri isə əksinə 5,7% artımla 12 milyard 143 milyon manata çatıb.